Məhkəmə qərarları › İş №2(103)-9878/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9878/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9878/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-38/2021 saylı 16 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı 014R********** saylı kredit razılaşması üzrə 115521,58 ABŞ dolları kredit borcu, 54520,53 ABŞ dolları faiz borcu və 64776,10 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 235218,45 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 115521,58 ABŞ dolları kredit borcu, 54520,53 ABŞ dolları faiz borcu və 64776,10 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 235218,45 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının tutulması, tutmanın Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə İnşaatçılar prospekti 12/26 ünvanda yerləşən və Cavabdeh1 mülkiyyətində olan 86.8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə və Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanda yerləşən və Cavabdeh1 mülkiyyətində olan 29.4 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 235.218,45 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanda yerləşən 86.8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanda yerləşən 29.4 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bank ilə bağladığı 19.12.2014cü il tarixli 014L**********98 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğindəm kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 25.12.2014-cü il tarixli 014R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərli ilə 125.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 01.05.2015-ci il tarixli 014R**********S saylı, 16.07.2015-ci il tarixli 014R**********SA saylı. 02.06.2016-cı il tarixli 014R**********SB saylı, 03.11.2016-cı il tarixli 014R**********SC saylı, 10.02.2017-ci il tarixli 0İ4R**********SD saylı, 02.08.2017-ci il tarixli 014R**********SE saylı, 07.03.2018-ci il tarixli 014R**********SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.01.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9478.42 ABŞ dolları ödəmiş, onun 115521.58 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 18.04.2019-cu il tarixə 105 gün üçün hesablanmış faiz borcu 54520.53 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 Bank ilə bağladığı 19.12.2014-cü il tarixli 014M**********02 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu 494-cü məhəllə İnçaatçılar prospekti 12/26 ünvanda xüsusi mülkiyyətində olan 86,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini və 19.12.2014-cü il tarixli 014M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanında xüsusi mülkiyyətində olan 29,4 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Hər iki qeyriyaşayış sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Bankın xeyrinə ipoteka ilə yüklü edilməklə qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş, buna görə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə İnşaatçılar prospekti 12/26 ünvanında xüsusi mülkiyyətində olan 29.4 m2 və 86,8 m2 ümumi sahələrdən ibarət qeyri-yaşayış sahələri Bank qarşısında ipoteka ilə yüklü edilərkən Cavabdeh1 həyat yoldaşı X5 notariat kontoruna ərizə təqdim edərək əmlakların ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaklara tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-38/2021 saylı 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 014R********** saylı Kredit razılaşması üzrə əsas borc görə 115521,58 (yüz on beş min beş yüz iyirmi bir dollar, əlli səkkiz sent) ABŞ dolları, faiz borcu üzrə 17445,93 (on yeddi min dörd yüz qırx beş dollar, iyirmi doxsan üç sent) ABŞ dolları, dəbbə pulu 5000 (beş min dollar) ABŞ dolları olmaqla, ümumilikdə 137.967,51 (yüz otuz yeddi min doqquz yüz altmış yeddi dollar, əlli bir sent) ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası manatı ilə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) manat xidmət haqqı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi, tələb Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən ümumi sahəsi 86,8 kv.m olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən ümumi sahəsi 29,4 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, Bakı şəhəri, Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanda yerləşən ümumi sahəsi 86,8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 210.000 manat məbləğində və Bakı şəhəri, Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən ümumi sahəsi 29.4 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 81.000 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən İddiaçı QSC -yə olan borc ödənilsin, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutlaraq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı QSC apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra 1 ay ərzində əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə ipoteka predmetləri satıldıqdan sonra əmlakların boşaldılmasının təmin edilməməsi ilə bağlı hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tutma qeyri-yaşayış sahələrinə yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qətnamənin icrası zamanı həll edilən məsələlərdir. Məhkəmənin gəldiyi nəticə ilə aşağıda qeyd olunanlara görə razı deyillər. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşmar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Cavabdeh mülkiyyətində olan əmlakları kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaklara tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Göstərilən müddəaların tələbləri baxımından cavabdehin ipoteka müqaviləsi bağlandığı andan əmlakları tərk etmək vəzifəsi yaranmışdır. ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və satıldıqdan sonra əmlakın boşaldılması ipoteka predmetinə tutma yönədilməsi prosedurunun ayrılmaz hissəsi kimi nəzərdən keçirilməli və ipoteka saxlayanın müvafiq tələbi olduğu halda bir icraatda baxılaraq həll edilməlidir. Qeyd olunan tələbin ipoteka predmetinə tutma yönəldilməsi prosedurundan ayrılması və yalnız yeni mülkiyyətçinin belə bir iddia tələbi olduğu halda təmin olunması qanunvericiliyin məqsədlərinə ziddir. Həmin qətnamədən Cavabdeh1 da narazı qalmış və apellyasiya şikayəti verərək, qətnamənin borcun müəyyən edilməsi hissəsində ləğv edilmasi, kredit razılaşması üzrə cəmi 933.649,34 manat borcun tutulması və həmin məbləğin ipoteka predmetinə yönəldilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, müəyyən edilmiş əsas borcun yarısı ilə, dəbbə pulu borcu ilə isə tam razı deyil, həmin məbləğlər reallığı əks etdirmir. Belə ki, borcla bağlı iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı və ekspert rəyi arasında olan fərqdən göründüyü kimi faiz və dəbbə pulu borcu reallığı əks etdirmir. Bunu ekspert rəyi də təsdiq edir. Məhkəmə haqlı olaraq faiz və dəbbə pulu borcu arasında olan zidiyyətli hallara düzgün qiymət verərək ekspert rəyini əsas götürmüşdür. Bu hal bir daha onu təsdiq edir ki, iddiaçı real olmayan borc məbləği barədə məhkəməyə maliyyə arayışı təqdim edərək düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunmasına çalışmışdır. Bununla yanaşı, ipoteka predmeti kimi yuklü edilmiş qeyri-yaşayış sahələrinin ilkin satış qiyməti ən azı iki dəfə baha olmuşdur. Bu səbəbdən əmlakların dəyəri yenidən müəyyən edilməlidir. Hesab edir ki, məhkəmə işin bu və əsas borcun həcmi ilə bağlı vacib hallarını tam araşdırmayaraq düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə isə etiraz edib təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlmədiyinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Tərəflərin verdikləri apellyasiya şikayətlərindən görünür ki, iddiaçı qətnaməni yalnız ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra 1 ay ərzində əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində, cavabdeh isə borcun müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Ona görə də, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərində mübahisələndirən hissələri təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. İş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında 19.12.2014-cü il tarixdə 014L**********98 saylı kredit xətti müqaviləsindən görünür ki, cavabdehə 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə iddiaçı arasında 25.12.2014-cü il tarixli 014R********** saylı Kredit razılaşmasından görünür ki, Mustafa Məmməd oğluna həmin kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 125.000 ABŞ dolları məbləğində kredit verilmişdir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında 25.12.2014-cü il tarixdə 014S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 19.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh1 arasında 19.12.2014-cü il tarixli ipoteka müqavilələrindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə İnşaatçılar prospekti 12/26 ünvanda yerləşən 86.8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə İnşaatçılar prospekti 12/26 ünvanda yerləşən 29.4 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka yüklülüyü 22.12.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə RX seriyalı, ******* saylı və RX seriyalı ******* saylı Çıxarışlar verilmişdir. - 18.04.2019-cu il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin əsas borc üzrə 115921,82 ABŞ dolları, faiz borcu üzrə 54520,53 ABŞ dolları, dəbbə pulu 64776,10 ABŞ dolları olmaqla, ümumilikdə 235218,45 ABŞ dolları məbləğində borcu vardır. -İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 03.12.2019-ci il tarixli, 19927 saylı rəyi ilə müəyyən edilmişdir ki, 18.04.2019-cu il tarixə Cavabdeh1 iddiaçıya 119127,89 ABŞ dolları əsas, 17445,93 ABŞ dolları məbləğində faiz borcu vardır. Həmçinin, rəydə qeyd olunur ki, borcun 01.07.2019-cu il tarixədək hesablanması barədə sual qoyulduğundan, lakin Cavabdeh1 tərəfindən 18.04.2019-cu il tarixdən sonra 1619,03 ABŞ dolları məbləğində pul ödənildiyindən, həmin vəsait rəydə nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında 19.12.2014-cü il tarixdə Kredit xətti müqaviləsi və həmin müqavilənin təminatı olaraq, həmin cavabdehə məxsus qeyriyaşayış sahələrinə dair eyni tarixli ipoteka müqavilələri bağlanmış, Cavabdeh1 isə müqavilə üzrə götürdüyü öhdəliyini tam icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Nəticədə onun bank qarşısında 115.521,58 ABŞ dolları əsas, 17.445,93 ABŞ dolları faiz borcu, 5.000 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 137.967,51 ABŞ dolları məbləğində borcu yaranmışdır. İşə baxan birinci instansiya məhkəməsi iddianı borcun tutulması hissəsində qismən təmin edərkən məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş məbləğlərə istinad etmiş, həmçinin MM-nin 462.1-ci maddəsinə istinad etməklə tələb olunan dəbbənin məbləğini azaldaraq ağlabatan həddə müəyyən etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı həmin hissədə o əsasla təmin etməmişdir ki, iddiaçının belə bir tələb irəli sürməyə subyektiv hüququ olmamışdır. Həmçinin, əmlak satıldıqdan 1 ay sonra boşaldılması və satıcıya təhvil verilməsi qətnamənin icrası zamanı həll edilməli məsələlərdəndir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1.) və yaipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). Qanunun bu maddəsinin tələbindən görünür ki, ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun bir ay müddətində boşaldılması tələbi imperativ xarakter daşımaqla, yalnız iki halla şərtləndirilmişdir – əmlak kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, yaxud ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Bu iki şərtdən birinin mövcudluğu ipoteka qoyanın və onunla birlikdə həmin əmlakdan istifadə edən ailə üzvlərinin həmin əmlakı ən geci bir ay ərzində boşaltması öhdəliyini yaradır. İpoteka qoyanın və onunla birgə əmlakdan istifadə edən şəxslərin bu cür öhdəliyinin «İcra haqqında» qanunla deyil, maddə hüquq norması olaraq “İpoteka haqqında” qanunla müəyyən edilməsi, habelə ipoteka qoyanın bu öhdəliyinin əmlakın kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi ilə şərtləndirilməsi belə qənaətə gəlmək üçün əsas verir ki, ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun boşaldılmasını məhkəmə qaydasında tələb etmək hüququ həmin ipoteka müqaviləsinin tərəfi olan və əmlak xeyrinə yüklü edilmiş şəxsə də məxsusdur. Bu zaman məhkəmə kollegiya belə halları da nəzərə alır ki, bu ipoteka haqqında qanunda birbaşa göstərilməsə də, ipoteka predmeti olan əmlakın boşaldılması ayrıca bir hərəkət deyil, həmin əmlaka ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi ilə bağlı olan bütöv bir prosesin tərkib hissəsi kimi çıxış etməklə, ipoteka predmetinin hərraca çıxarılaraq özgəninkiləşdirilməsinin davamı kimi müəyyən edilmişdir. Qeyd edilən yanaşma ipoteka institutunun öz xüsusiyyətindən də irəli gəlir. Belə ki, ipoteka qoyan şəxs ipoteka ilə təmin edilmiş öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında ipoteka predmetinin satılacağını və əldə edilmiş vəsaitin kreditorun qarşısında öhdəliyin təmin edilməsinə yönəldiləcəyini bilir və şüurlu surətdə kreditor qarşısında belə bir öhdəlik götürür. Kreditor isə onun xeyrinə icra edilməli olan gecikdirilmiş öhdəliyin mümkün qədər tez icra olunmasında iqtisadi marağı olan hüquq subyekti qismində çıxış edir. Bu cür iqtisadi maraq isə ipoteka predmetinin mümkün qədər qısa müddətdə özgəninkiləşdirilməsini ehtiva edir. Mübahisəsizdir ki, ipoteka predmetinin əldə edilməsindən sonra həmin əmlakın boşaldılması barədə ayrıca məhkəmə mübahisəsi açmaq perspektivi potensial alıcıları həmin əmlakı əldə etməyə olan marağını azaldır. Bu, həmçinin mülki prosesin təməl prinsiplərindən olan prosesual qənaət prinsipi baxımından da yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı QSC-nin onun xeyrinə yüklü edilmiş ipoteka predmeti satıldıqdan sonra onun boşaldılmasını tələb etməyə subyektiv hüququnun olmadığını, habelə bu məsələnin qətnamənin icrası mərhələsində həll edilməli məsələ olduğunu müəyyən etməklə səhvə yol vermiş, nəticədə iddianın həmin hissəsi ilə bağlı düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, qətnamənin həmin hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab edir. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin apellyasiya şikayətində ona hesablanmış əsas borc məbləğinin şişirdildiyini, həmçinin ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin aşağı həddə müəyyən edildiyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh apellyasiya şikayətində qətnaməni yalnız borcun müəyyən edilməsi hissəsində mübahisələndirmiş, qətnamənin yalnız həmin hissədə ləğv edilməsini və ondan 933.649,34 manat borcun tutulmasını və həmin məbləğin ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Lakin cavabdeh apellyasiya şikayətində borc məbləğinin şişirdilməsi ilə bağlı qənaətinin hansı hallarla təsdiq olunduğunu göstərməmiş, yalnız birinci instansiya məhkəməsinin iclaslarında iştirak edə bilmədiyini, bu səbəbdən borcun hesablanması üçün məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı vəsatət vermək imkanından məhrum olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək keçirilmiş, qətnamə qəbul edilərkən məhkəmə həmin rəyə istinad etməklə iddianı qismən təmin etmişdir. Bundan başqa, cavabdeh bir tərəfdən borcun məbləğinin şişirdildiyini iddia edir, digər tərəfdən isə onun kredit razılaşması üzrə 933.649,34 manat, yəni qətnamə ilə müəyyən edilmiş borcdan dəfələrlə artıq məbləğin tutulmalı olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və bu qənaətə gəlir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş borcun məbləği işin həqiqi hallarına və tərəflər arasında mövcud olan münasibətlərin xarakterinə uyğun olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməli, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-38/2021 saylı 16 aprel 2021-ci il tarixli qətnaməsi iddia tələbinin “tutmanın qeyri-yaşayış sahələrinə yönəldikdə və onlar satıldıqdan 1 ay sonra əmlakın boşaldılması”na dair hissəsində ləğv edilməli, Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən ümumi sahəsi 86,8 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanda yerləşən 29.4 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılmasına dair iddia təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-38/2021 saylı 16 aprel 2021-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-38/2021 saylı 16 aprel 2021-ci il tarixli qətnaməsi qismən - iddia tələbinin “tutma qeyri-yaşayış sahələrinə yönəldikdən və onlar satıldıqdan 1 ay sonra əmlakın boşaldılması”nın təmin edilməməsinə dair hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanda yerləşən ümumi sahəsi 86,8 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanda yerləşən 29.4 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin əmlaklar boşaldılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-38/2021 saylı 16 aprel 2021-ci il tarixli qətnaməsi qalan hissədə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar