Məhkəmə qərarları › İş №2(103)-979/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-979/2025

28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-979/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 avqust 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) birinci iş barədə məlumat

1. İddiaçı Birliyinin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından Cavabdeh qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz, yəni qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə vurduğu maddi zərərin əvəzi olaraq 2.071,20 manat, təbii qazdan qanuni istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə yarandığı debitor borcunun ödənilməsi məqsədi ilə 457,09 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45,29 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə abonent olan cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında cavabdehə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndi, Məşədi Adil (Q.İ.İsmayılov) küçəsində yerləşən 7 “Q” saylı fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana iddiaçı Birliyin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********40000 nömrəli abonent kodu verilmiş və evi təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh, “Qazdan istifadə Qaydalarının” 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini və onunla Birlik arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilənin şərtlərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Belə ki, Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən fotoşəkillər çəkilmişdir. Qeyd olunan aktlar əsasında aparılmış araşdırmalar və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə vurduğu maddi zərər 2.071,20 manat məbləğindədir (xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 719,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 272 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat zərər hesablanmışdır). Təbii qazdan qanuni istifadə etməsinə görə isə cavabdehin iddiaçı Birliyə 457,09 manat məbləğində debitor borcu yaranmış, lakin cavabdeh həmin borcu ödəməkdən yayınmışdır. Birlik qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh bundan yayınmışdır. Bu səbəbdən də, Birlik hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 45,29 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) ikinci iş barədə məlumat

3. İddiaçı Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən əlavə sərfiyyat kimi ona əsasız olaraq hesablanmış 2.071,20 manat məbləğində borcun silinməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məqsədi ilə aldığı hüquqi yardıma görə vəkillə bağladığı “Hüquqi yardın müqaviləsi” üzrə ödədiyi pul məbləğinin əvəzi olaraq 300 manatın Birlikdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndi, Məşədi Adil (Q.İ.İsmayılov) küçəsində yerləşən 7 “Q” saylı fərdi yaşayış evində yaşayır. İddiaçının mərhum atası X1 cavabdeh Birlik ilə bağladığı müqaviləyə əsasən həmin ev Birlik tərəfindən təbii qazla təchiz edilmiş, bununla bağlı ünvanda qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********40000). Sayğac iddiaçının mərhum atasının adına olmuşdur. 2023-cü ilin noyabr ayında sayğac və abonent kodu iddiaçının adına keçmiş və iddiaçı ilə Birlik arasında müqavilə bağlanmışdır. Bir müddət sonra isə iddiaçı, adına borc yarandığını öyrənmiş və bunun səbəblərini araşdırmaq üçün Birliyə müraciət etmişdir. Müraciəti əsasında iddiaçıya müvafiq sənədlər təqdim edilmişdir. Həmin sənədlərlə tanış olan zaman iddiaçıya aydın olmuşdur ki, Birliyin əməkdaşları iddiaçının atasının sağlığında iddiaçının atasının barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar” tərtib etmiş və həmin aktlar üzrə iddiaçının atasına əlavə sərfiyyat kimi 2.071,20 manat məbləğində borc hesablamış, atası vəfat etdikdən sonra isə həmin borcu iddiaçıya aid etmişlər. Həmin aktlarda isə qeyd edilmişdir ki, ünvanda təbii qazdan qaz sayğacından kənar çəkilmiş qanunsuz xətt vasitəsi ilə istifadə olunmuşdur. Halbuki, iddiaçıgilin ünvanında qanunsuz xətdən istifadə olunmamışdır. Aktlar əsassızdır. Aktlarda qeyd edilənlər həqiqəti əks etdirmir. Aktlar tərtib olunarkən, nə iddiaçı, nə iddiaçının atası, nə də ki, digər ailə üzvlərinin iştirakı təmin edilməmişdir. Buna görə də, iddiaçı hesab edir ki, Birlik tərəfindən həmin aktlar əsasında hesablanmış borc əsassız hesab olunaraq silinməlidir. c) işlərin bir icraatda birləşdirilməsi barədə məlumat

5. Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə (xx.xx.2024-cü il tarixli əlavə qətnamə nəzərə alınmaqla) ilə Birliyin iddiasının qismən təmin edilməsini, xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” əsasında hesablanmış (719,20 manat məbləğində) borcdan 359,60 manat məbləğinin, debitor borc olaraq hesablanmış (457,09 məbləğində) borcdan 254,19 manat məbləğinin, iddia ərizəsinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 30 manat məbləğinin Cavabdeh tutularaq Birliyə ödənilməsini, Birliyin iddiasının qalan hissədə təmin edilməməsini; Cavabdeh iddiasının qismən təmin edilməsini, Birlik tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən hesablanmış (457,09 məbləğində) borcun qalan 359,60 manat hissəsinin, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 194,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 272 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 885,60 manat məbləğində borcun **********40000 nömrəli abonent kodundan silinməsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məqsədi ilə aldığı hüquqi yardıma görə vəkillə bağladığı “Hüquqi yardın müqaviləsi” üzrə ödədiyi (300 manat) pul məbləğinin bir hissəsinin – 150 manat məbləğində pulun Birlikdən tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh iddiasının qalan hissəsinin təmin edilməməsini qət etmişdir. e) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçın buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni Birliyin iddia tələbinin bir qisminin təmin edilməməsi, Cavabdeh iddia tələbinin bir qisminin isə təmin edilməsu hissəsində ləğv edilməsi və Birliyin iddia tələbinin tam həcmdə təmin, Cavabdeh iddiasının isə tam həcmdə rədd edilməsini xahiş etmişdir.

8. Birliyin iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat

9. Cavabdeh və Birliyin nümayəndəsi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə hər hansı məlumat verməmişlər.

10. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) işdə olan sənədlər barədə məlumat

11. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin bildirdiklərinə əsasən müəyyən edilir ki, iddiaçının atası Şahverdi Zeynalov ilə Birlik arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında Şahverdi Zeynalova məxsus olan və yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, bununla bağlı ünvanda qaz sayğacı quraşdırılmış, ünvana **********40000 saylı abonent kodu verilmişdir. Şahverdi Zeynalov vəfat etdikdən sonra onun övladı Cavabdeh ilə Birlik arasında xx.xx.2023-cü il tarixdə “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmış və həmin ünvanın təbii qazla təchiz edilməsi Birlik tərəfindən davam etdirimişdir.

12. Cavabdeh ilə Birlik arasında bağlanmış həmin müqavilənin 2.1.9-cu maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.

13. Birliyin əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, Şahverdi Zeynalova məxsus evdə quraşdırılmış qaz sayğacına və qaz xəttinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir.

14. Birliyin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı və xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan görünür ki, Şahverdi Zeynalova məxsus evdə quraşdırılmış qaz sayğacına və qaz xəttinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin ünvanda qazdan sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə edilir.

15. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixli akt əsasında 194,40 manat, xx.xx.2018-ci il tarixli akt əsasında 719,20 manat, xx.xx.2018-ci il tarixli akt əsasında 272 manat və xx.xx.2020-ci il tarixli akt əsasında 885,60 manat zərər hesablanmışdır.

16. Cavabdeh adına olan “Abonent saldosundan” (abonent kodu **********40000) görünür ki, qeyd edilən aktlar əsasında Cavabdeh əlavə sərfiyyat kimi cəmi 2.528,29 manat məbləğində borc hesablanmışdır.

17. Cavabdeh tərəfindən Birliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, həmin borcu mübahisələndirməmişdir. h) apellyasiya baxışının hədləri barədə məlumat

18. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, hər iki iddia tələbi qismən təmin olunsa da, Cavabdeh iş üzrə Rayon Məhkəməsinin qətnaməsində apellyasiya şikayəti verməmiş, onun iddiasının bir qisminin təmin edilməməsi, Birliyin iddiasının isə bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

19. Qətnamədən apellyasiya şikayəti vermiş Birlik isə, onun iddiasının bir qisminin təmin edilməsi, Cavabdeh iddiasının bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir.

20. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat

22. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb Cavabdeh məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, Birliyə dəymiş maddi zərərin əvəzinin Cavabdeh tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

24. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

25. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

26. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-8-1-ci maddəsinə görə, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının tələblərinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (maddə 4.8.). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (maddə 4.9.).

28. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Məhkəmə xx.xx.2017-ci il tarixli akta əsasən 194 manat abonentə hesablanmış borcun tutulması hissəsinə münasibətdə bildirir ki, sayğaca məhz istehlakçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün Birliyinin iddia tələbi bu hissədə əsassızdır.

30. Məhkəmə iddia tələblərinin xx.xx.2018-ci və xx.xx.2020-ci il tarixli aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən tərtib edilmiş aktlarda istehlakçının imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək mümkün deyil. Belə olan halda Birliyinin xx.xx.2018-ci və xx.xx.2020-ci il tarixli aktlara əsasən hesablanmış borcu əsassız hesab edir.

31. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən hesablanmış borcun əsaslı olub-olmaması ilə bağlı qeyd edilməlidir ki, bu akt və onun əsasında hesablanmış borc da yuxarıda qeyd edilən hüquqi mövqeyə görə əsassız hesab edilməlidir.

32. Lakin işə baxmış Rayon Məhkəməsi bu akta əsasən hesablanmış (719,20 manat məbləğində) borcun 359,60 manat hissəsini əsaslı hesab edərək, 359,60 manat məbləğində borcun Cavabdeh tutularaq Birliyə ödənilməsini qət etmişdir. Rayon Məhkəməsinin bu nəticəsi hazırkı apellyasiya baxışının predmetini təşkil etmir.

33. Buna görə də Məhkəmə həmin akt əsasında hesablanmış borcun qalan 359,60 manat məbləğində borcun tutulması barədə Birliyin tələbinin təmin edilməsi üçün əsas görmür.

33. Məhkəmə Birliyin iddia tələbinin 457,09 manat məbləğində debitor borcun Cavabdeh tutulması barədə hissəsi ilə bağlı bildirir ki, Cavabdeh adına tərtib edilmiş “Abonent saldosu”dan görünür ki, Cavabdeh 2020-ci ilin sonu üçün 39,10 manat, 2021-ci ilin sonu üçün 157,28 manat, 3,20 manat isə həmin ilin sonu üçün yaranmış tarif keçidi borcu, 2021-ci ilin sonu üçün 139,56 manat, 2023-cü ilin sonu üçün isə 79,44 manat, cəmi isə (39,10+157,28+3,20+139,56+79,44=) 418,58 manat məbləğində debitor borcunun olması müəyyən edilir.

34. Cavabdeh tərəfindən qeyd edilən borcdan 164,39 manat məbləğində ödəniş edilmişdir.

35. Belə olan halda qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi qeyd edilən ödənişi ümumi sərfiyyat borcundan çıxmaqla Cavabdeh Birliyin xeyrinə tutulmalı olan məbləği (418,58- 164,39=) 254,19 manat müəyyən etməkdə haqlı olmuşdur. Debitor borcun 164,39 manat hissəsinin təmin edilməsi üçün hüquqi əsas mövcud deyil.

36. Bu baxımdan müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

39. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

40. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 avqust 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar