Məhkəmə qərarları › İş №2(103)-9811/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9811/2021

27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9811/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(004)- 4807/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alımentin artırılması və maddi yardım tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hazırda faktiki olaraq ünvan 1 ünvanında 2 övladı ilə birlikdə yaşayır. Onunla Cavabdeh arasında nikah münasibətləri məhkəmə qərarı əsasında 06.03.2019- ci ildə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 115 № ilə qeyd aparılmış, bu əsasa görə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-1 № seriyalı 311968 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Yasamal Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli 2(004)-9184/2018 saylı qətnaməsi var, hansı ki o qətnaməyə əsasən nikah pozulmuş və övladlar onda qalmışdır. Yasamal Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli 2(004)-2032/2020 saylı qərarına əsasən ona hər uşağa görə keçmiş ərindən hər uşağa 170 manat aliment alınaraq verilməsi barədə qətnamə qəbul olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 07.09.2020-ci il tarixli 2(103)- 6071/2020 saylı qərarına əsasən Yasamal Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli 2(004)-2032/2020 saylı qərarı qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 16.06.2021-ci il tarixli 2(102)-2399/2021 saylı qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin 07.09.2020-ci il tarixli 2(103)-6071/2020 saylı qərarı qüvvədə saxlanılmışdır. Qeyd edir ki keçmiş əri işləyir sadəcə alimenti ödəmək istəmir, onun üçün övladlarının necə yaşamağı maraqlı deyildir. Uşaqları 06.04.2011-ci il təvəllüdlü X6 və 12.11.2012-ci il təvəllüdlü X4 azyaşlıdır, qayğıya, nəvazişə və qulluğa ehtiyacları var. Övladları böyüdükcə maddi tələbatları da günü gündən artır. Tək və az maaşla bir qadın olaraq uşaqlarına baxmaq təbii ki, bir ana üçün çətindir. Hazırda bir yerdə ailə kimi yaşamayacağı üçün uşaqların qida, geyim, müalicə və digər tələbatlarını ödəmək ona kifayət qədər çətin olacaqdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən, məbləğlər aşağıdakı kimi müəyyən edilib: Yaşayış minimumu ölkə üzrə - Uşaqlar üçün aliment 175 manat. Bakı şəhərində ən az aliment 175 manat kəsilir, çünki Bakıda digər şəhərlərdən fərqli olaraq xərclər çoxdu və hər şey daha bahadır. Göstərilənlərə əsasən “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutmaqla 06.04.2011-ci il təvəllüdlü X3 və 12.11.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutulması və uşaqların saxlanılması, habelə mənafeyi üçün ona verilməsi; əmək qabiliyyətli olsa da azyaşlı uşaqlarına baxdığı üçün işləmədiyini, maddi yardıma ehtiyacı olduğunu nəzərə alaraq Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumunu nəzərə almaqla hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat pulun Cavabdeh onun özünün saxlanılması üçün tutulması; alimentin məhkəməyə müraciət edildiyi tarixdən tutulması və bu barədə qərardad qəbul edilməsi və ödədiyi dövlət rüsumunun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(004)- 4807/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alımentin artırılması və maddi yardım tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4807/2021 saylı iş üzrə 11.08.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Cavabdeh ilə aralarında nikah münasibətləri məhkəmə qərarı əsasında 06.03.2019-ci ildə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 115 № ilə qeyd aparılmış, bu əsasa görə Bakı şəhəri, Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ № seriyalı 311968 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Yasamal Rayon Məhkəməsinin 20.12.2018ci il tarixli 2(004)-9184/2018 saylı qətnaməsi var, hansı ki o qətnaməyə əsasən nikah pozulmuş və övladları onda qalmışdır. Yasamal Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli 2(004)-2032/2020 saylı qərarına əsasən ona hər uşağa görə keçmiş ərindən hər uşağa 170 manat aliment alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 07.09.2020-ci il tarixli 2(103)-6071/2020 saylı qərarına əsasən Yasamal Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli 2(004)- 2032/2020 saylı qərarı qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 16.06.2021-ci il tarixli 2(102)-2399/2021 saylı qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin 07.09.2020-ci il tarixli 2(103)- 6071/2020 saylı qərarı qüvvədə saxlanılmışdır. Qeyd edir ki, keçmiş əri işləyir sadəcə alimenti ödəmək istəmir, onun üçün övladlarının necə yaşamağı maraqlı deyil. Uşaqlar azyaşlı olduğundan işləyə bilmədiyini, özünün də saxlanılmasına ehtiyacı olduğunu, bir qadın olaraq onun da maddi ehtiyacları olduğunu bildirmişdir. Uşaqların birinin 4, o birininin 9 yaşı var. Uşaqların hərtərəfli qulluğa ehtiyacı olduğundan işləyə bilmədiyini qeyd etmişdir. Belə ki, 06.04.2011-ci il təvəllüdlü X3 və 12.11.2012-ci il təvəllüdlü X1 azyaşlı olması faktı şübhəsizdir və iş materiallarındakı doğum haqqında şəhadətnaməylə və şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Onların azyaşlı olması səbəbindən bir neçə işdə işləyə bilmir. Ona görə də hesab edir ki, özü üçün də "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu - 250 manat cavabdehdən alınaraq ona ödənilməlidir. Belə ki, o, bir neçə yerdə işləsəydi maddi yardıma ehtiyacı olmazdı. Bakıda az maaşla yaşamaq və özüdə 2 uşaqla çox çətin olduğunu, Bakıda digər şəhərlərdən fərqli olaraq xərclərin daha çox olduğunu və qiymətlərin daha yüksək olduğunu qeyd etmişdir. Bundan başqa qeyd edir ki, uşaqlar azyaşlı olduğu üçün ananın himayəsində qalmalıdırlar. Belə ki, azyaşlı uşaqlar bioloji baxımdan anaya daha çox bağlı olur. Uşaqların ananın himayəsinə verilməməsi uşaqların mənəvi-psixoloji durumuna çox mənfi təsir göstərə bilər. Alimentin artırılması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmiş 175 manat və özünü saxlamağa görə əlavə pul təyin olunmasıyla bağlı 250 manat lakin əsassız olaraq iddianı rədd etmiş baxmıyaraq ki, 2 övladı var, qarşı tərəfin bildirdiyi həç bir təqdim etdiyi sənədi və şifahi etirazı əsas vermir ki, minimum aliment tələbi rədd edilsin. Hətta ikinci dəfə cavabdeh ailə qurubsa və uşaqlarıda varsada yenə dəlalət etmir ki, alimenti verməsin və ya azaltsın və ya minimum alimentin təyin olunmasına etiraz etsin. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9184/2018 saylı, 20.12.2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən 01 iyun 2010-cu il tarixdə 582 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan 06 aprel 2011- ci il təvəllüdlü X6 və 12 noyabr 2012-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalması qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2032/2020 saylı, 18.03.2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh 06.04.2011-ci il təvəllüdlü X3 və 12.11.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 fevral 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin hər uşağa görə 175 manat məbləğində artırılmasını və azyaşlı uşaqlarına baxdığı üçün hər ay 250 manat sabit pul məbləğində maddi yardımın tutulmasını tələb edir. Hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1 -ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2032/2020 saylı, 18.03.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılması xahiş etsə də, sonuncu tərəfindən cavabdehin maddi vəziyyətində dəyişilik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda odu da qeyd edir ki, təkcə bu müddət ərzində uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə kollegiyası iddia tələbinin 250 manat sabit pul məbləğində maddi yardımın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunvericliyin mənasından da görünüdüyü kimi ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından 06 aprel 2011-ci il tarixdə X6 və 12 noyabr 2012-ci il tarixdə isə X4 doğulmuş və Şəfiqə Hacızadənin 10 yaşı, Süleyman Hacızadənin isə 8 yaşı vardır. Bundan başqa məhkəmə kollegiyası həmçinin iddianı bu hissədə təmin etməyərkən, sonuncunun özünün məhkəmə iclasında etiraf etdiyi kimi Kliniki tibbi Mərkəzdə işləməsini və aylıq maaşı 346 manat təşkil etməsini nəzərə alır. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutları, tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alımentin artırılması və maddi yardım tələbinə dair iddiası rədd edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alımentin artırılması və maddi yardım tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, həmin dəlillər iddia tələbi ilə oxşar məzmunlu olmaqla həmin dəlillərə qiymət verilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(004)-4807/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar