Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9789/2019 24.07.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçıların nümayəndəsi və vəkil X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 5247/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 150000 ABŞ dolları əsas borcun, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan imtina etməklə, ondan faydalanmağa görə illik faiz dərəcəsi 5% olmaqla 17500 ABŞ dolları məbləğində faizlərin, vurulmuş maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 93000 ABŞ dollarının, cəmi 260500 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı1 xeyrinə və 100000 ABŞ dolları əsas borc, özgəsinin pul vəsaitini əsassız saxlamaqla, onu qaytarmaqdan imtina etməklə, faiz dərəcəsi 5% olmaqla, 12500 ABŞ dolları məbləğində faizlərin, vurulmuş maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 60000 ABŞ dolları, cəmi 172500 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən işə baxarkən cavabdehin və digər şəxslərin hərəkətlərində cinayət əlamətləri aşkara çıxarsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş edilmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx xxxxxxx 2015-ci il tarixdə Cavabdeh 250000 ABŞ dolları məbləğində pul vermiş və həmin pulun 150000 ABŞ dolları İddiaçı1, 100000 ABŞ dolları digər İddiaçı2 məxsus olmuşdur. Cavabdeh iddiaçılardan qeyd etdikləri məbləğdə pulu alarkən bildirmişdir ki, pul məbləği ona gömrükdə saxlanılan malları çıxarmaq üçün lazımdır və aldığı pulu 1 ay müddətinə qaytaracaqdır. İddiaçılar cavabdehə inanmışlar. Belə ki, sonuncu kommersiya fəaliyyəti ilə məşğul olmasını demişdir. Pulu cavabdehə verdiklərindən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh pulu iddiaçılara qaytarmamışdır. Bu səbəbdən iddiaçılar mütəmadi olaraq, cavabdehə telefonla zəng etmiş və görüşmüşlər. Hər dəfə Mirəkbər pulu qaytaracağını vəd etmişdir. İddiaçılar Mirəkbərin onları aldadmasını anlamışır. Həm də sonradan iddiaçılara məlum oldu ki, bir neçə şəxsi də Mirəkbər aldadaraq onların da külli miqdarda pul məbləğini ələ keçirib. Bu səbəbdən Mirəkbərin Bu səbəbdən Mirələkbərin təklifinə əsasən xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat kontorunda X4 etirafı haqqında müqavilə bağlamış və cavabdeh borclu olduğu pul məbləğini iddiaçıların hər ikisinə xx xxxxxx 2016-cı il tarixə kimi qaytaracağını bildirmişdir. Lakin bundan sonra da cavabdeh iddiaçılardan aldığı pulu qaytarmamış, hər dəfə bu barədə cavabdehdən soruşanda, müxtəlif bəhanələrlə iddiaçıları arxayınlaşdırmağa çalışmışdır. İddiaçılar Bakı şəhəri Nərimanov rayon Prokurorluğuna ərizə ilə müraciət etmiş, ərizələrin icrası prokurorluq tərəfindən Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinə həvalə edilmiş və müstəntiq xx xxx 2018-ci il tarixdə fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Araşdırılma ilə əlaqədar istintaq şöbəsində verdiyi izahatında Cavabdeh qeyd etmişdir ki, guya ki, 2015-ci ilin sonuna kimi ayda 5% ödəməklə 100000 ABŞ dolları borca görə İddiaçı2 120000 ABŞ dolları, 150000 ABŞ dolları borca görə isə İddiaçı1 220000 ABŞ dolları ödəmişdir. Sonra da iddiaçılara da məlum olmuşdur ki, Cavabdeh “Borcun etirafı” haqqında müqaviləni onları sakitləşdirmək və vaxtı uzatmaq məqsədilə bağlamışdır. Son vaxtlar Cavabdeh iddiaçıların telefon zənglərinə cavab vermir. Cavabdeh həm tərəflər arasında bağlanmış “Borcun etirafı haqqında” müqaviləyə, həm də qüvvədə olan mülki qanunvericiliyin tələblərinə görə borcu və onun əməlləri nəticəsində dəymiş ziyanı ödəməlidir. Bu səbəbdən cavabdeh aldığı pul məbləğinin ödənilməsini gecikdirdiyinə və 2 il 7 ay müddətdir ki, qaytarmadığına görə İddiaçı1 aldığı 150000 ABŞ dollarına görə illik 5% olmaqla, 17500 ABŞ dolları məbləğində, İddiaçı2 aldığı 100000 ABŞ dollarına görə illik 5% olmaqla, 12500 ABŞ dolları məbləğində faiz ödəməlidir. Cavabdehin razılaşma və borc müqaviləsi üzrə öhdəliklərini təmin etməməsi və bunun nəticəsində iddiaçıların əmlakdan məhrum olmaqla hüquqlarının pozulması səbəbindən İddiaçı1 hər ay ən azı 3000 ABŞ dolları olmaqla, ötən 2 il 7 ay ərzində 93000 ABŞ dolları məbləğində fayda, İddiaçı2 isə qeyd edilən müddətdə hər ay ən azı 2000 ABŞ dolları olmaqla 60000 ABŞ dolları məbləğində fayda əlindən çıxmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-5247/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh əsas borc üzrə 150000 ABŞ dolları, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 11875 ABŞ dolları (150000 x 5%=7500/12 ay=625 x 19 ay), cəmi 161875 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun alınaraq İddiaçı1 və əsas borc üzrə 100000 ABŞ dolları, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 7904 ABŞ dolları (100000 x 5%=5000/12 ay=416 x 19 ay), cəmi 107904 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun alınaraq İddiaçı2 verilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçıların tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin arasında olan borc münasibəti 2012-ci ildən başlanmış, həmin ildən 2015-ci ilin sonuna kimi ayda 5% sələm ödəmək şərti ilə cavabdeh tanışları İddiaçı2 aldığı 100000 ABŞ dollarına qarşı 120000 ABŞ dolları, İddiaçı1 aldığı 150000 ABŞ dollarına qarşı isə 220000 ABŞ dolları pul ödəmişdir. Lakin 2015-ci ilin fevral və dekabr aylarında olan Respublikanın bank-maliyyə sistemində baş verən devalvasiyadan sonra iddiaçılar cavabdehdən borclarını dolların yeni kursu ilə tələb etməyə başlamışlar. O, devalvasiyanın bütünlükdə olduğu kimi onun da maliyyə vəziyyətində çətinlik yaratdığını və faktiki olaraq borcunu ödədiyini bildirsə də, onlar məni təhdid etməyə və hədələməyə başlamışlar. Bu səbəbdən vəziyyətdən çıxış yolu tapmaq, ona borcu olan şəxslərdən alacağı vəsait hesabına onlarla razılaşacağını düşünərək, vaxt qazanmaq üçün Borcun etirafı haqqında müqaviləni imzalamağa məcbur olmuşdur. Əslində o, aldığı pulu sələmi ilə birlikdə artıqlaması ilə qaytarmış, aralarında olan borc müqaviləsinin şifahi bağlanmasına, əsas borcu və sələmi də 2015-ci ilin sonunadək heç bir sənəd almadan qaytarmağına baxmayaraq formal olaraq Borcun etirafı haqqında müqaviləni imzalamışdır. Yəni həmin müqavilə onun azad iradə ifadəsi olmamış, ağır vəziyyətə düşdüyündən iddiaçıların təkidi ilə müqaviləni bağlamağa məcbur olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-484/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-5247/2018 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)- 3804/19 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməsi,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2(103)-484/19 saylı qətnaməsinin ləğv edilməsi və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkil X7 izahat verərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehdən əsas borcun və 5% dərəcəsi ilə hesablanmış faiz borcunun tutularaq iddiaçılara ödənilməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddia tələbi əldən çıxmış faydaya görə pulun tutulması hissəsində təmin edilməsə də, qətnamə həmin hissədə iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018ci il tarixli, 2(006)-5247/2018 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan İddiaçı2 ilə X2 arasında bağlanmış Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq olunmuş xx xxxxxx 2015-ci il tarixli borcun etirafı haqqında müqaviləyə görə Cavabdeh İddiaçı2 100.000 ABŞ dolları məbləğində borc pul borcu olduğunu etiraf etmiş və həmin məbləği xx xxxxxx 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı1 ilə X2 arasında bağlanmış Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq olunmuş xx xxxxxx 2015-ci il tarixli borcun etirafı haqqında müqaviləyə görə Şükürov X1 Ehtiram Fəyaz oğluna 150.000 ABŞ dolları məbləğində borc pul borcu olduğunu etiraf etmiş və həmin məbləği xx xxxxxx 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materialarında olan Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Möhsüm Cabbarovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2018-ci il tarixli qərarında Cavabdeh izahatından görünür ki, o, 2012-ci ildən 20150ci ilin sonuna kimi ayda 5 % sələm ödəmək şərti ilə tanışları İddiaçı2 aldığı 100.000 ABŞ dollarına qarşı 120.000 ABŞ dolları, İddiaçı1 aldığı 150.000 ABŞ dollarına qarşı isə 220.000 ABŞ dolları pul ödəmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, işdən görünür ki, həqiqətən də Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən qəbul olunmuş xx.xx.2018-ci il tarixli qərarla toplanmı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçılardan həqiqətən də göstərilən məbləğləri (100 000 və 150 000 ABŞ dolları) faizlə borc götürmüş, uzun müddət sələm ödəmiş və nəticə etibarilə İddiaçı2 aldığı 100 000 ABŞ dollarına qarşı 120 000 ABŞ dolları, İddiaçı1 aldığı 150 000 ABŞ dollarına qarşı isə 220 000 ABŞ dolları ödəmişdir.Qərarda bu xüsusatın toplanmış material üzrə alınmış izahatlarla təsdiq olunduğu qeyd edilmişdir.Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən qəbul olunmuş xx.xx.2018-ci il tarixli bu qərar iş materiallarında (i.v.14) mövcud olsa da, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həmin qərarın çıxarılması üçün əsas olmuş təhqiqat materiallarını tələb edib öyrənməmiş, cavabdehin iddiaçılara olan borcunu həqiqətən də ödəyib-ödəmədiyini aydınlaşdırmamışdır.Qeyd olunan halın müəyyən edilməsinin tələbin əsaslı olub-olmadığına qiymət vermək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən işin tam, obyektiv və hərtəfli araşdırılmasının təmin olunmaı üçün adı çəkilən təhqiqat materialları təlb edilib öyrənilməli və müəyyən edilən hallara işdə olan digər mötəbər sübutlarla əlaqəli şəkildə qiymət verilməlidir.Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir.Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən sübutların araşdırılması və qiymətləndirilməsi prosesində tərəflərin bərabərliyi prinsipi gözlənilməli, onlara öz müdafiələri üçün hazırlaşmaq və sübutlar təqdim etmək üçün bərabər imkanlar yaradılmalıdır. Məhkəmə tərəflərin izahatında göstərilənləri, yaxud təqdim olunmuş hər hansı sübutu mötəbər sübut kimi qəbul etmirsə, bunu qanunla müəyyən olunmuş qaydada əsaslandırmalı və yaddan çıxarmamalıdır ki, MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya məhkəməsinin göstərişləri əsasında iş yenidən baxan apellyasiya instansiya məhkəməsi sorğu ilə xx xxxxxx 2018-ci il tarixdə rədd edilmiş 444 saylı rədd materialırını öyrənilməsi üçün tələb etmiş və məhkəmə kollegiyasının iclasında rədd materiallarına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh təhqiqat zamanı da, məhkəmədə vermiş olduğu izahatla eyni məzmunda izahat vermiş və qeyd etdikləri barədə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinin mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iş üzrə tərəflər arasında borc pulun verilməsi ilə bağlı hüquq münasibətləri yaranmış, cavabdeh X2 iddiaçılar İddiaçı1 150.000 ABŞ dolları, İddiaçı2 isə 100.000 ABŞ dolları məbləğində borc pul almışdır. Cavabdeh iddiaşılara olan borcunu xx.xx.2016-cı il tarixə kimi qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından cavabdehin iddiaçıların qarşısında öhdəliyi yarandığı üçün birinci instansiya məhkəməsi əsaslı olaraq iddianı əsas borcun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi hissəsində təmin etmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçılara olan borcunun tam ödədiyini qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı sübut nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatları zamanı təqdim etməmişdir. Halbu ki, sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələbinə əsasən borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür. Hazırkı işdə iddiaçının tələbinin əsası kimi istinad olunan hal borcun etirafı haqqında müqavilədir. Yəni, iddiaçı həmin müqaviləyə istinad etməklə borc verdiyini sübut etmişdir və məhz həmin müqavilədə cavabdeh iddiaçılara yuxarıda göstərilən məbləğlərdə borcu olduğunu etiraf etmişdir. Bundan sonra borcun qaytarılmasını sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh öhdəliklərini vaxtında icra etmədiyi və borclu olduğu pul vəsaitini vaxtında ödəmədiyi üçün iddiaçıların Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faiz tələb etmək hüququ yaranmış və birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh müvafiq olaraq 11875 ABŞ dollarının İddiaçı1 və 7904 ABŞ dollarının İddiaçı2 xeyrinə tutulmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında təsbit olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-5247/2018 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-5247/2018 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9789/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9789/2019
24.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver