Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-980/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-2651/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 cavabdehlər X5 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 B ünvanında yerləşən ümumi sahəsi 77.5 kv.m olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh X10 onun atası, digər Cavabdeh1 isə keçmiş arvadıdır. Cavabdeh1 ilə xx.xx.2010-cu il tarixdə nikah rəsmiləşdirilmiş, 2011-ci ilin mart ayında isə el adəti ilə toy edərək onu ailəsinin yaşadığı, özünün doğulubböyüdüyü, pasport qeydiyyatında olduğu və atasına məxsus olan ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış evinə gəlin gətirmişdir. Həmin vaxtdan 4 otaqdan ibarət olan fərdi yaşayış evinin 3 otağı olan hissəsində Cavabdeh1 ilə yaşamağa başlamış, digər 1 otaqdan isə atası və anası istifadə etmişlər. Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4823/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlər hazırda onu fərdi yaşayış evinə buraxmırlar. Ümumiyyətlə mülkiyyətində heç bir əmlakı və başqa yaşayış yeri olmadığına görə kirayələrdə yaşamağa məcbur olmuşdur. X5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanda yerləşən özbaşına tikilinin ayrıcagirişli, öz adına kodları və sayğacları olan ayrıca tam şəraitli 3 otaqlı, 10 ildir daimi yaşadığı (həmin ünvanda qeydiyyatdadır) yaşayış hissəsinə (təxminən 60 kv.m) onun istifadə hüququnun yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixdə isə ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və xx.xx.2020-ci il tarixli məhkəmə baxış iclasının protokolu ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 2651/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur, onun başqa mənzili yoxdur, mübahisələndirilən fərdi yaşayış evinin üstündə isə mənzil yoxdur, orada mansard yerləşir, hansı ki yaşamaq mümkün deyildir. Kollegiya tərəfindən X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Bildirdi ki, həmin ünvanda doğulub, orada yaşayıb, hazırda başqa yaşayış yeri yoxdur, məcbur qaldığından kirayə mənzildə yaşayır. Cavabdehlə ayrıldıqdan sonra ailə qurmamışdır. Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, istifadəsində bir qonaq, iki yataq otağı olmaqla, üç otaq, həmçinin sanitar qovşaq və mətbəx var. Birgə nikahdan olan uşağı ilə yaşayır. İddiaçının mənzilə köçürülməsinə etiraz edərək, evin bütün sahəsini əhatə edən yuxarı çardağda yaşamasının uyğun olduğunu bildirdi. Digər Cavabdeh2 bildirdi ki, evi o tikmişdir, iddiaçı həmin evdə doğulub və yaşamışdır. Hazırda isə evin onun istifadəsində olan hissəsinin sahəsi Cavabdeh1 istifadəsində olan ümumi sahədən xeyli azdır, o, iddiaçının digər Cavabdeh1 istifadəsində olan otaqlardan birinə köçürülməsini xahiş etdi. Üçüncü şəxs bildirdi ki, iddiaçı həmin evdə doğulub, böyümüşdür, onun evə köçürülməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, mübahisəli ev özbaşına tikilidir. Yasamal rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 32 saylı MKİS-dən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X11 həqiqətən Ümüd Əkbərov küçəsi, ev 84 B ünvanında yerləşən ümumi sahəsi 77.5 kv.m olan 4 otaqlı mənzildə yaşayır. Ailəsi 10 nəfərdən ibarətdir. Arayışdan müəyyən edilir ki, Cavabdeh2 1984-cü ildən, oğlu İddiaçı 1986-cı ildən, keçmiş gəlini Cavabdeh1 Namik qızı 2019-cu ildən və nəvəsi X9 2018-ci ildən qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdehlər Cavabdeh1 Namik qızına və İddiaçı qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən evdən çıxarılması, cavabdeh X4 qarşı iddianın rədd edilməsi qət edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-2859/2018 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə - Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Ümüd Əkbərov küçəsində yerləşən 84 “b” nömrəli evdən çıxarılması hissəsində ləğv edilməsi və Cavabdeh1 həmin evdən çıxarılması barədə tələbinin rədd edilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-4596/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 Namik qızına qarşı evdən istifadəyə yaradılmış qanunsuz maneələrin aradan qaldırılması və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-2832/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-5670/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir, iddiaçının mübahisəli evə dair heç bir subyektiv hüququ yoxdur. İddiaçı başqa yaşayış yeri var. Buna baxmayaraq, o, cavabdehlərin mübahisəli evdə onun üçün süni maneələr yaratmasını, onu fərdi yaşayış evinə buraxmadıqlarını iddia edir. Halbuki, özbaşına tikilinin 3 ayrı girişli mənzili var ki, onun birində cavabdehlə azyaşlı uşağı yaşayır, digərində iddiaçının valideynləri yaşayır. Üstdəki üçüncü mənzil isə boşdur və həmin mənzilə dair cavadbehin heç bir müdaxiləsi yoxdur. Həmçinin, iddiaçı məhkəmədə verdiyi izahatında hazırda həmin mənzildə qaldığını etiraf etmişdir. Məhkəmə iddiaçının mübahisəli evə dair subyektiv hüququnun olmamasını, iddiaçının başqa yaşayış yerinin olmasını, eyni zamanda, mübahisəli evin üstündə yerləşən mənzildə qalmasını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, hazırki tələb əsassızdır. Məhkəmə kollegiyası tərəfindən apelyasiya baxışı zamanı mübahisəli evə baxış keçirilmişdir. Yerli baxış zamanı baxış keçirilən sahədə darvazadan içəri daxil olarkən iki giriş qapısı və çardağa qalxan pilləkən müəyyən olundu. Sağ tərəfdən birinci qapıdan Cavabdeh2 və arvadının (üçüncü şəxs qismində işə cəlb olunmuş Arifə İsmayılovanın) istifadəsində olan evin sahəsinə aid olan mətbəx, sanitar qovşaq və yataq otağının yerləşdiyi sahəyə daxil olduğu müşahidə edilmişdir. Bundan əlavə həmin yataq otağının digər Cavabdeh1 Namik qızının istifadəsində olan sahədən alçipan material ilə inşa edilmiş divarla ayrıldığı müşahidə edilmişdir. Həyətdən digər Cavabdeh1 istifadəsində olan yaşayış sahəsinə daxil olarkən dəhlizin sol tərəfində sanitar qovşaq, dəhlizdən düzünə istiqamətdə mətbəx, uşaq otağı, yataq otağı və qonaq otağının olduğu müşahidə edilmişdir. Qonaq otağı digər cavabdehin yaşayış sahəsi ilə yuxarda qeyd edilən alçipan divarla ayrılmışdır. Həyətdən pilləkənlə yuxarı çardağa qalxdıqda evin bütün sahəsini əhatə edən heç bir istilik və sanitar şəraiti olmayan taxta konstruksiyalı sahə (mansard) müşahidə olundu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, mübahisəli ev 1983-1984-cü illərdə Cavabdeh2 tərəfindən inşa olunmuş, iddiaçı da sonuncunun övladı olaraq, 1988-ci ildə həmin evdə doğulmuş və doğulduğu vaxtdan orada yaşayaraq, qeydiyyatı da dəyişməz olaraq bu evə olmuşdur. Həmçinin iddiaçı 2011-ci ildə həmin ünvanda Cavabdeh1 ilə ailə qurmuş, evin 3 otağı onların, 1 otağı isə iddiaçının valideynlərinin istifadəsində olmuşdur. İş materiallarından müəyyən olunur ki, İddiaçıla Cavabdeh1 və sonuncunun qohumları (nənəsi və xalası) arasında təxminən 2015-ci ildən başlayaraq münaqişəli vəziyyət yaranmış və bu zəmində İddiaçı cinayət və inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə hesab edir ki, iddianın hüquqi dəyərləndirilməsi aparılarkən ilk növbədə iddiaçının mübahisəli evə nə kimi hüquqlarının olduğunu müəyyən etmək zəruridir, belə ki, yaşayış sahəsinə köçürülmə şəxsin bu sahəyə nə kimi hüququnun olmasından asılıdır. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı dövrdə özbaşına tikililər və ya özbaşına tikili olmasa da qeydə alınmamış evlər barəsində istifadə hüququnun tanınması (yaranması), həyata keçirilməsi və xitamı ilə bağlı mübahisələrin həlli qaydası mülki və mənzil qanunvericiliklərində nəzərdə tutulmamışdır. Ancaq belə evlərin çoxluğu, bununla da həmin evlərdən istifadə hüququ ilə bağlı mübahisələrin qaçılmaz olduğu da inkar oluna bilməz. Bu kateqoriyadan olan evlərdən istifadə hüququ ilə bağlı yaranmış mübahisələrin həllinə yönəlmiş maddi-hüquq normasının olmaması həmin məsələdə analogiyadan istifadə etməyi zəruri edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri qanunvericilikdə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Odur ki, məhkəmə mübahisəni oxşar münasibətləri tənzimləyən, yəni tərəflər arasında mülk hüquq münasibətlərinin əmələ gəldiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən normalarına uyğun qaydada həll etməyi əsaslı sayır. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 (altı) ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Cavabdeh2 mübahisəsi gedən yaşayış evinin icarədarı qismində görən Məhkəmə Kollegiyası hesab edir ki, onunla birlikdə yaşayan ailə üzvü kimi oğlu - İddiaçı da evdən istifadə hüququnu əldə etmişdir və o, Cavabdeh2la bərabər yaşayış sahəsindən istifadə ilə bağlı bütün hüquqlara malik olmuşdur. Hazırda da bu hüquqlar mövcuddur, çünki iddiaçının daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçməsi iş materiallarından müəyyən olunmur, nə də bu barədə mübahisə tərəfləri heç bir sübut təqdim edə bilməmişlər. Münaqişəli vəziyyətdə iddiaçının müvəqqəti olaraq başqa ünvanda yaşaması isə onun başqa daimi yaşayış yerinə malik olması, bu səbəbdən də mübahisəli yaşayış evindən istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Bu isə o deməkdir ki, İddiaçı mübahisəli yaşayış evindən istifadə hüququ mövcuddur. Qanuni əsas olmadan isə iddiaçını yaşadığı evdən məhrum etmək olmaz. Odur ki, onun həmin yaşayış sahəsindən istifadəsinə məhdudiyyətlər yaratmaq yolverilməzdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçının mübahisəli yaşayış evindən istifadə hüququ olduğundan və onun bu hüququnun itirilməsi barədə hər hansı məhkəmə aktı olmadığından, onun həmin yaşayış evinə köçürülməsi barədə tələbi rədd oluna bilməz, iddaçı hazırki iddianı qaldırmaq üçün sübyektiv hüquqa malikdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, evin üstü yüngül (taxta, dikt, alçıpan və s.) konstruksiyalı materiallardan istifadə olunmaqla inşa olunmuş mansard sahəsidir və həmin sahə yaşayış üçün yararlı deyildir. İddiaçının da həmin mansardda yaşaması müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası əvvəlki məhkəmə çəkişmələri ilə bağlı qeyd edir ki, həmin işlər üzrə iddia tələbləri fərqli olmuşdur, ona görə də həmin məhkəmə aktlarına istinad edərək, iddiaçının mübahisəli evə dair heç bir subyektiv hüququnun olmaması barədə məhkəmənin gəldiyi nəticə yalnışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2651/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 B ünvanında yerləşən ümumi sahəsi 77,5 kv.m olan fərdi yaşayış evinə köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-980/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-980/2021
22.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver