Məhkəmə qərarları › İş №2(103)-986/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-986/2023

25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-986/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4267/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 sentyabr 2020-ci il tarixdə cavabdehə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 72 ünvanında yerləşən zirzəmidə su boruların açıq qalması ucbatından yan tərəfdə və səviyyəsinə görə həmin zirzəmidən aşağı səviyyədə yerləsən iddiaçıya məxsus olan "Sim-Sim” restoranına su dolmuş, həmin zaman restoranda işlək vəziyyətdə olan dörd ədəd soyuducu tam sıradan çıxmış və həmin soyuducularda saxlanılan balıq, ət, un, yağ və sair ərzaq məmulatları istifadəyə tam yararsız vəziyyətə düşmüşdür. “Sim-Sim" restoranında sıradan çıxan soyuducuların hər birinin dəyəri 800 manat, ərzaqların dəyəri isə 600 manat, cəmi 3800 manat, mənəvi zərərə görə 500 manat, əldən çıxmış faydaya görə 1000 manat, cəmi 5300 manat məbləğində zərər dəymişdir Dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə pretenziya verilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən vurulmuş zərərin ödənilməsi ilə bağlı heç bır tədbir görülməmişdir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh onun xeyrinə tam yararsız hala düşmüş 4 soyuducunun dəyəri olan 3200 manat, ərzaqların dəyəri 600 manat, cəmi 3800 manat zərər, mənəvi zərərə görə 500 manat, əldən çıxmış faydaya görə 1000 manat, cəmi 5300 manat məbləğində pul və ödənilmiş 73 manat dövlət rüsumu tutulmasını məhkəmədən xahiş etmişdir.

3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4267/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia tələbi təmin edilməmişdir.

4. İddaçı qətnaməni mübahisələndirmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, qətnamə rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, məhkəmə iddiaçıya sübutların təqdim edilməsi üçün heç bir şərait yaratmamış, çəkişmə prinsipini pozaraq məhkəmə iclasını təxirə salmamaqla iddiaçının nümayəndəsinin məhkəmədə iştirak etməsini təmin etməmişdir, bunun nəticəsi olaraq təqdim ediləcək sübutlara heç bir hüquqi qiymət verilməmişdir. Belə ki, ərazi aidiyyəti üzrə Mənzil İstismar Sahəsinin tərtib etdiyi müvafiq aktın təqdim edilməsi mümkün olmadığından iddiaçının bununla bağlı təqdim edəcəyi sübutlar araşdırılmamış, nəticədə əsassız və qanunsuz olaraq iddia rədd edilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, soyuducuya dəymiş zərərlə bağlı mütəxəssis rəyini məhkəmə kollegiyasına təqdim edərək bildirdi ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər dəymişdir.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

8. İddiaçının təqdim etdiyi, Mənzil İstismar Sahəsinin rəisi və sahə nəzarətçiləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan məlum olur ki, Azadlıq prospekti, 72 ünvanında yerləşən “Sim-sim” kafesinin müdriyyəti obyektə su dolması ilə bağlı 16 saylı MKİS-ə şikayət etmişdir. Hadisə xx.xx.2017-ci ildə baş vermişdir. Obyektə baxış keçirilsə də, həmin suyun hansı qonşu və ya obyektdən axıdılması aşkar edilməmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-986/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1761 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qərardadın 1-ci sualı üzrə, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin su xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur olmadığını və 16 saylı MKİS-in arayışında suyun hardan axıdılmasının müəyyən edilmədiyinin göstərildiyini nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 72 ünvanında yerləşən, iddiaçıya məxsus qeyri-yaşayış obyektinə suyun sızmasının dəqiqliklə səbəbini müəyyən etmək mümkün olmadı.

11. Qeyd olunur ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin divarından ümumi kanalizasiya xəttinin keçdiyini, həmin xəttin keçdiyi hissələrdə su axma ləkələrinin mövcud olduğunu, eləcə də həmin xəttin keçdiyi divarın iddiaçıya məxsus qeyriyaşayış sahəsinin divarına bitişik olduğunu nəzərə alaraq, ümumi kanalizasiya xəttində yaranmış nasazlıq səbəbindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə su sıza bilər.

12. Qərardadın 2-ci sualı üzrə, su sızması nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 72 ünvanında yerləşən, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin eni 2.2 metr, uzunluğu 2.5 metr, hündürlüyü 3,1 metr olan anbar otağının divarlarına vurulmuş spatlyovka və boya qatının üzərində qabarmalar olduğu müşahidə olundu. Həmçinin qeyd olunur ki, avadanlıqlara dəymiş ziyanın müəyyən olunması tikintitexniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir.

13. Qərardadın 3-cü sualı üzrə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 72 ünvanında yerləşən, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində olan mövcud qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 371 manat məbləğində olduğu müəyyən edildi. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

30. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

32. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış Qeyd olunan normaların təhlilindən göründüyü kimi mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranma əsasları aşağıdakılardır.

35. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) hüquqazidd olmalıdır;

36. törədilmiş həmin əməl nəticəsində başqa şəxsə birbaşa ziyan yetirilməlidir;

37. zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticə arasında səbəbli əlaqə olmalıdır;

38. hüquq pozan şəxsin təqsiri olmalıdır.

39. İddiaçı onun qeyri-yaşayış sahəsinə suyun məhz cavabdehlər tərəfindən axıdılmasını, cavabdehlərin təqsiri olduğunu iddia etsə də, məhkəmə kollegiyasının araşdırmaları ilə bu hal öz təsdiqini tapmamış, başqa sözlə, iddiaçıya məxsus qeyriyaşayış obyektinə suyun sızmasının səbəbini müəyyən etmək mümkün olmamış, həmin qüsurların məhz cavabdehlərin hərəkətləri nəticəsində yaranması sübut olunmamış, iddiaçı tərəfindən də belə sübutlar təqdim edilməmişdir.

40. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1761 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin su xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur olmadığı və 16 saylı MKİS-in arayışında suyun hardan axıdılmasının müəyyən edilmədiyinin göstərildiyini nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 72 ünvanında yerləşən, iddiaçıya məxsus qeyri-yaşayış obyektinə suyun sızmasının dəqiqliklə səbəbini müəyyən etmək mümkün deyildir.

43. Qeyd olunur ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin divarından ümumi kanalizasiya xəttinin keçdiyini, həmin xəttin keçdiyi hissələrdə su axma ləkələrinin mövcud olduğunu, eləcə də həmin xəttin keçdiyi divarın iddiaçıya məxsus qeyriyaşayış sahəsinin divarına bitişik olduğunu nəzərə alaraq, ümumi kanalizasiya xəttində yaranmış nasazlıq səbəbindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə su sıza bilər.Məhkəmə kollegiyası hazırkı mülki işin faktiki halları baxımından ekspertlərin bu qənaətini ağlabatan hesab edir. Ümumi kanalizasiya xəttindən suyun sızmasına görə cavabdehin məsuliyyət daşımadığı isə mübahisəsizdir.

44. Məhkəmə kollegiyası iddiaçı tərəfindən işə apellyasiya qaydasında baxılarkən ona vurulduğunu iddia etdiyi zərərin məbləği ilə bağlı təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəsəssis rəyinə münasibətdə bildirir ki, həmin sübut MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından qəbul edilə bilməz.

45. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, məhkəmə iddiaçıya sübutların təqdim edilməsi üçün heç bir şərait yaratmamış, çəkişmə prinsipini pozaraq məhkəmə iclasını təxirə salmamaqla iddiaçının nümayəndəsinin məhkəmədə iştirak etməsini təmin etməmişdir.

46. Kollegiya iddiaçının apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır və qeyd edir ki, mülki iş materiallarında olan birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli protokolundan məlum olur ki, məhkəmə iclası məhz iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında xx.xx.2022-ci il tarixə təxirə salınmışdır (i/v 49). Beləliklə, apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

47. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçıya maddi ziyan vurulmasının məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsinə dair biri digərinin tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və əsaslı şübhədənkənar sübut təqdim etmədiyindən, onun apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:

48. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır.

50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4267/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına iddiaçıdan tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar