Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9840/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və mülkiyyət hüquqlarına xitam verilməsi” barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, yaşadığı mənzilin ümumi sahəsi 79.2 kv.m olmaqla 4 (dörd) yaşayış otağından ibarətdir və yaşayış yeri üzrə 2 (iki) nəfər (özü və arvadı) qeydiyyatdadır. Həmin mənzil 30.10.1986-cı il tarixli order əsasında ona verilmiş və sonradan onun tərəfindən özəlləşdirilmişdir. Həmin mənzili 1976-cı il təvvəlüdlü oğlu Cavabdeh 14 yanvar 2015 ci il tarixdə natarial qaydada təstiq olunmuş bağışlama müqaviləsi əsasında bağışlamış və hüquqlarını Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 31.01.2015-ci il qeydiyyata salmağla hal hazırda mənzilin mülkiyyətçisidir. Etiraf etmək istəyir ki, mülkiyyətində olan mənzili oğlunun adına bağışlama müqaviləsi əsasında keçirəndə, həyat yoldaşı narazılıq etmişdir. Çünki cavabdeh həyat yoldaşına və ona dəfələrlə söz verirdi ki, Azərbaycana gəlib ailə quraçaq, lakin mülkiyyətində ev olmadığı üçün ailə qura bilmədiyini bildirirdi. Yeganə bir oğlu olduğuna görə həyat yoldaşı ilə qərara gəldilər ki, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzili hədiyyə verərək cavabdehə 14 yanvar 2015-ci il tarixdə bağışlamışdır. Daşınmaz əmlak (mənzil) üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən 057120 nömrəli çıxarışla 31.01.2015-ci il tarixdə cavabdehin adına tam rəsmiləşdirilmişdir. Bundan əlavə cavabdeh verdiyi vədi əməl etmədən, Azərbaycana gəlib ailə qurmaqdan müxtəlif yollarla boyun qaçırırdı. 2020-ci il tarixdə evə xəbər göndərərək onun Rusiyada pul borcu olduğunu bildirmişdir. 1988-ci il dekabr ayında hərbi xidməti vəzifəni yerinə yetirərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb ikinci qrup əlil olduğuna görə Dövlət Sığorta Komersiya Şirkəti tərəfindən 6600 (altı min altı yüz) manat sığorta ödənişi edilmişdir. Həmin puldan 4000 (dörd) min manat cavabdehə göndərmişdir. Lakin təəsüflər olsun ki, o yenidən atasına və anasına verdiyi vədlərinə əməl etməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh xəbərləri olmadan Rusiyada ailə qurmuş üç övladı var. Onu və anasını aldadaraq Azərbaycana gəlib ailə qurmaq fikrində deyil. Bunu biləndən sonra 09.02.2021-ci il tarixdə poçt vasitəsi ilə cavabdehə bildiriş göndərərək ondan ona etibarnamə göndərməyə xahiş etmişdir ki, ona bağışladığı mənzili yenidən öz adına keçirdsin. Lakin cavabdeh göndərdiyi bildirişə ondan tələb etdiyi etibarnamə əvəzinə ağ vərəqin üzərində onu, anasını və bacılarını çox istədiyini bildirməklə kifayətlənmişdir. Belə olan halda qərara gəlmişdir ki, məhkəmə qaydasında cavabdeh tərəfindən verdiyi vədlərə əməl etmədiyinə görə bağışlanmağdan imtina etməklə, mənzilin əvvəlki yəni mülkiyyət hüquqlarını bərpa etsin. Göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən hədiyyə verilmiş ünvan 2 ünvanda yerləşən mənzilin 14 yanvar 2015-ci il tarixli bağışlama müqaviləsi ləğv edilməsini və mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamənin çıxarılması xahiş olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh onun oğlu olmaqla ona yalan vədlər verərək, habelə onun anlaqsız və səhhətindən istifadə edərək mənzilin ona bağışlanılmasına nail olmuşdur. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş tərəflər apellyasiya baxışına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara uyğun olduğundan qanuni hesab olunur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventralaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən MH seriyalı 163206 saylı Qedyiyyat Vəsiqəsinin surətindən göründüyü kimi, Bakı şəhəri, Əzizbəyov (indiki Pirallahı) rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 20 saylı evin, 14 nömrəli mənzili mülkiyyət hüququ üzrə İddiaçı Ansaf oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 23.09.1998-ci il tarixdə 30/147068 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 14 yanvar 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, İddiaçı Ansaf oğlu mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 20 saylı evin 14 nömrəli mənzilini Cavabdeh hədiyyə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dölət Reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 20 saylı evin 14 nömrəli mənzil mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 31.01.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 557 nömrəli 11.10.2013-cü il tarixli arayışına əsasən, Cavabdeh Azərbaycan Respublikasının vətəndaşlığına Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 1353 saylı sərəncamı ilə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012-ci il tarixli qərarında bağışlamaqdan imtina ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab etmişdir. MM-in 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. MM-in 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında MM-də, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. MM-in 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. MM-in 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir bağışlama müqaviləsinin iddia tələbində göstərilən əsaslarla ləğv edilməsinə dair hər hansı hüququnun olması müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(094)- 189/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9840/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9840/2021
21.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver