Məhkəmə qərarları › İş №2(103)-9753/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9753/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9753/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh1 nümayəndəsi X5 iştirakı ilə, iddiaçı “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kreditə görə faizlərin ödənilməsi ” tələbinə (apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası ərizəsinə) dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1169/2011 nömrəli işi üzrə 07 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Suraxanı Rayon Məhkəməsinin 04.05.2011-ci il tarixli, 2(010)-1169/2011 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməklə, əsas borc kimi, 8326 ABŞ dolları, faiz borcu kimi 1772 ABŞ dolları, cərimə kimi 50 ABŞ dolları, cəmi 10148 ABŞ dolları məbləğində pul qətnamənin icra edildiyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “FİNCA” X1 Qeyri Bank Kredit Təşkilatının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Cavabdeh1 29.09.2020-ci il tarixdə əldə etdiyi qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 04.05.2011-ci il tarixli, 2(010)-1169/2011 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh1 31.05.2021-ci il tarixində ərizə ilə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin 04 may 2011-ci il tarixli, 2(010)-1169/2011 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş və tərəfindən ötürülmüş müddətin üzürlü səbəblərdən ötürülməsi nəzərə alınaraq bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1169/2011 nömrəli 07 iyul 2021-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 133.5, 363.1.3-cı maddələrinə istinadən) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1169/2011 nömrəli iş üzrə qəbul etdiyi 04 may 2011-ci il tarixli qətnaməsindən şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh1 tərəfindən verilmiş ərizənin təmin olunmaması və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1169/2011 nömrəli iş üzrə qəbul etdiyi 04 may 2011-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, icra işin materiallarından görünür ki, Cavabdeh1 iş üzrə Suraxanı Rayon Məhkəməsinin 04.05.2011 -ci il tarixli, 2(010)-1169/2011 tarixli qətnaməsi icra olunması üçün Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və 06.08.2015-ci il tarixdə Suraxanı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən izahatı alınmışdır. Bununla əlaqədar müəyyən olunmuşdur ki, Cavabdeh1 məhkəmənin qətnaməsindən xəbəri olmuş lakin, sonradan 11.09.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin surətini 29.09.2020ci il tarixdə qəbzə qol çəkərək almışdır Cavabdeh1 apellyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1169/2011 saylı 07 iyul 2021 -ci il tarixli qərardadının ləğv edilməsini, Suraxanı rayon Məhkəməsinin 04 may 2011-ci il tarixli, 2(010)-1169/2011 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş və tərəfindən ötürülmüş müddətin üzrlü səbəblərdən ötürülməsi nəzərə alınaraq bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş edilməsi xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəlləsinin 128.1, 129.1, 130, 133.1, 133.2, 133.3, 360-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Qanunvericiliyin tələbindən də göründüyü kimi məhkəmə 1 aylıq müddətin buraxılma səbəbini üzürlü hesab edərsə həmin müddəti bərpa edilməsi barədə nəticəyə gəlmək səlahiyyətinə malikdir ki, hazırkı iş üzrə də hesab edir ki, məhkəmənin qeyd olunan səlahiyyətindən istifadə etməsi üçün əsas yaranmışdır.Belə ki, mülki iş materialları ilə də aydın olacaqdır ki, qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. Təqdim edilmədiyindən də həmin qətnamədən məlumatsız olmuş, şikayət verməmişdir. Halbuki həmin qətnamənin ləğvi ilə bağlı əsaslar da olmuşdur. Belə ki, kredit müqaviləsi tərəfindən ümumiyyətlə imzalanmamışdır ki, bunu ona apellyasiya şikayəti vermək hüququ təmin ediləcəyi təqdirdə də sübut etmək mümkündür.Birinci instansiya məhkəməsinin qərardadında istinad olunan müddətin keçməsi ilə bağlı əsas hal onunla bağlıdır ki, icra şöbəsi tərəfindən izahatı alındığı zaman bu barədə məlumatlı olmağı barədədir.Yalnız İcra şöbəsində vermiş olduğu izahat əsasında qətnamədən rəsmi qaydada məlumatlı olmağı barədə nəticəyə gəlməsi hesab edir ki, hüququnun pozulmasıdır. Belə ki, icra şöbəsində ondan izahat alınarkən ümumiyyətlə məsələdən xəbərdar olmamışdır. Məntiqi olaraq da, məlumatlı olmuş olsaydı imzalamadığı müqavilənin öhdəliyini daşımamağı barədə iddia irəli sürmüş olardı. Halbuki, icra şöbəsində imzalama formal xarakter daşımış, heç bir hüquq və vəzifələri izah edilməmiş, nəyə imza atdığı, imzanın nəticələri, hansı iş üzrə işinə baxıldığı barədə məlumatlandırma həyata keçirilməmişdir. Hüquqi savadının olmamağı nəticəsində də başına belə bir hadisə gəlmişdir. Halbuki, izahatın verilməsi zamanı bütün məsələlər, qəbul olunan qətnamə, ondan şikayət verilmə qaydası və s izah edilmiş olsa idi, apellyasiya şikayətini bugün yox, həmin vaxt verərdi. Eyni zamanda, mülki prosesusal qanunvericiliyin tələbindən də göründüyü kimi qətnamədən şikayət vermə müddəti onun rəsmi qaydada təqdim edildiyi vaxtdan hesablanır ki, icra işində həmin qətnamənin olmağı və s bu rəsmi qaydada təqdim edilmə hesab edilmir. Qətnamə əldə edildikdən sonra onun mahiyyəti, nə ilə bağlı olması, ondan hara necə, hansı qaydada şikayət verilməli olması barədə məlumat əldə etmək olur. Təbii haldır ki, icraatında minlərlə işi olan icra məmurundan bütün bunları oturub bir-bir izahat edəcəyi inandırıcı səslənmir.Qətnamənin icra ediləcəyi təqdirdə heç bir günahı olmadan çox böyük maddi məsuliyyət daşımalı olacaqdır. Qeyd olunan məbləğin ödənilməsi maddi cəhətdən çox çətin bir vəziyyətə salacaqdır. Heç vaxt üzünü görmədiyi müqavilədə onun adından imza çəkilməsi, onu belə bir çətin vəziyyətdə salmamalıdır. Barəsində borcun silinməsini istəmir. Tək istəyi, borcunun silinməsi ilə bağlı işə mahiyyəti üzrə baxılmasına ona şərait yaratmaqdır ki, ədalət bərqərar olsun və həqiqətən də müqaviləni imzalamadığı ortaya çıxmış olsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1169/2011 nömrəli 06.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək,cavabdehin kredit müqaviləsini imzalanmadığını, onlara aid sənədlərin yaxın birində olduğunu və həmin şəxsin sənədlərdən istifadə edərək kredit əldə etdiyini, icra şöbəsində ondan izahat alınarkən ümumiyyətlə məsələdən xəbərdar olmadığını, müddətin ötürülməsinə səbəbin həmin dövrdə övladını itirməsi ilə bağlı olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatının və Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayyətçinin diqqətinə çatdırılmalıdır ki, ərizəçinin dəlilləri ümumi səciyyə daşıyır və sübuta yetirilmir, habelə şəxsin hüquqları barədə məlumatlı olmalı-olması, habelə ötürülən müddətin ağlabatan meyyarlarına əks-mütənasib kifayət qədər uzun olması, dispozitiv imkandan sui-istifadəyə şərait yaradan amil kimi qiymətləndirilərək üzrlü hesab edilməsinə əsas verə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,. q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1169/2011 nömrəli 07 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar