Məhkəmə qərarları › İş №2(103)-974/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-974/2022

28.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-974/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-2023/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 9510 manat ödənilmiş məbləğ, evin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 2500 manat və ev əşyalarını küçəyə atması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 5000 manat və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-2023/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2810 (iki min səkkiz yüz on) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat, həmçinin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evindən unitaz, qızdırıcı, seyf qapı, hamam metlaxı, su borusunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, rayon məhkəməsi işin hallarına düzgün qiymət verməmişdir. Bu səbəbdən, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış hissə-hissə ödəmək şərti ilə 15.000 manata almış, həmin evdə təmir bərpa işləri aparmış, müəyyən müddət ödəmələr etsə də, sonra çətinlik səbəbindən ödəmələrdə ləngimə olmuş, cavabdeh bundan istifadə edərək zorla evi ondan geri almış və başqa adama satmışdır, iddiasında evə görə ödədiyi 9510 manatı, evin təmirinə çəkdiyi 2500 manat xərci, bir də evindən cavabdeh tərəfindən çölə atılan əşyaların dəyəri olaraq 5000 manat pulun ödənilməsini tələb etmiş, lakin rayon məhkəməsi işə düz baxmamışdır, odur ki, qətnamənin ləğv olunaraq iddiasının tam təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, o, evini iddiaçıya 15.000 deyil, 25.000 manata satmış, iddiaçı pulun bir hissəsini vermiş, qalan hissəsini verməmiş, onu get-gələ salmış, üç ilə yaxın onun evində yaşamışdır, rayon məhkəməsi də onun yaşadığı müddəti haqlı olaraq kirayə puluna hesablamış, qalan məbləği də tutmuşdur, onun evi əslində təmirli olmuşdur, o hazırda həmin evi başqa adama satmışdır, evi də iddiaçı özü ona təhvil vermişdir, çünki ödəmə edə bilmirdi, evdə quraşdırdığı şeyəri də çıxarıb apara bilər, həmin əşyaları quraşdırarkən onun razılığı alınmamışdır, odur ki şikayətin təmin edilməməsinin xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan AR-İ 656638 saylı, xx.xx.2018-ci il tarixli etibarnamədən müəyyən olunur ki, Cavabdeh Qala qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair sənədləşmə, tikinti işlər aparma, həmin sahəni və tikintini özəlləşdirməvə dair və sair bir sıra hüquqları İddiaçı 81 il müddətinə və xx.xx.2099-cu il tarixə kimi etibar etmişdir (i/v 12). Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis mayoru İman İmranovun xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından məlum olur ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən evi Cavabdeh 15.000 manata aldığını, 10.000 manatı ödədiyini, 5000 manat borcu qaldığını bildirmiş, Cavabdeh isə evi 25.000 manata kreditlə satdığını, İddiaçı borcu gecikdirdiyi üçün hazırda ondan evdən çıxmağını tələb etdiyini, buna görə evin qaz və işıq xəttini kəsdiyini bildirmişdir. Həmin araşdırma zamanı tərəflər bildirmişlər ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilidə 2017-ci ilin noyabr ayından 2020-ci ilin may ayınadək yaşamış, bu müddət ərzində aylıq pul vəsaiti ödəməklə, orada yaşamışdır. Cavabdeh ilə İddiaçı adlarından olan cədvəldə qeyd edilmişdir ki, 2017-ci ilin noyabr ayından 2020-ci ilin may ayınadək İddiaçı tərəfindən cəmi 9510 manat pul vəsaiti Cavabdeh verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli 4/903 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 10-cu vərəqində Cavabdeh ilə İddiaçı adlarından olan cədvəlin “Cavabdeh” hissəsində “oktyabr, noyabr, dekabr, yanvar, fevral” ayları qarşısındakı “300” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2022-ci il tarixli 10/1439 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evində iddiaçı tərəfindən aparılan təmir- bərpa işlərinin ümüumi dəyəri təqribən 4445,0 manat təşkil edir. Rəydə həmçinin həmin fərdi yaşayış evində iddiaçı tərəfindən quraşdırılmış unitazın, qızdırıcı sistemin (kombi), seyf qapının təyinatına xələl gətirilmədən çıxarılmasıgötürülməsi mümkündür, lakin hamama vurulmuş metlağın, eləcə də çəkilmiş su borularının təyinatına xələl gətirilmədən çıxarılması-götürülməsinin mümkün olmadığı müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin izahatı, mülki iş materiallarında Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis mayoru İman İmranovun xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarında tərəflərin izahatına əsasən tərəflər arasında özbaşına tikilinin alqı-satqısına dair razılaşma olması hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Halbuki Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hazırkı halda tərəflər arasında daşınmaz əmlaka dair etibarsız əqdin olduğu, bunun nəticəsində isə cavabdehin əsassız varlandığı müəyyən olunur. Belə olan halda məlum olur ki, tərəflər arasında olan hazırkı mübahisə etibarsız əqdin nəticələri tətbiq edilməklə və MM-in 1091 və 1092-ci maddələrinin tələblərinə əsasən həll edilməlidir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Rayon məhkəməsi tərəflər arasında olan münasibətləri kirayə münasibəti kimi şərh etmiş, nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı özbaşına tikilinin alqı-satqısına dair razılaşmaya əsasən cavabdehə 9510 manat ödədiyini bildirsə də, məhz həmin məbləğin ödənilməsinin təsdiq edən mötəbər sayıla biləcək sübut verməmişdir. Rayon məhkəməsi tərəfindən iddiaçı tərəfindən cavabdehə hissələrlə ödənilən pul vəsaitinin məbləğinin 8010 manat olduğu müəyyən olunmuşdur. Hazırda Məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehə ödənilən məbləğin rayon məhkəməsi tərəfindən müəyyən edilən 8010 manat olması ilə razılaşır. İddiaçı bundan artıq ödəməsinin sübut edə bilmir. İddiaçı evin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 2500 manat tələb etmişdir. Cavabdeh bununla razılaşmır və bildirir ki, onun evi təmirli olmuşdur, başlıcası isə iddiaçı onun razılığı olmadan həmin işləri görmüşdür. Cavabdeh evin iddiaçıya verilərkən təmirli olmasını sübut edə bilmir. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən bunu sübut etmək onun üzərinə düşür. Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2022-ci il tarixli 10/1439 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evində iddiaçı tərəfindən aparılan təmir- bərpa işlərinin ümumi dəyəri təqribən 4445,0 manat təşkil edir. Eyni zamanda, rəylə həmin fərdi yaşayış evində iddiaçı tərəfindən quraşdırılmış unitazın, qızdırıcı sistemin (kombi), seyf qapının təyinatına xələl gətirilmədən çıxarılmasıgötürülməsinin mümkü olduğu, lakin hamama vurulmuş metlağın, eləcə də çəkilmiş su borularının təyinatına xələl gətirilmədən çıxarılması-götürülməsinin mümkün olmadığı müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, təmir xərcinə dair hissədə iddia tələbi 2500 manat olduğundan, bu tələb həmin həddə, yənin 2500 manat hissədə təmin edilməlidir, eyni zamanda həmin ekspert rəyində iddiaçı tərəfindən quraşdırılmış unitazın, qızdırıcı sistemin (kombi), seyf qapının təyinatına xələl gətirilmədən çıxarılması-götürülməsinin mümkün olduğu müəyyən edildiyindən, qeyd edilən əşyalar da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən ev əşyalarını küçəyə atması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 5000 manat tələb etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Belə olan halda, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə də aparılmış apellyasiya araşdırmaları ilə müəyyən olunmuşdur ki, hazırkı mülki iş üzrə tərəflər arasında cavabdehə məxsus özbaşına tikilinin alqı-satqısına dair razılıq olmuş, tərəflər ödəmənin hissə-hissə olacağına dair razılığa gəlmiş, mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı mənzildə təmir işləri aparmış, iddiaçı 2017-ci ilin noyabr ayından 2020-ci ilin may ayınadək həmin mənzildə yaşamış, sonradan ödənişlərin edilməsində ləgimələr yaranmış, bu zəmində tərəflər arasında mübahisə baş vermiş, cavabdeh iddiaçıdan mənzili geri almış, (hazırda onu başqa şəxsə satdığını bildirir) iddiaçı həmin mənzilə görə ödədiyi pulunu, eləcə də təmirə çəkdiyi xərcləri və əşyalarının çölə atılması nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini istəyir. Belə olan halda məlum olur ki, rayon məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mövcud münasibətləri düzgün qiymətləndirə bilməmiş, tam, hərtərəfli və obyektiv araşdırmanı təmin etməmiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. MPM-in 385-ci maddəsində məhkəmə aktlarının apellyasiya qaydasında ləğv olunmasının əsasları müəyyən olunmşdur.Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasi həmin əsaslara aiddir. MPM-in 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən evə görə ödənilmiş 8010 manat və təmirə çəkdiyi xərcin əvəzi olaraq 2500 manat olmaqla cəmi 10.510 (on min beş yüz on) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddiaçı tərəfindən quraşdırılmış unitaz, qızdırıcı sistem (kombi), seyf qapı cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş (30+15=45) 45 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-2023/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh (8010+2500=10.510) 10.510 (on min beş yüz on) manat məbləğində pul vəsaiti, ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu və qızdırıcı sistem (kombi), unitaz, seyf qapı alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh alınaraq ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar