Məhkəmə qərarları › İş №2(103)-9760/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9760/2021

01.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9760/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh X1 İdarəsinin nümayəndəsi Sovet Əliyevin iştirakı ilə, iddiaçılar X4, X2 və İddiaçı3 oğlunun cavabdehlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və X1 İdarəsinə qarşı “suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə maneələr yaradılmasının qadağan edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadından cavabdeh X1 İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçılar tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə təmin olunsun, iş mahiyyəti üzrə həll edilənədək Samur-Abşeron kanalının PK422+58 ərazisindən suvarma suyunun nasos stansiyası vasitəsilə iddiaçılar X4, X2 və İddiaçı3 oğlu tərəfindən götürülməsinə maneçilik törədilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, iddia ərizəsində tələb olunub ki, həmin nasos stansiyası vasitəsilə suvarma mövsümündə iddiaçılara aid olan torpaq sahəsinin suvarılmasına maneələr aradan qaldırılsın. Hazırkı mübahisə yaranana qədər iddiaçılar məhz nasos stansiyası vasitəsilə kanaldan suvarma suyu götürüblər. Buna əsas X1 İdarəsinin iddiaçı Altay Zülbalıyevə ünvanladığı 02.02.2007-ci il tarixli, 12 nömrəli məktub olub (iş v. 11). Məktubdan görünür ki, İdarə Samur-Abşeron kanalının PK422+58 ərazisindən suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə etiraz etmir. Lakin sonradan cavabdeh tərəf suvarma suyunun götürülməsinə maneə yaradıb, iddiaçılar isə hazırkı iddia ilə məhkəməyə müraciət edib. İddiaçılar suvarma suyundan istifdəyə verilmiş icazəyə əsaslanaraq özlərinə aid torpaq sahəsində meyvə ağacları əkiblər. Mübahisə həll edilənə qədər sudan istifadə edilməsinə maneə yaradılması iddiaçılara zərər vurulmasına səbəb ola bilər. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə maneçilik törədilməsini iddianı təmin etmə tədbiri kimi qadağan edib. Bu qadağa Mülki- Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin göstərişlərinə uyğundur. Beləliklə, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar