Məhkəmə qərarları › İş №e-2(006)-2249/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2249/2025

27.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2249/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 və digər vəkili Vəkil3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində, Abşeron rayonu 1 saylı notariat ofisi və X8 maraqlı şəxs qismində cəlb edilməklə) «alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində, Abşeron rayonu 1 saylı notariat ofisi və X8 maraqlı şəxs qismində cəlb edilməklə) «alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair AN-İ seriyalı xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, həmin alğı-satqı müqaviləsinin əsasında hüquqların dövlət qeydiyyatı haqqında Cavabdeh1 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 14 sentyabr 2013-cü il tarixdə Bakı 3 saylı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsində 613 saylı akt qeydi ilə nikaha daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(006)-230/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. xx.xx.2012-ci il tarixdə Abşeron rayonu 1 saylı Notariat kontorunda 30.000 manat pula Cavabdeh2 Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsini etibarnamə əsasında yaxın dostu X2 adına almışdır. Keçmiş həyat yoldaşı və qayınatası tərəfindən ona məxsus olan torpaq sahəsinə daxil olmasına maneələr yaradıldıqdan sonra ona məlum olmuşdur ki, torpaq sahəsi qanunsuz olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Halbuki, o, bu müddətə kimi torpaq sahəsinin X2 adına olduğunu hesab etmişdir. Bundan sonra o, hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamış və vəkil sorğusu əsasında əldə etdiyi sənədlər əsasında müəyyən etmişdir ki, keçmiş həyat yoldaşı tərəfindən qanunsuz olaraq öz adına keçirilmişdir. xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi həyat yoldaşının adına rəsmiləşdirilmiş və çıxarış alınmışdır. Abşeron rayonu 1 saylı Notariat ofisindən xx.xx.2024-cü il tarixli 4634 saylı vəkil sorğusuna cavabdan müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdə Cavabdeh2 tərəfindən keçmiş qayınatası X3 Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən mübahisəli 0,10 ha torpaq sahəsinə etibarnamə verilmiş və bu etibarnamə əsasında xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixdə mübahisəli torpaq sahəsinin alğı-satqısına dair müqavilə bağlanmış, Cavabdeh2 adından keçmiş qayınatası X1 həyat yoldaşı Cavabdeh1 0,10 ha torpaq sahəsi 10.000 manata satılmış və bundan sonra torpaq sahəsinə dair çıxarış alınmışdır. 4 saylı Abşeron Ərazi İdarəsindən Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosuna verilmiş sorğuya cavabdan müəyyən olunur ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013cü il tarixdə ********** qeydiyyat, **********75 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh2 həyat yoldaşı X8 xx.xx.2012-ci il tarixli ərizə ilə Abşeron rayonu 1 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək, həyat yoldaşı Cavabdeh2 məxsus olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsini satmasına etiraz etmir. Beləliklə müəyyən olunur ki, Cavabdeh2 torpaq sahəsini 2 dəfə satmış, yada ki, keçmiş qayınatası və həyat yoldaşı qanunsuz olaraq onun tərəfindən alınmış torpaq sahəsinə sahiblənmişlər. 2015-ci ilin aprel ayında fərdi evin tikintisinə başlamış, 12 x 13 metr eskizlə təsdiqlənmiş bünövrə və yeraltı hissəsi tam hazır olmuş, lakin 2015-ci ildə ölkədə baş verən devalvasiya səbəbindən işləri məcburi olaraq dayandırmalı olmuşdur. 2019-cu ilin əvvəllərində yenidən tikintiyə başlamış, həyətin hasarları və köməkçi ev, həmçinin köməkçi tikililər onun tərəfindən tikilmişdir. Tərəfindən məhkəmə proseslərində tikinti işlərində iştirak edən ustalar məhkəməyə şahid qismində cəlb ediləcəkdir. Hesab edir ki, mübahisəli torpaq sahəsi ona məxsus olduğundan cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Sözügedən torpaq sahəsini nikahdan əvvəl əldə etmişdir. İddiaçı ilə o, xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Nikahları 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 613 nömrə ilə qeydiyyata alınmışdır. Birgə yaşadıqları müddətdə onların dörd övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Aralarında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-230/2024 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçının mübahisəsini etdiyi torpaq sahəsini isə o, xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiq olunmuş alğı-satqı müqaviləsi əsasında əldə etmişdir və torpaq üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışa əsasən dövlət tərəfindən tanınmışdır. Qanunvericiliyin tələbinə görə, sözügedən torpaq sahəsini nikahdan əvvəl rəsmi qaydada satın almışdır. Bu səbəbdən də, həmin torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak sayıla bilməz. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Cavabdehin iddia tələbinə dair etiraz və mülahizəsində qeyd etdiklərinə əlavəsi yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili Vəkil3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 izahatında bildirdi ki, Sadiqlə birlikdə torpaq sahəsini almağa gediblər. Həmin torpaq sahəsini Sadiqin pulu ilə alıblar. Sadiq topraq sahəsini alanda məhz onun adına keçirib və bununla bağlı ona bir neçə sənəd imzaladılıb. Bir neçə il sonra isə Sadiq ona zəng edərək həmin torpaq sahəsini adından çıxarmasını istəmişdir. Maraqlı şəxs Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu B.S.İslamov 20 may 2025-ci il tarixli 2454 saylı məktubla məhkəməyə müraciət edərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən məktubu nəzərə alaraq mülki işə maraqlı şəxs Abşeron rayonu 1 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 və maraqlı şəxs X8 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin və Cavabdeh1 nümayəndələrinin ifadələrini dinləyərək iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.1990-cı il tarixdə verilmiş V-JQ seriyalı 317670 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X5 arasında nikah 20 mart 1990-cı il tarixdə Qazax rayonu kənd qəsəbə sovetliyində 19 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Abbasova soyadı verilmişdir. - xx.xx.2012-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 etibarnamədə sadalanan səlahiyyətlərin həyata keçirilməsini X4 etibar etmiş, etibarnamə Abşeron rayonu 1 saylı Notariat Ofisində 7E/01501 reyestr sayı ilə təsdiq edilmişdir. - xx.xx.2012-ci il tarixdə Abşeron rayonu 1 saylı Notariat Ofisində 7E/01-502 reyestr sayı ilə təsdiq edilmiş ərizədən görünür ki, X8 həyat yoldaşı Cavabdeh2 məxsus olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. - xx.xx.2012-ci il tarixli AR-İ seriyalı 228043 saylı etibarnamədən görünür ki, Cavabdeh2 etibarnamədə sadalanan səlahiyyətlərin həyata keçirilməsini X3 etibar etmiş, etibarnamə Abşeron rayonu 1 saylı Notariat Ofisində 7E/17902 reyestr sayı ilə təsdiq edilmişdir. - Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 354 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə/378 reyestr nömrəli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsini 10.000 manata Cavabdeh1 satmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 354 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)230/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında xx.xx.2013-cü il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 613 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə aliment tutulması qət edilmişdir. - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 iyul 2024cü il tarixli AZ-İ seriyalı 490536 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah Nəsimi rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş, bu barədə xx.xx.2024-cü il tarixdə 209 saylı akt qeydi aparılaraq, nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara – torpaq sahəsinin faktiki olaraq onun tərəfindən alınması və s. dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı mübahisələndirdiyi alğısatqı müqaviləsinin tərəfi olmamış, eləcə də, torpaq sahəsinin alğı-satqı müqaviləsi iddiaçı ilə Cavabdeh1 nikaha daxil olmamışdan öncə bağlanmışdır. Qeyd olunan torpaq sahəsi birgə nikah dövründə əldə edilmədiyindən, iddiaçının həmin torpaq sahəsi üzərində hər hansı hüququ yoxdur. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində, Abşeron rayonu 1 saylı notariat ofisi və X8 maraqlı şəxs qismində cəlb edilməklə) «alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində, Abşeron rayonu 1 saylı notariat ofisi və X8 maraqlı şəxs qismində cəlb edilməklə) «alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar