Məhkəmə qərarları › İş №2(103)-977/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-977/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-977/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-295/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş 3030 manat ziyanın “xxxx” ASC tərəfindən ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Nümayəndə əsl İddiaçı ilə əvəz edilməsini edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ilkin iddia ərizəsində tələbləri təmin etməklə yanaşı (ümumi dəymiş ziyan 30xx xxxxxxxx 3285 manata) avtomobilə dəymiş ziyanın həcmini 15xx xxxxxxxx 1755 manatadək artırılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, ilkin iddia ərizəsində tələbləri təmin etməklə yanaşı (ümumi dəymiş ziyan 32xx xxxxxxxx 3155 manata) avtomobilə dəymiş ziyanın həcmini 17xx xxxxxxxx 1625 manatadək azaldılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-295/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 1625 manat məbləğində dəymiş ziyan və 15 manat ödənilmiş dövlət rüsumunun tutulması, qalan hissədə iddia təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətindən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsi xx.xx.2018-ci il tarixində baş verməsinə baxmayaraq cəmiyyətə bu barədə məlumat xx.xx.2019-cu il tarixində verilmişdir. Bununla da cəmiyyət baş vermiş sığorta hadisəsinin araşdırılmasından və dəymiş zərərin müəyyənləşdirilməsi hüququndan məhrum olmuşdur. Baxmayaraq ki, səlahiyyətli dövlət orqanı baş vermiş yol-nəqliyyat hadisəsini qeydiyyata almışdır, lakin, səlahiyyətli dövlət orqanı və iddiaçı Azərbaycan Respublikasmm Mülki Məcəlləsinin 923.1 və 923.2- ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə cəmiyyətə baş vermiş hadisəni araşdırma və dəymiş zərəri müəyyənləşdirmək hüququndan məhrum olmuşdur. Praktikada dəfələrlə rast gəlinir ki, sığorta şirkəti hadisə ilə bağlı əmlakm qiymətləndirilməsini mümkün olan ən qısa müddətdə həyata keçirir, lakin hadisədən uzun müddət keçdikdən sonra hadisə barədə məlumat verildikdə hadisəni araşdırmaq mümkün olmadığı üçün sığorta ödənişinin verilməsindən imtina olunur. Hesab edir ki, cəmiyyət tərəfindən sığorta ödənişinin verilməsindən əsaslı şəkildə imtina olunmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hədləri qətnamənin əsaslığının cavabdehə münasibətdə yoxlanılmasını təşkil edir. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC tərəfindən İddiaçı və Nümayəndə Şahir oğluna ünvanlanmış 07/HS-663 nömrəli, xx.xx.2019-cu il tarixli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2018-ci il tarixində baş verməsinə baxmayaraq, Cəmiyyətə bu barədə məlumat xx.xx.2019-cu il tarixində verilmişdir. Bununla da, Cəmiyyət baş vermiş sığorta hadisəsinin araşdırılmasından və dəymiş zərərin müəyyənləşdirilməsi hüququndan məhrum olmuşdur. Baxmayaraq ki, səlahiyyətli dövlət orqanı baş vermiş yol nəqliyyat hadisəsini qeydiyyata almışdır, lakin səlahiyyətli dövlət orqanının nümayəndəsi və onlar AR Mülki Məcəlləsinin 923.1 və 923.2-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşlar. Nəticədə Cəmiyyət baş vermiş hadisəni araşdırma hüququndan məhrum olunmuşdur. Beləliklə qeyd olunanları nəzərə alaraq bildirirlər ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı onlara hər hansı bir sığorta ödənişinin verilməsi mümkün deyildir. Qax RPŞ-nin İstintaq Qrupunun baş müstəntiqi polis kapitanı X3 xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Opel Astra markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. HK-1/722 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət X8 «xxxx» ASC-yə ünvanlanmış 82735-1219 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “Mersedes 230” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2011-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. Qax Rayon Polis şöbəsinin xx.xx.2018-ci il tarixli, 189/HK- 1/722 №-li arayışından görünür ki, Qax RPŞ-nin Təhqiqat Qrupunda araşdırılması aparılmış və xx.xx.2018-ci il tarixdə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmiş HK- 1/722 saylı material üzrə zərurət aradan qalxdığı üçün Qax RPŞ-nin cərimə meydançasında saxlanılan «Mercedes-Benz» markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Nümayəndə təhvil verilməsinə və təmirinə etirazı yoxdur. Qax «Avtomotoservis və Ticarət» müəssisəsinin xx xxxxxx 2018-ci il tarixli, 127 nömrəli Aktından görünür ki, «Mercedes Bens» markalı 90 LH-328 dövlət nömrə nişanlı avtomaşına səkiləcək xərcin 1330 manat (o cümlədən: ehtiyat hissələri 840 manat, xidmət xərci 490 manat) olması təsdiq olunur. «xxxx» ASC-nin xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, «Mercedes Bens» markalı 90 LH-328 dövlət nömrə nişanlı avtomaşına 550 manat məbləğində zərər dəymişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1311 saylı rəyindən görünür ki, Qax «Avtoservis və ticarət» müəssisəsi tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli və «xxxx» ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1990-cı il buraxılışlı «Mercedes Bens» markalı 90 LH-328 dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1625 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən dövlət orqanlarına və sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh xx.xx.2018-ci ildə baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsindən imtina etməsinin səbəbini hadisə barədə xx.xx.2019-cu il tarixdə ASC-yə məlumat verilməsinə istinad etsə də, birinci instansiya məhkəməsində şahid qismində izahatı alınmış “xxxx” ASC-nin Qax rayonu üzrə sığorta agenti X4 izahatında bildirmişdir ki, sığorta hadisəsi baş verən gün, zərərçəkən şəxs ona zəng vuraraq yol-nəqliyyat hadisəsi baş verdiyini bildirmişdir, o da sığorta hadisəsi baş verən əraziyə getmişdir. Eyni zamanda sığorta hadisəsi baş verən zaman hadisə yerində dövlət orqanlarının nümayəndələri də iştirak etmişlər. Göründüyü kimi, “xxxx” MMC-nin baş vermiş sığorta hadisəsi barədə, hadisə baş verən gün məlumatı olmuşdur. Belə olan halda cavabdehin sığorta ödənişinin verilməsindən imtina etməsi üçün gətirdiyi dəlillər iş materialları və şahid ifadələri ilə təkzib edilir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-295/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar