Məhkəmə qərarları › İş №2(103)-978/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-978/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-978/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-659/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan İddiaçı-nin xeyrinə 352,26 ABŞ dolları əsas, 289,78 ABŞ dolları faiz, 2656,79 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2010-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 53,60 ABŞ dolları olmaqla, ümumilikdə 3352,43 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, ******* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı-dən illik 27%-lə 18 ay müddətinə 4168,28 ABŞ dolları kredit götürmüşdür. Müqavilə müddəti xx.xx.2017-ci il tarixdə bitsə də, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixinədək cavabdehlərin ləğv prosesində olan İddiaçı- yə müqavilənin bitmə tarixinə hesablanmış 352.26 ABŞ dolları əsas, 289.78 ABŞ dolları faiz, 2656.79 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 53.60 ABŞ dolları borc, ümumilikdə 3352.43 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)- 659/2020 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən İddiaçı-nin Xəzər filialı tərəfindən xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş və orada Cavabdeh2 2258 manat vəsait ödəməsi, qalan məbləğin isə güzəşt edilməsi, beləliklə kreditin tam bağlanması göstərilmişdir. Lakin, sonradan İddiaçı müflis elan olunmuş və hazırda ləğvedici Əmanətlərin Sığortalanması Fondudur. Fond isə əvvəllər bank tərəfindən borcun bağlanması barədə tərtib olunmuş aktı qəbul etmir, çünki borc qalığı faktiki mövcuddur. Hesab edir ki, cavabdeh tərəf qalıq borcu da ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan K/X 116 USD saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 01 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişdən görünür ki, ləğv prosesində olan İddiaçı tərəfindən Cavabdeh2 18 ay müddətinə, illik 27 faizlə 4618,28 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan ZM-R/T 001 USD saylı, xx/xx/2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklər üçün bank qarşısında zamin durmuşdur. İşdə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə borc xx.xx.2015-ci il tarixdən başlayaraq aylıq 315 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 323,28 ABŞ dolları ödəməklə başa çatmalıdır. İşdə olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, x xxxxxx 2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə olan borc 352,26 ABŞ dolları əsas, 289,78 ABŞ dolları faiz, 2656,79 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2010-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 53,60 ABŞ dollari borc, ümumilikdə 3352,43 ABŞ dolları məbləğində təşkil edir. İşdə olan İddiaçı-nin Xəzər filialının müdiri E.Məmmədov, kredit mütəxəssisi A.Hacıbəyli, aparıcı satış məsləhətçisi N.Kaverina tərəfindən Cavabdeh2 iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 tərəfindən 2258 manat vəsait 36-70173314-10 saylı cari hesabab mədaxil edildi. Həmin vəsait 36-70173314-27 saylı İddiaçı (Bank) qarşısında olan ******* saylı, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc, hesablanmış faiz və cərimə (mövcud olduğu halda) ilə birlikdə) 4254,39 USD məbləğində qalığının əsas məbləğinin 1806,35 ABŞ dolları Bank tərəfindən (1 USD=1,25 AZN) güzəşt edilməsi nəticəsində kreditin tam bağlanmasına yönəldildi. İşdə olan ********* saylı, xx.xx.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, 2258 (iki min iki yüz əlli səkkiz) manat Cavabdeh2 tərəfindən İddiaçı-nin Xəzər filialının hesabına daxil edilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən – işdə olan İddiaçı-nin Xəzər filialının müdiri E.Məmmədov, kredit mütəxəssisi A.Hacıbəyli, aparıcı satış məsləhətçisi N.Kaverina tərəfindən Cavabdeh2 iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli akta əsaslanmış və həmin aktda müəyyən ödəniş edildikdən sonra, kreditin qarşılıqlı güzəşt yolu ilə tam bağlanmasının (borcun qalmaması) birbaşa göstərilməsinə əsaslanmışdır. İddiaçı tərəf isə xx.xx.2017-ci il tarixli aktın həqiqiliyini mübahisələndirməmiş, lakin borcun qalmasını, tam bağlanmamasını bildirir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşdə olan İddiaçı-nin Xəzər filialının müdiri E.Məmmədov, kredit mütəxəssisi A.Hacıbəyli, aparıcı satış məsləhətçisi N.Kaverina tərəfindən Cavabdeh2 iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktan görünür ki, həmin akt tərəflərin qarşılıqlı razılıq əsasında kreditin tam bağlanmasına yönəlmişdir. Belə ki, tərəflərin qarşılıqlı razılığına əsasən cavabdeh həmin tarixdə 2258 (iki min iki yüz əlli səkkiz) manat pul vəsaiti ödəmiş, həmin pul vəsaiti 1 USD=1,25 AZN məzənnə ilə hesablanmaqla 1806,35 ABŞ dolları təşkil etmiş və qalıq kreditin (4254,39 ABŞ dolları) əsas borc məbləğinin bağlanmasına yönəldilmiş, qalan məbləğlər isə güzəşt olunmuş (bağışlanmış), beləliklə kredit tam bağlanmış sayılmışdır. Aktda birbaşa göstərilmişdir ki, qarşılıqlı razılıqla həyata keçirilmiş güzəşt nəticəsində cavabdeh tərəfindən ödənilmiş 2258 manat pul vəsaiti nəzərə alınmaqla kredit tam bağlanmışdır və ödənilməli olan borc qalığı mövcud deyildir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəllənin 529.4-cü maddəsinə görə, borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Mülki Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 546-cı maddəsinə əsasən kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın. Mülki Məcəllənin 548-ci maddəsinə əsasən borcun əsas borcluya bağışlanması zaminləri də azad edir. Göründüyü kimi, kreditor borcun qaytarılması (borcun bağlanması) barədə sənəd vermişsə, öhdəliyə xitam verilir, həmçinin kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə də öhdəliyə xitam verilir. Təqdim olunmuş aktdan açıq-aşkar görünür ki, tərəflər qarşılıqlı razılığa gəlmişlər və cavabdeh (borclu) tərəfindən əsas borcun ödənilməsi yolu ilə qalan məbləğ güzəşt edilmiş (bağışlanmış), beləliklə kreditor borcun tam bağlanması barədə borcluya sənəd vermişdir. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı müflis elan olunanadək cavabdehlərə qarşı kredit müqaviləsi üzrə hər hansı tələb irəli sürməmiş (işdə bu barədə sübut yoxdur), müflis elan olunduqdan sonra ləğvedici tərəfindən qalıq borc hazırki iddia ilə tələb olunmuşdur. İddiaçının nümayəndəsi izahatında aktın həqiqiliyini mübahisələndirməsə də, əvvəllər bank tərəfindən verilmiş həmin aktın ləğvedici üçün qüvvəsinin olmamasını, qalıq borcun ödənilməli olmaını göstərmişdir. Məhkəmə kollegiyası bu halla da razılaşmır və hesab edir ki, kreditorun (həmin dövrdə İddiaçı) qarşılıqlı razılıq və güzəşt tətbiq edilməsi nəticəsində borcun tam bağlanması barədə verdiyi sənəd (akt) qanunvericiliyin tələblərinə və tərəflərin iradəsinə uyğun olmaqla hüquqi qüvvəyə malikdir və kreditorun ləğvedicisi tərəfindən də nəzərə alınmalıdır (eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən aktın həqiqiliyi mübahisələndirilmir). Göründüyü kimi, öhdəliyə qanuni əsaslarla xitam verildikdən sonra kreditor tərəfindən tələb irəli sürülmüşdür ki, bu tələbin də qanuni və faktiki əsasları mövcud deyildir. Beləliklə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-659/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-659/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar