Məhkəmə qərarları › İş №2(103)-986/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-986/2020

06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-986/2020 06.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4142/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 53.000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış və xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilərək reyestrdə 3M-77 nömrə ilə qeydə alınmış kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2017-ci il tarixədək qaytarılması şərti ilə 53.000 manat məbləğində borc pul verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh borc məbləğini xx.xx.2017-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməsi müddəti başa çatdıqdan sonra dəfələrlə Cavabdeh borcunu ödəmək üçün müraciət edilmiş və hər dəfə onun tərəfindən müəyyən bir müddətə borcun ödənilməsi üçün möhlət alınmış, ancaq müddət çatdıqda müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Kredit müqaviləsinin 8-ci bəndində göstərilir ki, borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Qeyd edilməsi zəruridir ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Həmin müqavilənin 9-cu bəndinə görə tərəflərin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4142/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə onun arasında Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 3M-77 nömrəli kredit müqaviləsi ilə guya ona 53.000 manat borc verilib, əslində isə ona heç bir vəsait verilməyib və bu 53.000 manat X5 zərərçəkmiş şəxs kimi tanındığı X2 təqsirləndirilməsinə dair cinayət işi üzrə iddiaçıya vurulmuş maddi zərər məbləğidir. Bu səbəbdən də İddiaçıla onun arasında müqavilə bağlanarkən eyni zamanda X4 ilə onun arasında eyni məbləğ - 53.000 manat borcla əlaqədar Bakı şəhəri 19 saylı Notariat Kontorunda xx xxxxxx 2017-ci il tarixli, 3M-78 nömrəli kredit müqaviləsi bağlanıb. Bu halları birinci instansiya məhkəməsində bildirsə də, iş üzrə obyektiv araşdırma aparılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, 53000 manat X2 iddiaçıya vurduğu ziyanın məbləğidir. Lakin cavabdeh həmin məbləğin ödəmək öhdəliyini üzərinə götürmüş və buna görə də iddiaçı istintaq dövründə X3 dair heç bir şikayətinin olmaması barədə sənəd imzalamışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı faizsiz, xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 53.000 (əlli üç min) manat borc almışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehəqarşı tələbi tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli “borcun etirafı” müqaviləsindən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh İddiaçı qarşısında 53 000 manat məbləğində borc pulu qaytaracağı öhdəliyini götürməsi, onların arasında bununla bağlı xx xxxxxx 2017-ci il tarixdə müqavilənin bağlandığı, cavabdehin həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və onun apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Nəzərə alınmalıdır ki, tərəflər arasındakı “borcun etirafı” müqaviləsinin bağlanmasına səbəb olan şərait və tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Belə ki, hazırkı mübahisə tərəflər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamışdır. Çünki tərəflər arasında bağlanmış borcun etirafı müqaviləsi mahiyyət etibarı ilə Mülki Məcəllənin 882.1-ci maddəsində nəzərdə tutulmuş mövcud borcun etirafı haqqında mücərrəd müqavilədir və həmin maddənin tələblərindən də görünür ki, mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarlı hesab edilməsi üçün onun hansı münasibətlərdən əmələ gəldiyini əhəmiyyəti yoxdur və yalnız onun formasına riayət edilməsi tələb olunur. Ona görə də, iddiaçı həmin müqaviləyə əsasən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Xüsusilə qeyd olunmalıdır ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmündən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən təqsirli bilinmiş, işə zərərçəkmiş şəxs qismində cəlb edilmiş İddiaçı notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığınıbildirmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılan zaman zərərçəkmiş İddiaçı bu ərizəni təqdim etməsinə əsas hazırki cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi olmuşdur. İddiaçı şikayət və tələbinin olmaması barədə ərizəsi C.Hüseynovun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınıb nəticədə məhkəmə tərəfindən ona daha yüngül cəza təyin edilmişdir. İddiaçının hazırki kredit müqaviləsinin mövcudluğuna inanaraq cinayət işinə baxılarkən mülki iddiaçı kimi tanınmaması, əksinə vurulmuş ziyanın ödənilməsi barədə ərizə təqdim etməsi, digər tərəfdən cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərdən çıxış etməsi belə fikir yaratmağa əsas verir ki, iddiaçı ikinci dəfə aldadılmış vəziyyətə salınmışdır. Kollegiya, işin bütün hallarını ümumiləşdirərək cavabdehin bu mövqedən çıxış etməsini öhdəliyin icrasından yayınmaq kimi qiymətləndirərək apellyasiya şikayətinnin əsassız olamsı qənaətinə gəlir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4142/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar