Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-985/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil Həzi oğlunun və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə Feyzi oğlunun iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 04 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Şüvəlan qəsəbəsi, Yeni bağ sahəsində nömrəsiz ünvanda yaşamışdır. Sözügedən ünvan faktiki olaraq Cavabdeh məxsus olmuşdur. Həmin bağ sahəsində yarımçıq inşa olunmuş həyət evi olmuş, yaşadığı müddət ərzində bağ sahəsində yaxşılaşdırma işləri aparmışdır. 2023-cü ildə evdən çıxmış və yaxşılaşdırma işlərinə görə çəkdiyi xərci cavabdehdən tələb etmiş, sonuncu həmin xərci ödəməkdən imtina etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Şüvəlan qəsəbəsi, Yeni Bağ sahəsində yerləşən nömrəsiz ünvanda olan 0,6 hektar bağ sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinə görə ödədiyi 23.500 manat, ev və həyətyanı sahədə etdiyi yaxşılaşdırma işləri üçün xərclədiyi 9.000 manat məbləğin və həmin dövrdən 2024-cü il tarixədək inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə əsasən 32.641 manat, Milli Bankın uçot dərəcəsinə görə 11.280 manat, cəmi 76.421 manat və dövlət rüsumu kimi ödədiyi 319,29 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh Nəsirov X1 İqr Məsim oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 2018-ci ildən 2023-cü il tarixədək müddət ərzində öz torpaq sahəsi və evindən istifadə edilməsinə görə kirayə pulu qismində 36.000 manat, həmin pul və vəsaitin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5% hissəsi olan 1.800 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 8,5% hissəsi olan 3.060 manat, evə dəymiş zərər qismində 10.000 manat, cəmi 50.860 manat pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlkin iddia onunla əsaslandırılmışdır ki, 2018-ci ildə bacanağı Cavabdeh şifahi alqısatqı müqaviləsi ilə 23.500 manat ödəyərək Şüvəlan qəsəbəsi, Yeni bağ sahəsində nömrəsiz ünvanda yerləşən 0,6 ha bağ sahəsi almışdır. Həmin bağ sahəsində yarımçıq inşa olunmuş həyət evi var idi. Yaşadığı müddət ərzində bağ sahəsində 9.000 manat məbləğində yaxşılaşdırma işləri aparmışdır. 2023-cü ildə Cavabdeh onu ailəsi ilə birlikdə evdən çıxartmışdır. Şifahi alqı-satqı müqaviləsi bağlanarkən Rövşən ona başqa evin və torpaq sahəsinin sənədini göstərib həmin torpaq sahəsinə aid olduğunu demişdir. Sonradan bildi ki, həmin sənədlər ona satılan evə aid deyil.15 fevral 2024-cü ilin fevral ayında əmlaklarını götürmək üçün qardaşı ilə həmin ünvana getdikdə aralarında mübahisə yaranmış, Rövşən atası və qardaşı ilə onları döyərək həyətdən qovmuşdur. Cavabdeh onu zorla evindən çıxartmışdır və hal-hazırda o, kirayədə qalır.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özü də iddia ərizəsində ona məxsus torpaq sahəsindən 2018-ci ildən bəri istifadə etdiyini etiraf etmişdir. Belə ki, bacanağı İddiaçı 2018-ci ildə ailəsi ilə birgə yeni bir evə köçmək istədikləri üçün ondan ev tapmaqda kömək istəmiş, o, həmin vaxt istifadəsində və faktiki mülkiyyətində Şüvəlan qəsəbəsi, Yeni Bağ sahəsində nömrəsiz ünvanda yerləşən 0.6 hektar olan torpaq sahəsinin olduğunu bildirərək həmin torpaqda tikəcəyi evi onlara kirayə verə biləcəyini demişdir. Həmin vaxt qaynanası və yoldaşı ona bacanağının və baldızının ailəsinin imkanı aşağı olduğu üçün onlara kömək etməyini xahiş etmişdi. İddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən istifadəsində olan həmin torpaq sahəsində ev tikib. Faktiki olaraq torpaq sahəsi iddiaçının istifadəsində olduğu və tikdiyi evdə yaşadıqları müddətdə qarşı tərəfdən heç bir kirayə pulu almayıb. İddiaçı daha sonra əlinə pul gəldikdə ona ödəniş edəcəyini bildirmişdir. Gələcəkdə qeyd edilən torpaq sahəsi və ev üçün çıxarış aldığı təqdirdə isə münasib qiymətə iddiaçıya satacaqdı. 2023-cü il tarixdə iddiaçı evdən çıxmaq istədiyini evə çəkdiyi xərcləri ona ödəməli olduğunu bildirdi. O isə evə çəkilən xərclərin hamısının onun tərəfindən qoyulmadığını, evə onun tərəfindən qoyulan məbləğin 10.500 manat olduğunu bildirdi və indiyədək torpaq sahəsindən və tikdiyi evdən istifadəyə görə kirayə pulu qismində (aylıq 600 manat olmaqla) 5 il üçün cəmi 36.000 manat pul vəsaiti tələb etdi. Xəzər rayonunda daha kiçik evlərə görə kirayə pulları aylıq 500-600 manatdır. Azərbaycan Mərkəzi Bankının saytından götürülmüş çıxarışdan görünür ki, 2023-2024-cü illər arasında ortalama bank uçot dərəcəsi 8.5 %-dir. Faktiki olaraq Cavabdeh mülkiyyətində olan sözügedən evə İddiaçı tərəfindən istifadə müddətində 10.000 manatdan çox zərər dəymişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov, iş № 2(003)-2924/24) iddia qismən təmin edilmiş, iddiaçının xeyrinə Cavabdeh 10.500 (on min beş yüz) manat məbləğində borc, 121,5 (manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10.621,5 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir.
7. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh Şüvəlan qəsəbəsi, Yeni Bağ sahəsində yerləşən nömrəsiz ünvanda olan 0,6 hektar bağ sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinə görə ödədiyi 23.500 manat tələb edir, lakin bu borcla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında 10.500 manat məbləğinin hissə-hissə ona ödəndiyini etiraf etdiyinə görə, məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli, cavabdehdən 23.500 manat deyil, 10.500 manat borc tutulmalıdır. İddiaçı ev və həyətyanı sahədə etdiyi yaxşılaşdırma işləri üçün xərclədiyi 9.000 manat məbləğin və həmin dövrdən 2024-cü il tarixədək inflyassiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə əsasən 32.641 manat, Milli Bankın uçot dərəcəsinə görə 11.280 manat, cəmi 76.421 manat tələb etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin olunmamalıdır. Məhkəmə hesab etmişdir ki, ilkin iddia qismən təmin olunduğuna görə qarşılıqlı iddia təmin oluna bilməz və rədd olunmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı və Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri vermişlər.
10. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə bütün sübutları, o cümlədən istintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını, həmçinin R. Nəsirovun, F.Nəsirovun, S.Nəsirovun istintaqa verdiyi izahatlarını təqdim etsə də, məhkəmə ümumiyyətlə qətnamədə bu sübutların adını çəkməmiş və bunlara heç bir hüquqi qiymət verməmişdir. Həmin sübutların təsdiq olunmuş surətlərini qəbul etməkdən imtina etmişdir. Evdə aparılmış təmir işləri ilə əlaqədar videoçəkilişi təqdim etsə də, hakim qəbul etməkdən imtina etmişdir.
11. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə iddia tələbi üzrə şahid siyahısı və şəxsiyyət vəsiqələri təqdim olunmuş, siyahıda olan 10 nəfər şahiddən sadəcə 2 nəfərin izahatı alınmışdır. Dəymiş zərərlə bağlı məhkəməyə təqdim etdikləri sübutlar dəyərləndirilməmiş, ekspertiza belə təyin edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etdilər.
14. Cavabdehin nümayəndəsi isə təmsil etdiyi şəxsin apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində qətnaməni hər iki tərəf mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. İddiaçı şifahi alqı-satqı müqaviləsi əsasında 23500 manata 0,6 ha bağ sahəsi aldığını, yaşadığı müddət ərzində bağ sahəsində 9.000 manat məbləğində yaxşılaşdırma işləri apardığına istinad edərək hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi yaşayış evinə görə ödədiyi 23.500 manat, ev və həyətyanı sahədə etdiyi yaxşılaşdırma işləri üçün xərclədiyi 9.000 manat məbləğin və həmin dövrdən 2024-cü il tarixədək inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə əsasən 32.641 manat, Milli Bankın uçot dərəcəsinə görə 11.280 manat, cəmi 76.421 manat və dövlət rüsumu kimi ödədiyi 319,29 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədədir.
20. Cavabdeh isə öz növbəsində qarşılıqlı iddia verərək İddiaçı 2018-ci ildən 2023-cü il tarixədək keçən müddət ərzində mübahisəli torpaq sahəsi və evdən istifadə edilməsinə görə kirayə pulu qismində 36.000 manat, həmin pul və vəsaitin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5% hissəsi olan 1.800 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 8,5% hissəsi olan 3.060 manat, evə dəymiş zərər qismində 10.000 manat, cəmi 50.860 manat pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə baxışında iddianı 10.500 manat hissəsində etiraf etməsini əsas götürərək iddianı 10.500 manat həddində təmin etmiş, ilk iddia tələbini qalan hissədə və eləcə də qarşılıqlı iddianı sübuta yetirilmədiyindən rədd etmişdir.
22. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehdən pulun tutulması ilə bağlı mövqeyini əsaslı hesab etsə də, 0,6 ha bağ sahəsi və yaşayış evinə görə ödənilmiş pul vəsaitinə görə tutulmalı məbləğin miqdarı barədə gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir.
23. Belə ki, Bakı şəhəri Xəzər RPİ-nin İstintaq şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin rədd olunması barədə Qərarda qeyd edilir ki, izahatı alınmış Cavabdeh bildirib ki, əvvələr Şüvəlan qəsəbəsi, Yeni bağ sahəsində yerləşən nömrəsiz ünvanda olan 0,6 hektar ərazidə yerləşən özünə məxsus yaşayış evini bacanağı İqra ailəsi ilə yaşaması üçün vermişdir. O, həmin həyətyanı sahəsinə 23.500 manat pul xərcləmişdir. 2023-cü ilin oktyabr ayında İqr ondan evdən çıxmaq istədiyini və xərclədiyi pulu ona geri qaytarmağı istəmişdir. O da onunla razılaşaraq 2024-cü ilin iyul ayının sonuna qədər həmin məbləği qaytaracağını bildirmişdir.
24. İzahatı alınmış X4 (cavabdehin qardaşı) bildirmişdir ki, əvvəllər Şüvəlan qəsəbəsi Yeni bağ sahəsində yerləşən nömrəsiz ünvanda olan 0,6 ha ərazidə yerləşən qardaşı Rövşənə məxsus yaşayış evini bacanağı olan İqra ailəsi ilə yaşaması üçün vermişdir. O, həmin həyətyanı sahəyə 23.500 manat pul xərcləmişdir. 2023-cü ilin oktyabr ayında İqr qardaşı Rövşənə evdən çıxmaq istədiyini və xərclədiyi pulu ona geri qaytarmağı istəmişdir. Qardaşı Rövşən onunla razılaşmışdır ki, 2024-cü ilin iyul ayının sonuna qədər həmin məbləği İqra qaytaracaq.
25. İzahatı alınmış X3 (cavabdehin atası) bildirmişdir ki, əvvəllər Şüvəlan qəsəbəsi Yeni bağ sahəsində yerləşən nömrəsiz ünvanda olan 0,6 ha ərazidə yerləşən oğlu Rövşənə məxsus yaşayış evini bacanağı olan İqra ailəsi ilə yaşaması üçün vermişdir. İqr həmin həyətyanı sahəyə 23.500 manat pul xərcləmişdir. 2023-cü ilin oktyabr ayında İqr oğlu Rövşənə evdən çıxmaq istədiyini və xərclədiyi pulu ona geri qaytarmağı istəmişdir. Oğlu Rövşən onunla razılaşaraq 2024-cü ilin iyul ayının sonuna qədər həmin məbləği İqra qaytaracağını bildirmişdir
26. Göründüyü kimi, cavabdeh polis idarəsində vefrdiyi izahatında iddiaçıya 23.500 manat pul borcu olduğunu etiraf etmiş və bu faktı onun atası və qardaşı da öz ifadələrində təsdiq etmişlər. Həmin məsələlər polis idarəsinin istintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında da öz əksini tapmışdır.
27. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh istintaq zamanı verdiyi ifadədən fərqli olaraq məhkəmə baxışındakı izahatında həmin faktı təhrif edərək iddianı 23500 manat deyil, 10500 manat hissəsində etiraf etməklə məsuliyyətdən yayınmaq məqsədi daşıyır və ona görə də onun məhkəmə iclasında verdiyi bu izahata tənqidi yanaşılmalı, bu izahatın deyil, istintaq zamanı verdiyi ifadənin daha mötəbər olduğu qəbul edilməlidir.
28. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
31. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbini 23.500 manat hissəsində sübut edə bilmişdir.
32. Məhkəmə kollegiyası eyni zamanda birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd olunması hissəsində gəldiyi nəticəni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun sayır və hesab edir ki, məhkəmə həmin hissədə sübutları düzgün qiymətləndirmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
35. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
36. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh İddiaçı xeyrinə 10500 manat pul tutulması hissəsində dəyişdirilsin və cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği 23500 (iyirmi üç min beş yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.