Məhkəmə qərarları › İş №2(103)-976/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-976/2025

08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-976/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi (anası) Nümayəndə iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4293/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə təhvil verilmiş 35654305 nömrəli elektron nəzarət vasitəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 2.277,40 manat pulun Cavabdeh tutularaq Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************, səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN **********1) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-4293/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Vahid Hacıyev) ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə təhvil verilmiş 35654305 nömrəli elektron nəzarət vasitəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 2.277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pulun Cavabdeh tutularaq Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************, səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN **********1) ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, bildirmişdir ki, o, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)- 517/2022 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cümaddəsinə əsasən qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası İddiaçınə həvalə edilmiş və qanunun tələbinə uyğun olaraq cəza çəkdiyi müddət ərzində üzərində elektron nəzarət vasitəsini gəzdirməsi öhdəliyi qoyularaq qeyd olunan elektron nəzarət vasitəsi ona quraşdırılmışdır. Guya tərəfindən qeyd olunan tələblərin pozulması əsası ilə polis əməkdaşları tərəfindən 2023-cü ilin oktyabr ayında tutularaq üzərində olan elektron nəzarət aparatı çıxarılaraq anasına verilmiş və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Beləliklə, elektron nəzarət aparatı o, tutulduqdan bir həftə sonra anası tərəfindən İddiaçınə təhvil verilmiş və təhvil verilən zaman qeyd olunan aparatda hər hansı zədə olması və ya işləməməsi barədə anasına heç bir irad bildirilməmişdir.

4. Bununla belə, qeyd etdiyi kimi icra məmurunun bildirməsinə görə ona icra tələblərini pozmağı, yəni müəyyən edilmiş vaxtdan sonra evdən çıxmağı üzərində işlək vəziyyətdə olan elektron nəzarət aparatı vasitəsi ilə müəyyən edilmiş və həmin aparat da işlək vəziyyətdə olarkən onu tutan polis əməkdaşları tərəfindən çıxarılaraq anasına təhvil verilmiş, anası da olduğu vəziyyətdə icra məmuruna təhvil vermişdir. Buna baxmayaraq, onun tutulduğu vaxtdan, yəni oktyabr 2023-cü il tarixdən 1 ilə yaxın vaxt və azadlığa cıxdığı 2024-cü ilin fevral ayından 7 ay keçdikdən sonra guya qeyd olunan aparatın yararsız hala salmağı qeyd olunaraq aparatın məbləğinin ondan tutulması barədə iddia qaldırılmışdır.

5. Birinci instansiya məhkəməsi də heç bir əsas olmadan əsassız iddianı təmin edib maddi zərərin əvəzi olaraq 2.277,40 manat pulun ondan tutularaq Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına ödənilməsi barədə qətnamə qəbul etmişdir.

6. Beləliklə, qeyd etdiyi kimi elektron nəzarət vasitəsinin onun tərəfindən yarasız vəziyyət salınmaması, o, tutularkən işlək vəziyyətdə olması, (icra məmurunun həmin nəzarət vasitəsilə onun icra tələblərini pozmağını müəyyət etdiyini halda), anası tərəfindən təhvil verilərkən yararsız vəziyyətdə olmuşdursa bununla bağlı akt tərtib edilməməsi, iddianın həmin zaman deyil, 1 il sonra qaldırılmasını nəzərə alaraq qeyd olunan iddianın və bununla bağlı qəbul edilmiş qətnamənin əsassız olmasını nəzərə alaraq ləğv edilməsini xahiş edir. İddiaçı iddiasını təsdiq edəcək kifayət qədər sübut məhkəməyə təqdim etməmiş, buna baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilmiş, nəticədə prosessaul hüquq normaları da pozulmaqla qətnamə qəbul edilmişdir. Hesab edir iş üzrə düzgün nəticəyə gəlinməsi üçün "xxxx" QSC tərəfindən verilmiş elektron nazarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli ED 000447 nömrəli texniki rəylə kifayətlənməməli, məhkəmə tərəfindən qeyd olunan halın müəyyən edilməsi üçün xüsusi bilik tələb edən müvafiq ekspertiza təyin edilib rəyi alınmalı idi. Odur ki, qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, o, yapışqanları mobil quğuya özü yapışdırmışdır ki, yerə düşsə də, qurğu sınmasın.

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi (anası) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, qurğunu o tam işlək vəziyyətdə təhvil vermiş, ona həmin vaxt hansısa bir irad bildirilməmişdir.

9. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

10. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-517/2022 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir.

12. xx.xx.2023-cü il tarixdə İddiaçı böyük icra məmuru Ruhiyyə Məmmədova tərəfindən məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və Cavabdeh üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir.

13. xx.xx.2023-cü il tarixli aktla Attenti markalı 35654305 nömrəli elektron nəzarət vasitələri məhkum Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları Cavabdeh izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir.

14. İcra məmurunun təqdimatına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(004)-107/2023 nömrəli qərarı ilə məhkum Cavabdeh cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir.

15. "xxxx" QSC tərəfindən verilmiş elektron nazarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli ED 000447 nömrəli texniki rəydən müəyyən edilir ki, İddiaçı tərəfindən məhkum Cavabdeh tətbiq edilmiş 35654305 seriya nömrəli Attenti V6 mobil qurğusunun plastik qapaqlarına yapışqan vurulub. Ana plata plastikə yapışıb. Təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır.

16. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli ED-M-96-21 nömrəli məktubundan müəyyən edilir ki, Attenti markalı 35654305 nömrəli elektron nəzarət vasitəsinin dəyəri 1.930 manat və 347,40 manat ƏDV olmaqla, cəmi 2.277,40 manat təşkil edir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-976/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə kompütertexniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “1. Cavabdeh tətbiq edilmiş 35654305 seriya nömrəli Attenti V6 mobil qurğusu istifadəyə yararsızdırmı? 2. Cavabdeh tətbiq edilmiş 35654305 seriya nömrəli Attenti V6 mobil qurğusunun plastik qapaqlarına yapışqan vurulması, ana platanın plastikə yapışması onun istifadəyə tam yararsız olmasına gətirib çıxara bilərdimi?” 35654305 seriya nömrəli Attenti V6 mobil qurğusunun ekspertlərə təqdim edilməsinin İddiaçı tərəfindən təmin edilməsi, ekspertizanın keçirilməsi “X1”nin mütəxəssislərinə həvalə edilmişdir.

18. “X1”nin xx.xx.2025-ci il tarixli, 21 nömrəli məlumatına əsasən, mütəxəssis qarşısında qoyulmuş sualların həlli, 35654305 seriya nömrəli Attenti V6 mobil qurğusuna hər hansı bir ziyanın dəyib-dəyməməsi, mobil cihazların təmiri ilə məşğul olan şəxslər tərəfindən müəyyən edilə bilər. Belə ki, Mərkəzdə hal-hazırda bu sahədə mütəxəssis olmadığına görə qoyulmuş suallar üzrə tədqiqat aparılıb rəy verilməsi mümkün deyildir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-976/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı icrasız saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin

23. 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir.

24. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir.

26. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.

27. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

28. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” qaydaları

29. 1. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə aşağıdakı elektron nəzarət vasitələri tətbiq edilə bilər:

30. 1.1. elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Elektron qolbaq üçüncü şəxslər tərəfindən paltar altında görünməməsi üçün kiçik və yüngül olmalı, nəzarət subyektinə zərər verməyəcək materialdan hazırlanmalı, onun gündəlik fəaliyyətinə çətinlik yaratmamalı, enerji ehtiyatı indikatoru, kilidin açılması, kəmərin kəsilməsi, fiziki və proqram müdaxiləsi detektorları, vibrasiya xəbərdarlıq siqnalı ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini dəstəkləməli, zərbəyə, suya, toza, habelə hərarət və hündürlüyün dəyişməsinə qarşı dözümlü olmalı, uzun müddətdə fasiləsiz işləmək üçün enerji ehtiyatını saxlamalıdır. Müstəqil işləyən elektron qolbaq, həmçinin şəbəkə indikatoru, habelə GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları, nəzarət qurğuları ilə kompleksdə işləyən elektron qolbaq isə həmin qurğulardan uzaqlaşması detektorları ilə təmin edilməlidir;

31. 1.2. mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. Mobil nəzarət qurğusu cibdə yerləşməsi üçün kiçik və yüngül olmalı, enerji ehtiyatı və şəbəkə indikatorları, şəbəkədən ayrılması, qolbaqdan uzaqlaşması, fiziki və proqram müdaxiləsi detektorları, səs və vibrasiya xəbərdarlıq siqnalı, habelə biometrik eyniləşdirmə vasitələri ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini, interaktiv xəritəni dəstəkləməli, GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data və səs əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin edilməlidir;

32. 7.4. İzləmə şərtlərində edilmiş dəyişikliklərdən asılı olaraq, elektron nəzarət vasitələrinin dəyişdirilməsi də tələb oluna bilər. Belə dəyişikliklər yalnız daimi ola bilər. Bu halda, elektron nəzarət vasitələri bu Qaydaların 8-ci hissəsinə müvafiq olaraq çıxarılır və 5-ci hissəsinə müvafiq olaraq yenisi bağlanılır.

33. 7.5. Tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur.

34. 8.1. Şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, azadlığın məhdudlaşdırılmasının və ya ev dustaqlığının müddəti bitdikdə, ləğv edildikdə elektron nəzarət vasitəsi icra məmuru (probasiya üzrə) və ya polis orqanı tərəfindən birdəfəlik çıxarılır.

35. 8.2. Aşağıdakı hallarda elektron nəzarət vasitəsi nəzarət subyektinin üzərindən icra məmurunun (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsinin əsaslandırılmış qərarı ilə müvəqqəti çıxarılır:

36. 8.2.1. tibb müəssisəsinin rəyinə əsasən nəzarət subyektinə tibbi yardım göstərilməsi zərurəti olduqda;

37. 8.2.2. barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə;

38. 8.2.3. barəsində həbs növündə qətimkan tədbiri seçildikdə;

39. 8.2.4. nəzarət subyekti alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə.

40. 8.2-1. Bu Qaydaların 8.2.1-8.2.4-cü yarımbəndlərində qeyd olunan hallar aradan qalxdıqda və bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallar olmadıqda, elektron nəzarət vasitəsi şəxsə yenidən tətbiq olunur.

41. 8.3. Elektron nəzarət vasitəsinin çıxarılması üçün onun monitorinq mərkəzində deaktiv edilməsi və izləmə sessiyasının bağlanılması tələb olunur.

42. 8.4. Elektron nəzarət vasitələri çıxarıldıqda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi onun texniki vəziyyətini yoxlayır və mövcud olan bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər barədə akt tərtib edir.

43. 8.5. Birdəfəlik çıxarılmış elektron nəzarət vasitələri onun texniki vəziyyəti barədə aktla birlikdə monitorinq mərkəzinə göndərilir.

44. 8.6. Monitorinq mərkəzində çıxarılmış elektron nəzarət vasitələrinin texniki vəziyyəti qiymətləndirilir və avadanlıq bərpa olunması və digər nəzarət subyektinə bağlanılması məqsədi ilə hazırlanması üçün aidiyyəti üzrə təhvil verilir.

45. 9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminə toplanılan izləmə məlumatları elektron nəzarət vasitələrinin tətbiqi müddəti bitdikdən sonra arxivləşdirilir, 6 ay keçdikdən sonra isə ləğv olunur.

46. 9.2. İzləmə zamanı baş verən hadisələr, onların səbəbləri və aradan qaldırılması müddəti, habelə izləmə şərtlərinin və elektron nəzarət vasitələrinin dəyişməsi barədə hesabat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminə ötürülür və orada 15 il saxlanılır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

51. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

52. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

53. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

54. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

57. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

58. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

59. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

60. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

61. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

62. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi

63. Maddə 156-1.4. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

64. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

66. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, mülki iş materiallarını apellyasiya şikayətinin dəlillərinə əsasən araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

67. İddiaçı hazırkı tələbində cavabdehin elektron qurğunu sıradan çıxarmasına istinad edərək, həmin qurğunun dəyərini tələb edir.

68. İddiaçı hazırkı tələbi ilə bağlı sübut kimi "xxxx" QSC tərəfindən verilmiş elektron nazarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli ED 000447 nömrəli texniki rəyini təqdim etmişdir. Həmin rəyin surətindən görünür ki, İddiaçı tərəfindən məhkum Cavabdeh tətbiq edilmiş 35654305 seriya nömrəli Attenti V6 mobil qurğusunun plastik qapaqlarına yapışqan vurulub. Ana plata plastikə yapışıb. Təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır (i/v 10).

69. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.2-ci maddəsinə əsasən, elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

70. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” qaydalarının Qaydaların 8.4-cü bəndinə görə, elektron nəzarət vasitələri çıxarıldıqda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi onun texniki vəziyyətini yoxlayır və mövcud olan bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər barədə akt tərtib edir.

71. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, 2023-cü ilin oktyabrında polis əməkdaşları tərəfindən qurğu çıxarılaraq anasına verilmiş, anası da bir həftə sonra qurğunu iddiaçıya təhvil vermiş, həmin vaxt qurğunun işləməməsi barədə irad bildirilməmişdir.

72. Hazırkı halda 2023-cü ilin oktyabrında cavabdehdən çıxarılan qurğunun təhvil alınması zamanı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” qaydaların 8.4-cü bəndinin tələblərinə uyğun olaraq akt tərtib edilməmiş, iddiaçının istinad etdiyi rəy isə qurğunun çıxarılmasından üç ay sonra, xx.xx.2024-cü ildə tərtib edilmiş, hazırkı iddia tələbi ilə isə qurğunun çıxarılmasından bir ilə yaxın müddət sonra xx.xx.2024-cü ildə məhkəməyə müraciət edilmişdir.

73. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

74. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

75. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə cavabdehdən qurğunun çıxarıldığı vaxt ona cavabdeh tərəfindən zədə vurulması və İdarəyə təhvil verilməsi zamanı Qaydaların tələblərinə uyğun olaraq, müvafiq akt tərtib edilməmişdir. İddiaçının istinad etdiyi, qurğunun cavabdehdən götürüldüyü tarixdən üç ay sonra verilmiş xx.xx.2024-cü ildə tərtib edilmiş rəy isə həmin qüsurun bilavasitə cavabdeh tərəfindən vurulmasını, yəni onun təqsirli olmasını sübuta yetirmir.

76. İddia tələbini təmin edən rayon məhkəməsi MPM-in 14.1 və 88-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerində müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən, həmin zədənin cavabdeh tərəfindən edilməsi barədə sübutları araşdırmadan iddianın təmin olunması barədə səhv qənaətə gəlmiş, öz mövqeyini maddi və prosessual hüquq normaları baxımından lazımi qaydada əsaslandırmamışdır.

77. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).

78. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

79. Hazırkı halda, iddiaçının iddia tələbi ilə bağlı mobil qurğuya cavabdeh tərəfindən zərər yetirilməsi barədə hər hansı sübut təqdim edilmədiyi halda rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə əbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticə:

80. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən hazırkı işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməmiş, prosessual hüquq normaları pozulmuş, eləcə də işin faktiki halları düzgün müəyyən olunmamış, nəticədə də düzgün olmayan qətnamə qəbul edilmişdir ki, buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

81. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 22 manat iddiaçıdan alınaraq cavabdehə ödənilməli, ekpertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır.

82. Hazırkı iddia tələbinin məbləği 2.277,40 manat təşkil etdiyindən MMP-in 402.1-ci maddəsinə əsasən, qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

83. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-4293/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat İddiaçındən alınaraq Cavabdeh ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar