Məhkəmə qərarları › İş №2(103)-9837/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9837/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9837/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 katibliyi ilə, İddiaçı Lebedov Anatoliy Semyonoviçin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(006)-4416/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Lebedov Anatoliy Semyonoviç Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(006)-4416/2021 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) 19 oktyabr 2018-cü il tarixli borc müqaviləsi üzrə əsas məbləğin ödənilməsinin gecikdirilməsi üçün 752,08 manat, 25 oktyabr 2018-cü il tarixli borc müqaviləsi üzrə əsas məbləğin ödənilməsinin gecikdirilməsi üçün 379,18 manat olmaqla, ümumilikdə 1131,26 manat faiz, vəkilin göstərdiyi hüquqi yardıma görə 220 manat xərc və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası, şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Apellyasiya şikayətinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsinə dair 23726 nömrəli qəbzdən görünür ki, orada rüsumun təyinatının Bakı Apellyasiya Məhkəməsi üçün deyil, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi üçün ödənilməsi kimi qeyd edilmişdir. Bu səbəbdən də, həmin qəbz hazırkı apellyasiya şikayəti üzrə dövlət rüsumunun Bakı Apellyasiya Məhkəməsinə ödənilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. MPM-in 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bununla yanaşı, apellyasiya şikayəti qanunla müəyyən olunmuş forma və məzmuna riayət olunmadan tərtib edilmişdir. Belə ki, MPM-in 361.1.4-cü maddəsinin tələbinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Lakin cavabdeh apellyasiya şikayətini ümumi formada əsaslandırılmaqla, qətnaməni düzgün hesab etmədiyi konkret əsasları göstərməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Lebedov Anatoliy Semyonoviçin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(006)-4416/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar