Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9769/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və Ziya Allahverdi oğu Şirinovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2021 saylı, 08.07.2021-ci il tarixli qərardadından İddiaçı şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1ə, Cavabdeh2nə qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçünü şəxs kimi göstərilməklə) “özbaşına tikilinin sökülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 (indiki 62) Cavabdeh2 MMC-nin rəhbəri Sahib Cavadovun tikinti fəaliyyətinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi 54,0 kv.m olmaqla 4 otaqlı mənzilin giriş dəhlizinin qəsdən qəzalı edilməsi nəticəsində iddiaçıya dəyən maddi zərərin müəyyən edilərək cavabdeh Sahib Cavadovdan tələb edilməsi, Cavabdeh2 MMC tərəfindən inşa edilən çıxıntılı binanın “B” tikilişinin yerləşdiyi torpaq sahəsinin altında və üstündə inşa edilən tikililərin qanunsuz hesab edilməsi və s. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli 2(005)-189/2021 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmçinin, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli 2(005)- 189/2021 saylı qərardadına əsasən, iddia təmin tədbiri olaraq cavabdehin inşa etdiyi binada yaşayış və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli qərardadından şikayət verərərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmini üçün öncədən məhkəmə tərəfindən tədbir görülməsinə dair ərizə ilə müraciət etmiş, iddia tələbinin əsasında söküləcək, ŞTM-nin 69-cü maddəsinin ara məsafəsi tələbini pozaraq, MMC-nin (cavabdehin) ona məxsus “B” tikilmə yaxın məsafədə, mənzilinin altında və üstündə inşa etdiyi yaşayış və qeyri-yaşayış tikili sahələrinin özgəniləşdirməsini, cavabdehə qadağan edilməsi tələb etmiş, lakin ərizəsi təmin edilməmişdir. Mənzilinin (“B” tikililəri) yaxınlığında, altında (yeraltı 2 mərtəbəli dayanacaq) və üstündə (13 mərtəbəli bina) tikilən obyekt və mənzillər digər vətəndaşlara satılacağı təqdirdə, gələcəkdə iddia tələbi təmin olunaraq, sözügedən tikililər sökülərsə, günahsız vətəndaşlara mülki ziyan dəyə bilər, mülkiyyət hüquqları məhdudlaşa bilər. İddia tələbinin icrası mümkünsüz ola bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2021 saylı, 06.09.2021-il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X3 şikayətin rədd olunmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Kollegiya, tərəfin nümayəndəsini dinləyərək, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamal, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2021 saylı, 08.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2-ci maddəsinin tələbinə görə isə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 158.1.1-ci və 158.1.2-ci maddələrinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Belə ki, özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhkəmənin qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun X7 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bundan başqa məhkəmə, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə alır. Sadalanan normaların məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin, gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Odur ki, Kollegiya 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2021 saylı, 08.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-9769/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9769/2021
29.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver