Məhkəmə qərarları › İş №2(103)-9883/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9883/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9883/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2957/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.05.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********34631 olan XİAomi Redmi S2 markalı telefon üçün 370 manat ödənilməmiş hissə, 37 manat cərimə borcunun, 24.07.2018-ci il tarixli müqaviləyə əsaən İMEİ kodu **********61997 olan Samsung Galaxy A6 markalı telefon üçün 371 manat ödənilməmiş hissə, 37 manat cərimə borcunun olmaqla, ümumilikdə 815 manat və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əvvəlcə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilsə də, məhkəmənin 08.04.2021-ci il tarixli qərardadı ilə cavabdehin iddiaya etirazına əsasən materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2957/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İMEİ kodu **********61997 olan Samsung Galaxy A6 markalı telefonun nisyə alqısatqısı barədə 24.07.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh əsas borc üzrə 371(üç yüz yetmiş bir) manat, cərimə borcu üzrə 37(otuz yeddi) manat olmaqla, ümumilikdə 408(dörd yüz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi göstərmişdir ki, ilk telefonun qızıl zəmanətin əsasında qaytarılmasına baxmayaraq, hər iki müqavilə üzrə pul tələb etməsini onunla izah etmişdir ki, ikinci müqavilə üzrə iddiaçıya 50 % güzəşt edildiyindən birinci müqavilə üzrə də qalıq borcunu tələb etməkdə haqlıdır. İddiaçı hesab edir ki, yeni müqavilənin bağlanması digər müqavilənin ləğvi kimi başa düşülmür. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Y.Məmmədov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Təqdim edilən maliyyə arayışından görünür ki, 23.05.2018-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 194 manat ödəniş həyata keçirilmiş və qalıq borcunun əsas borc üzrə 370 manat, cərimə borcunun 37 manat olması müəyyən edilmişdir. Tərəflər arasında olan 24.07.2018-ci il tarixli müqavilə üzrə isə 195 manat ilkin ödəniş hesab edilməklə cavabdehə güzəşt edilmişdir. Həmin güzəşt məbləği ilə birlikdə cavabdeh tərəfindən 472 manat ödəniş həyata keçirilmişdir. 24.07.2018-ci il tarixli müqavilə üzrə isə qalıq borc əsas borca üzrə 371 manat, cərimə borcu üzrə isə 37 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Kollegiya qeyd edir ki, 23.05.2018-ci il tarixli müqavilə üzrə alınan Xiaomi Redmi S2 markalı telefonda qüsur yarandığından 24.07.2018-ci il tarixdə qızıl zəmanət əsasında həmin telefon geri qaytarılmış, qarşılıqlı razılıq əsasında həmin telefon yenisi ilə deyil, həmin tarixdə bağlanmış müqaviləyə əsasən aradakı qiymət fərqi ödənilməklə daha bahalı telefonla əvəzləşdirilmişdir. İddiaçı hesab edir ki, yeni müqavilənin bağlanması digər müqavilənin ləğvi kimi başa düşülmür. Kollegiya bununla bağlı qeyd edir ki, bu Mülki Məcəllənin 625-ci maddəsində nəzərdə tutulmuş mal dəyişdirilərkən, alış qiyməti azalarkən və lazımi keyfiyyətli olmayan mal qaytarılarkən qiymət fərqinin ödənilməsidir. Çünki təqdim edilən maliyyə arayışından da göründüyü kimi cavabdehin ilk müqavilə üzrə həyata keçirdiyi 194 manat ödəniş məbləği ikinci müqavilə üzrə ona edilmiş 195 manat güzəşt məbləği ilə demək olar ki, eynilik təşkil edir. Yəni iddiaçı faktiki olaraq ilk müqavilə üzrə cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla, həmin müqavilədən imtina etməklə yeni müqavilə bağlamışdır. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırkı mübahisənin həlli üçün hər hansı əhəmiyyət kəsb etmir. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2957/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar