Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9773/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələblərinə dair” mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(008)-4340/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(008)-2487/2017 nömrəli qətnaməsi ilə tərəflər arasında 22 fevral 2013-cü ildə Nizami rayon Qeydiyyat Şöbəsində 196 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin həmin nikahdan anadan olmuş 07 may 2014-cü il təvəllüdlü X4 adlı uşağı anası İddiaçı yanında qalmışdır. Həmin qətnamə ilə 07 fevral 2017-ci il tarixindən başlayaraq X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 137 (bir yüz otuz yeddi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Göründüyü kimi artıq həmin qətnamənin qət edilməsindən 4 il müddət keçmişdir. Belə ki, həmin vaxtı xeyrinə aliment tutulan uşağın 3 yaşı vardır. Lakin hazırda həmin uşağın 7 yaşı vardır və uşaq artıq orta ümumtəhsil məktəbində oxuyan şagirddir. Əlbətdə ki, belə olan halda oğlu Cəfərin saxlanılması xərcləri də kəskin artmışdır. İddiaçı həmin uşağın anası olaraq imkanı daxilində çalışır ki, oğlu ehtiyac içində böyüməsin. Lakin hesab edir ki, uşağın doğma atası Cavabdeh iddiaçı ilə bərabər uşağının xərclərinin qarşılanmasında mütləq iştirak etməlidir. Cavabdehin hazırda rəsmi iş yerinin olması və aylıq gəliri barədə məlumatı yoxdur. Odur ki, məhkəmədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 aprel 2017-cı il tarixli, 2(008)-2487/2017 nömrəli qətnaməsi ilə 07 fevral 2017-ci il tarixindən başlayaraq 07 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 137 (bir yüz otuz yeddi) manat məbləğində tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh hazırkı iddia üzrə çıxarılacaq məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi andan başlayaraq 07 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul şəklində 175 (bir yüz yetmiş beş) manat məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(008)- 4340/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(008)-2487/2017 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 07 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin heç bir yerdə işləməməsi və əvvəlki nikahından olan övladına da 140 manat aliment ödəməsi, cavabdehdən hər iki uşağa eyni məbləğdə aliment tutulması üçün əsas deyildir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 aprel 2017-cı il tarixli, 2(008)- 2487/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2013-cü ildə Nizami rayon Qeydiyyat Şöbəsində 196 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin həmin nikahdan anadan olmuş 07 may 2014-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, 07 fevral 2017-ci il tarixindən başlayaraq, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 137 (bir yüz otuz yeddi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah 23.11.2017-ci ildə ləğv edilmişdir İşdə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli, 2(007)- 627/2020 saylı qətnaməsinin surətinə əsasən 15.06.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 140 manat alimentin X1 xeyrinə tutulması qət edilmişdir. İşdə olan 3 saylı Bakı DOST Mərkəzinin 08.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehin vəkilinin dediyi halları – “Cavabdeh hazırda işsiz olduğunu, ikinci dəfə ailə qurduğunu, ikinci nikahdan uşağının olduğunu və həmin uşağına da aliment ödədiyini” nəzərə alaraq iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh heç bir yerdə işləməməsi və qazanca malik olmaması, eləcədə sonrakı nikahdan olan övladının saxlanılması üçün də aliment ödəməsi halı onu birinci nikahdan olan övladına qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərini ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 175 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(008)- 4340/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(008)- 2487/2017 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 07 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilsin. Alimentin yeni qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesa blansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9773/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9773/2021
26.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver