Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9799/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair 2(004)-3764/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.08.2020-ci il tarixli, 1142nkCNTR/20 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6520 manat əsas borc, hesablanmış 1117,71 manat faiz, 1,86 manat cərimə olmaqla, cəmi 7639,57 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC illik 25 faizlə 60 ay müddətinə Cavabdeh 6520 manat kredit vermişdir. Borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, xəbərdarlıq edilməsinə baxmayaraq, borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Hazırda cavabdehin 10.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 6520 manat əsas borc, hesablanmış 1117,71 manat faiz, 1,86 manat cərimə olmaqla, cəmi 7639,57 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf məhkəməyə müvafiq ekspertizanın keçirilməsi barədə vəsatət təqdim etsə də, məhkəmə həmin vəsatətə münasibət bildirməmişdir. İddia ərizəsində qeyd edilən əsas və faiz borcu həddindən artıq şişirdilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, maddi və prosessual normalar düzgün tətbiq edilməmişdir, bu səbəbdən, qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın təmin edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 10.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC Cavabdeh illik 25 faizlə 60 ay müddətinə 6.520 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. "xxxx" KB ASC-nin 01.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 10.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 01.05.2021-ci il tarixə 6520 manat əsas borc, 1117,71 manat faiz, 1,86 manat cərimə olmaqla, cəmi 7639,57 manat borcu yaranmışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Kassasiya kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Çünki, məhkəməyə təqdim olunmuş maliyyə arayışında qeyd edilən əsas borc, faiz və cərimə real borc olmaqla, cavabdehin ödədiyi bütün məbləğlər nəzərə alınmışdır. Borcun şişirdilməsinə, yaxud maliyyə arayışı tərtib edilərkən ödənilmiş məbləğlərin nəzərə alınmamasına dəlalət edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi kredit müqaviləsinin ləğv edilməsi qənaətinə gələrkən də haqlı olmuşdur. Belə ki, iddiaçı borcun tam qaytarılmasını müqavilənin müddəti başa çatmamış tələb etmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 10.08.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Cavabdeh iddiaçı qarşısında müqavilə öhdəliklərini tam və vaxtında icra etmədiyindən, iddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(004)- 3764/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9799/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9799/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver