Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-982/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair 2(004)-4813/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-14650/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 adlı iki övladı var. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)- 14650/2016 nömrəli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü Fərhad Əliyevin və xx.xx.2008-ci il təvəllüdlü Fərəh Əliyevanın yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda uşaqlar böyüdüklərinə və təlabatları artdığına görə cavabdehin ödədiyi aliment məbləği uşaqların ehtiyaclarını ödəmir. Bundan başqa, ölkədə uşaqlar üçün yaşayış minimumu da 2016-cı ilə münasibətdə dəyişməklə. 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. İddiaçı övladlarının maddi ehtiyaclarının əksər hissəsini öz vəsaiti hesabına ödəyir, cavabdeh də ata kimi uşaqların minimum ehtiyaclarının ödənilməsində iştirak etməyə borcludur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4813/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təsisçisi olduğu şirkət 2009-cu ilin sentyabrından fəaliyyətini dayandırmış, 5 nəfər işçisini də işdən azad etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən hal-hazırda işsizdir. Bütün bunlara baxmayaraq, uşaqlarına mənəvi dəstək göstərməkdə davam edir. Həmçinin, uzun sürən, ağır onkoloji xəstəlikdən əziyyət çəkən 85 yaşlı atasına qulluq edir. Qarabağ qazisidir, sağlamlığını qismən itirdiyinə görə özünün də müalicəyə ehtiyacı var, lakin maddi imkansızlıq ucbatından həmin müalicəni ala bilmir. Hazırda ölkəmiz pandemiya şəraitində yaşayır, çox iş yerləri bağlanıb, fəaliyyət göstərən şirkətlər isə fasilələrlə çalışır və işçilərinin sayını ixtisara salmağa məcburdur. Hazırki vəziyyətdə iş tapmaq demək olar ki, mümkün deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı Dost Mərkəzinin verdiyi xx xxxxxxxx 2020-ci il tarixli arayışdan da göründüyü kimi, xx.xx.2019-cu il tarixdən işaxtaran kimi qeydiyyata alınmasına baxmayaraq, işlə təmin olunmamışdır. Belə bir şəraitdə, iddiaçının alimentin məbləğinin artırılmasının tələbinin məhkəmə tərəfindən təmin edilməsi qanuni hesab oluna bilməz. Belə ki, heç bir yerdən hər hansı bir gəlir əldə etmir, maddi vəziyyəti 2016-cı ildə olduğundan da artıq dərəcədə pisləşmişdir. Bundan başqa iddiaçı 2011-ci ildən Qazaxıstan Respublikasında yaşayır və orada dərman şirkətlərindən birində çalışır, kifayət qədər yüksək əmək haqqı alır, onun ödəyəcəyi cüzi alimentə faktiki olaraq ehtiyacı yoxdur. İddiaçının hazırda məqsədi, onun indiki maddi durumundan istifadə edərək nikah zamanı əldə etdiyi mənzilin bölgü ilə ona çatan üçdə bir payından iddiaçının xeyrinə imtina etməsinə məcbur etməkdir. Halbuki, mənzilin 50 faiz xərclərini cavabdeh ödəmişdir və məhkəmə qətnaməsi ilə mənzilin üçdə iki hissəsi iddiaçıya verilmişdir. Artıq 8 aydır ki, onu mənzil payının iddiaçıya verilməsi iddiaçı tərəfindən tələb olunur. Hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz, çünki onun həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın görünür. Hazırkı halda, 2016-cı ildə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra maddi vəziyyətindəki dəyişiklik, yəni maddi vəziyyətimin daha da pisləşməsi alimentin müəyyən olunmuş miqdarının artırılmasına əsas vermir. Bundan başqa, aldığı məlumata görə iddiaçı 2019-cu ildə ikinci dəfə ailə qurmuşdur, ikinci həyat yoldaşı Azərbaycan vətəndaşıdır və hal-hazırda xarici şirkətdə çalışır. Həmçinin, iddiaçı Qazaxıstan Respublikasının Almata şəhərində 2 otaqlı və Türkiyə Respublikasının İstanbul şəhərində 3 otaqlı mənzillərə sahib olmuşdur ki, bu da iddiaçının maddi durumunun alimentə ehtiyacı olmamasını göstərir. Apelyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 14650/2016 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci və “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddələrini, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh iddiaçının yüksək gəlirə malik olmasını, uşaqların saxlanması üçün onun ödədiyi alimentə ehtiyacı olmadığını qeyd etsə də, iddiaçının yüksək gəlirə malik olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdeh ödədiyi aliment məbləğini cavabdehin şəxsən özü üçün deyil, öz övladlarının saxlanılması məqsədilə cavabdehə ödəyir. Bu səbəblərdən iddianın təmin edilməsi barədə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 4813/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-982/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-982/2021
09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver