Məhkəmə qərarları › İş №2(103)-9847/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9847/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9847/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X3 və Cavabdeh1 qarşı “kredit üzrə hesablanmış faizlərin tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli 2(011)-8951/2016 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər X3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ASC-nin xeyrinə 56273,61 ABŞ dolları faiz borcunun tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,15 ha torpaq sahəsində ümumi sahəsi 340,49 kv.m, yaşayış sahəsi 125,54 kv.m, yardımçı sahəsi 214,95 kv.m olan 5 otaqlı bağ evinə yönəldilməsi və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə X5 arasında bağlanmış 13.04.2011-ci il tarixli, 045 saylı kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra olunmadığından Bank tərəfindən Xətai Rayon Məhkəməsində iddia qaldırılmış, Xətai Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2013 saylı qətnaməsinə əsasən X1 ASC-nin xeyrinə 400.000 ABŞ dolları əsas borc, 48.189 ABŞ dolları faiz borcu, 6.400 ABŞ dolları cərimə məbləğində vəsait qətnamənin icra olunduğunu günə olan manat məzənnəsi ilə və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,15 ha torpaq sahəsində ümumi sahəsi 340,49 kv.m yaşayış sahəsi 125,54 kv.m yardımçı sahəsi 214,95 kv.m olan 5 otaqlı bağ evinin hərrac yolu ilə satılaraq satışdan əldə olunan vəsaitdən 400.000 ABŞ dolları əsas borc, 48.189 ABŞ dolan faiz borcu, 6.400 ABŞ dolları məblğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 20 manat dövlət rüsumunun ASC-yə ödənilməsi qət edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər bu günə kimi icra olunmamış və Xətai Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2013 saylı qətnaməsi qəbul olunan tarixdən bu günə kimi illik 5% faizlə 56237,61 ABŞ dolları məbləğində borc hesablanmışdır. Hesablanmış borc 13.04.2011-ci il tarixli, 045 saylı kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra olunmadığından yarandığından, tutma həmin kredit müqaviləsi üzrə kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş bağ evinə yönəldilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli 2(011)- 8951/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 56273,61 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Hüseyn Qasımov apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə ona məlumat verilməmiş, həmçinin məhkəmə qətnaməsinin surəti ona göndərilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. İş materiallarında olan 13.04.2011-ci il tarixli 045 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Sahil filialı ilə X3 arasında 12 ay müddətinə, illik 18 % ödəmək şərti ilə, 400.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış 13.04.2011-ci il tarixli 045 nömrəli ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Sahil filialı ilə X3 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün dəyəri 700.000 ABŞ dolları məbləğində qiymətləndirilmiş, ünvan 1 ünvanında yerləşən 0,15 ha torpaq sahəsində ümumi sahəsi 340,49 kv.m yaşayış sahəsi 125,54 kv.m yardımçı sahəsi 214,95 kv.m olan 5 otaqlı bağ evi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xitməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 0,15 ha torpaq sahəsində ümumi sahəsi 340,49 kv.m yaşayış sahəsi 125,54 kv.m yardımçı sahəsi 214,95 kv.m olan 5 otaqlı bağ evinin xüsusi mülkiyyətində olan mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialının xeyrinə yüklü edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2013 saylı qətnaməsindən görünür ki, X1 ASC-nin xeyrinə 400.000 ABŞ dolları əsas borc, 48.189 ABŞ dolları faiz borcu, 6.400 ABŞ dolları cərimə məbləğində vəsait qətnamənin icra olunduğunu günə olan manat məzənnəsi ilə və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,15 ha torpaq sahəsində ümumi sahəsi 340,49 kv.m yaşayış sahəsi 125,54 kv.m yardımçı sahəsi 214,95 kv.m olan 5 otaqlı bağ evinin hərrac yolu ilə satılaraq satışdan əldə olunan vəsaitdən 400.000 ABŞ dolları əsas borc, 48.189 ABŞ dolan faiz borcu, 6.400 ABŞ dolları məblğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 20 manat dövlət rüsumunun ASC-yə ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan pul vəsaitinin mülkiyyətçisi Cavabdeh1 qaytarılması, mənzillər açıq hərracda satıldıqdan sonra 1 aydan gec olmayaraq Cavabdeh1 mənzildən çıxarılması qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 29.09.2016-cı il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2016 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən icra olunmadan məhkəməyə göndərilmişdir. 29.09.2016-cı il tarixli “icra sənədinin məhkəməyə qaytarılması barədə” Qərardan görünür ki, ünvan 3 ünvanda yerləşən 5 otaqlı bağ evi 700000 manat qiymətləndirilərək hərracın keçirilməsi üçün Daşınar və Daşınmaz Əmlakların Satış üzrə Hərrac Mərkəzinə sifariş verilmiş, həmin bağ evi hərracdan satılmadığı üçün Daşınar və Daşınmaz Əmlakların Satış üzrə Hərrac Mərkəzi tərəfindən 01/2021 saylı 19 iyun 2014-cü il tarixli məktubla sifariş məktubu icrasız geri qaytarılmışdır. Tələbkar "xxxx" ASC bağ evini borc əvəzinə qəbul etməmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş qətnamə ilə kredit müqaviləsi üzrə borcun tutulması müəyyən edilmiş, tutma ipoteka predmetinə yönəldilmiş, ipoteka predmeti 700000 manat qiymətləndirilərək hərraca çıxarılmış, hərracdan satılmamış və icrasız geri qaytarılmış, bank tərəfindən isə ev borcun əvəzi olaraq qəbul edilməmişdir. İddiaçı hazırda 17.01.2013-cü il tarixdən sonra cavabdeh Hüseyn Qasımovun icrasnı gecikdirməsinə görə illik 5% ilə hesablanmış faiz borcunu tələb edir. Kollegiya hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, borclu müqavilədən irəli gələn öhdəliyini müəyyənləşdirilmiş müddətdə icra etmirsə bu icranın gecikdirilməsi hesab edilir və belə olan halda kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış borc tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, «Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə də, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verdiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb oluna bilməz.» Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Baxılan iş üzrə Cavabdeh2 borcun ipoteka predmetinə yönəldiməsi barədə məhkəmə qətnaməsini mübahisələndirməmiş, eyni zamanda həmin qətnamədən evin mülkiyyətçisi olan Cavabdeh1 da apelyasiya şikayəti verməmişdir. İcra işindən də Cavabdeh2 ipoteka predmetinin satışına hər hansı maneələr yaratması müəyyən olunur. Bu isə onun tutmanın ipoteka predmetinə yönəldilməsinə faktiki razılığı kimi qiymətləndirilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 pul öhdəliklərinin həyata keçirilməsi ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2013 saylı qətnaməsinin icra edilməməsi ilə bağlı təqsiri olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyinin mümkün olmadığını sübuta yetirsin. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2013 saylı qətnaməsi icraya yönəldikdən sonra qətnamə ilə üzərinə tutma yönəldimiş Cavabdeh1 məxsus bağ evi 700.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satışa sifariş olunmuş, lakin keçirilən hərrac baş tutmadığından, hərrac təşkilatı tərəfindən sifariş sənədləri geri qaytarılmışdır. Bağ evi tələbkar banka təklif olunmasına baxmayaraq, ev bank tərəfindən təhvil götürülməmişdir (alınmamışdır). Göründüyü kimi, baş vermiş süründürməçilik Cavabdeh2 təqsiri üzündən yox, icra məmuru, hərrac təşkilatı və iddiaçının özünün hərəkətsizliyi səbəbindən baş vermişdir ki, buna görə də Cavabdeh2 məsuliyyət daşıya bilməz. Ona görə də Kollegiya qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2013 saylı məhkəmə qətnaməsinin icra edilməməsində Cavabdeh2 təqsirli olmadığını nəzərə alaraq, həmin qətnamənin icra edilməməsi nəticəsində illik 5% ilə hesablanmış faiz borclarının yaranmasında onun məsuliyyət daşımadığı qənaətinə gəlir. Həmçinin, iddiaçı bank Cavabdeh2 tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaranmış pul öhdəliyinin könüllü surətdə icra etməkdən boyun qaçırması ilə əlaqədar hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı «tutmanın ipoteka predmetinə yönəldilməsi» hissəsində başqa əsasla rədd etdiyindən, qətnamə tam ləğv olunmalı, həmin tələb əsas tələbin (borcun tutulması) təmin edilməməsi əsası ilə rədd edilməlidir, belə ki, həmin hissədə iddianın rədd olunması «tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinin də rədd olunması üçün əsasdır və bununla bağlı hər hansı araşdırma aparmağa ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-cü maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli 2(011)- 8951/2016 saylı iş üzrə qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər X3 və Cavabdeh1 qarşı kredit üzrə hesablanmış faizlərin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar