Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-989/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi olmaqla, cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-989/2025 (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi olmaqla, cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-502/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi olmaqla, cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər AR FHN X5 Xidmətinin və Cavabdeh2 yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurduğu 4585 (sığorta ödənişindən sonra) manat məbləğində maddi ziyanı, müstəqil ekspertə ödənilən 250 manat, məhkəməyə müraciət etmək üçün ödənilən 69 manat dövlət rüsumu olmaqla ümumilikdə 4904 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Sonradan - iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər AR FHN X5 Xidmətinin və Cavabdeh2 yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurduğu 4585 (sığorta ödənişindən sonra) manat məbləğində maddi ziyanı, avtomobilin qəzadan sonra itirmiş olduğu 1250 manat məbləğində dəyər itkisi, müstəqil ekspertə ödənilən 250 manat, məhkəməyə müraciət etmək üçün ödənilən 69 manat dövlət rüsumu olmaqla ümumilikdə 6154 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində Bakı-Şamaxı şossesinin X9 Müşviq qəsəbəsində yerləşən postunun yaxınlığında 12 nömrəli X2 idarə etdiyi "Kamaz" markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, yanğınsöndürən maşını ilə onun mülkiyyətində və istifadəsində olan "Renault Megane" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə avtonəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsinə səbəb Kamaz markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, yanğınsöndürən maşının yüksək surətlə iddiaçının avtomobilinə arxadan çırpılması olmuşdur. Hadisə nəticəsində onun avtomobilinə ciddi ziyan dəymişdir. Bu günə qədər avtomobil təmir etdirə bilməmişdir. Hal-hazırda da qəzalı vəziyyətdədir. Hadisə baş verən gündən o, mülkiyyətində olan avtomobilindən məhrum olmuşdur. Hadisəni törədən və qəzaya səbəb olan Kamaz markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, yanğınsöndürən maşını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin mülkiyyətində olsa da, cavabdeh Azərbaycan Respublikası FHN X5 Xidmətinin 12 nömrəli X2 istifadəsindədir. Hadisə yol vərəqəsi əsasında yanğın çıxışından qayıdarkən baş vermişdir. Həmin vaxtı yanğınsöndürən maşınını digər cavabdeh sürücü Cavabdeh2 idarə edirdi. Hadisədən sonra "xxxx" ASC tərəfindən avtomobilinə dəymiş zərər ümumilikdə 6855 manat məbləğində qiymətləndirilmişdir. Mövcud sığorta qanunvericiliyinə əsasən sığorta şirkəti tərəfindən yalnız 5000 manat məbləğində ziyan ödənilmişdir. Əslində isə avtomobilə dəymiş ziyan kifayət qədər çoxdur. Reyestrə (№ DX04/05/145) daxil edilən müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ZA-0909/ME nömrəli ilkin rəyə əsasən iddiaçının avtomobilinə ümumilikdə 9585 manat məbləğində ziyan dəymişdir. İddiaçı dəfələrlə cavabdehlərə bu barədə şifahi müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlər tərəfindən vurulmuş maddi ziyan tam olaraq ödənilməlidir. Ümumi ziyanın 5000 manatı Sığorta şirkəti tərəfindən qarşılansa da, qalan 4585 manat məbləğində ziyan ödənilməmişdir. Həmçinin avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı müstəqil ekspertin bank hesabına 250 manat, məhkəməyə dövlət rüsumu kimi 69 manat ödəniş etmişdir. Cavabdeh AR FHN X5 Xidmətinin rəsmi elektron saytında xidmətin yerləşdiyi yer ünvan 1 ünvanıdır. Bakı Şəhər Xətai Rayon Məhkəməsinə müraciət etsə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri Xətai Rayon Məhkəməsinin 2(011)-7737/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Səbəb kimi göstərilmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin hüquqi ünvanı ünvan 3 Cavabdeh2 yaşayış yeri üzrə ünvan 4 ünvanında qeydiyyatdadır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-502/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh2 avtomobilə dəymiş ziyana görə 4560 manat məbləğində pul, avtomobilin qəzadan sonra itirmiş olduğu 1250 manat məbləğində dəyər itkisi, iddiaçı tərəfindən müstəqil ekspertə ödənilən 250 manatın 125 manat hissəsi, 69 manat dövlət rüsumunun 34.50 manat hissəsi, ümumilikdə 5969.50 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ekspertiza xərclərini təşkil edən 100 manat məbləğində pulun 50 manat hissəsinin İddiaçı, 50 manat hissəsinin Cavabdeh2 tutulması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1, 1108.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 53, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istehsal ili 2011-ci il olan “Renault Megane” markalı avtomobilin hazırki bazar satışı qiyməti 12-13 min manat civarındadır. Həmçinin avtomobilin əzilən hissəsi maşının maddi dəyərli texniki avadanlıqlarla təchiz edilməmiş arxa tərəf (yük yeri) olmasını nəzərə alaraq, iddia ərizəsində qoyulan zərər kimi 9585 manat tamamilə gülünc və şişirdilmiş bir məbləğdir. Avtomaşın satışı üzrə mütəxəssislərlə də məsləhətləşmələr aparmışıldır və açıq-aşkar bu gülünc rəy ifşa olunmuşdur. Əgər məhkəmə avtomaşın satışı üzrə mütəxəssis məhkəməyə dəvət edərək təkrar ekspertiza apararsa, iddiaçının bu gülünc şişirdilmiş iddiası qismən ləğv olunacaqdır. İlkin olaraq "xxxx" ASC-nin apardığı 6855 manat dəyərində qiymətləndirmə reallığa daha uyğundur. Habelə qiymətləndirməni aparan servis şirkətində iddiaçının həmin qiymətə maşını təmir etmək imkanının olmasını nəzərə alınsa,, qeyd olunanlar öz təsdiqini tapır. Məhkəmənin diqqətini xx.xx.2024-cü il tarixli 9/217 nömrəli Ekspert rəyinə yönəldərək bildirir ki, həmin rəydə qeyd olunur ki, avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış ili, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qiymətləndirmə aktına əsasən təmirə məruz qalmış 2011-ci il buraxılışlı mühərrik həcmi 1461 sm3, “Renault” markalı, “Megane” model, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətində 1250 manat fərq olması istisna edilməmişdir. Halbuki Turbo.az maşın saytında həmin ildə həmin motor həcmində olan maşınların qiyməti özü 9-12 min aralığında müəyyən olunur. Necə olur ki, maşının əzilməmiş forması ilə, yəni 12 min manat dəyəri olan maşının əzilmiş forması arasında 12 min fərq olur. O zaman belə çıxır ki, 2011-ci il buraxlışlı Renault Megan markalı maşının əzilmişi havayı pulsuz küçəyə atılır. Bu qədər gülünc bir ekspert rəyini məhkəmə özü araşdırmır və araşdırmadan qərar çıxarır. Maşın əzildikdə əzilən maşınla saf maşın arasında maximum 2-3 min fərq olur. Hesab edilsə ki, bu maşın 12 min dəyərindədir. Onun əzilmiş versiyası 9-8 min dəyərində olur. Belə olan halda maşına dəyən ziyan necə 9585 manat qiymətləndirilə bilər. Məhkəmənin diqqətinə çatdıraraq bildirir ki, əsas məsələ budur ki, məhkəmə ekspertiza təyin etmiş və avtomobilə dəyən ziyan təmir-bərpa xərci təxminən 4560 manat müəyyən edilmişdir. O cümlədən dəyişməli hissələrin qiyməti 3310 manat, təmir-bərpa işlərinin qiyməti 1250 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Bu ekspert rəyini məhkəmə əsas tutaraq qətnamə çıxarır. Amma iddiaçı özüdə iddia ərizəsində qeyd edib ki, avtomobilinə dəyən zərərin 5000 manatını sığorta şirkətindən alıb. Bu barədə iş materiallarında da qəbz var. İddiaçı iddia edib ki, maşına dəymiş ziyan 5000 manatdan çoxdur və bunun əsasında ona qarşı iddia qaldırıb. Məhkəmə iclasında müəyyən olunub ki avtomaşına dəyən ziyan real olaraq 4560 manatdır. Yəni sığorta şirkəti hətta avtomobilə dəyən ziyandan da çox pul ödəyib. İddiaçıya dəyən ziyan sığorta şirkəti tərəfindən tam şəkildə ödənilib
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 verilmiş şikayətinin təmin olunması, barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətin dəlillərinə uyğun izahat vermişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir
17. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
18. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
22. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
23. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apelyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən və apellyasiya şikayəti yalnız Cavabdeh2 tərəfindən verildiyindən apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, mövcud sübutlara düzgün qiymət verməmişdir.
29. Belə ki, ilk növbədə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
32. İş materiallarından da göründüyü kimi xx.xx.2023-cü il tarixdə 16:18 radələrində "Renault Megane" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Kamaz markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobil tərəfindən vurulmuşdur. TP ******* nömrəli X7 haqqında qərardan görünür ki, Cavabdeh2 40 manat məbləğində cərimə edilmişdir.
33. Hazırda istər iş materialları ilə, istərsə də tərəflərin izahatları və apellyasiya şikayətinin dəlillərindən görünür ki, Cavabdeh2 tərəfindən idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törədilərək iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulması işin mübahisəsiz halı olmaqla heç bir tərəf bunu təkzib etməmiş, sadəcə həmin zərərin məbləğinin düzgün hesablanıb-hesablanmaması məsələsi hazırda mübahisə olunmuşdur.
34. Həmin mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının məruz qaldığı zərər məbləği ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir:
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçıya dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsinə dair iş materiallarında bir neçə rəy mövcuddur.
37. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, ehtiyat hissələrinin dəyişdirilməsi ilə bağlı zərərin məbləği 5475 manat, təmirlə bağlı zəhmət haqqı məbləği 1380 manat olmaqla ümumilikdə dəymiş zərərin məbləği 6855 manat həcmində müəyyən edilmiş, rəydə sığortaçının sığorta ödənişini həyata keçirdikdən sonra sığorta hadisəsi üzrə bütün öhdəliklərini yerinə yetirmiş hesab olunması və gələcəkdə zərərçəkən/sığortalı/faydalanan şəxs tərəfindən bu hadisə ilə bağlı heç bir iddianın irəli sürülməyəcəyi qeyd edilmişdir.
38. Həmçinin müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ZA-0909/ME nömrəli ilkin rəyə əsasən avtomobilə dəymiş zərər ümumilikdə 9585 manat məbləğində müəyyən edilmişdir.
39. O cümlədən iş materiallarında olan xx.xx.2024-cü il tarixli 9/217 nömrəli Ekspert rəyinə əsasən avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış ili, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qiymətləndirmə aktına əsasən təmirə məruz qalmış 2011-ci il buraxılışlı mühərrik həcmi 1461 sm3 , “Renault” markalı, “Megane” model, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətində 1250 manat fərq olması istisna edilməmişdir.
40. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilən ekspertiza tədqiqatının nəticəsində verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/4297/2024 nömrəli Ekspertiza rəyinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023- cü il tarixli ekspert tədqiqatına əsasən 2011-ci il buraxılışlı mühərrik həcmi 1461 sm3, “Renault” markalı, “Megane” model, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4560 manat müəyyən edilmişdir. O cümlədən dəyişməli hissələrin qiyməti 3310 manat, təmir-bərpa işlərinin qiyməti 1250 manat müəyyən edilmişdir.
37. Birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən bildirmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
38. Lakin birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutların məcmu şəkildə dəyərləndirilməsini düzgün aparmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, bundan qısa müddət sonra, ona dəymiş zərərin müəyyən olunması məqsədilə "xxxx" ASC tərəfindən qiymətləndirmə aparılmış və xx.xx.2023-cü il tarixli hesabata əsasən avtomobilə dəymiş ziyanın miqdarı 6855 manat məbləğində müəyyən edilmişdir. İstər sığortaçı qismində çıxış edən "xxxx" ASC, istərsə də sığortalı tərəfindən sözügedən zərər məbləği ilə razılaşılmış və nəticə etibarilə dəymiş zərərin 5000 manat olan hissəsi sığortaçı tərəfindən qarşılanılmışdır. Bundan əlavə yuxarıda da qeyd edildiyi kimi həmin rəydə sığortaçının sığorta ödənişini həyata keçirdikdən sonra sığorta hadisəsi üzrə bütün öhdəliklərini yerinə yetirmiş hesab olunması və gələcəkdə zərərçəkən/sığortalı/faydalanan şəxs tərəfindən bu hadisə ilə bağlı heç bir iddianın irəli sürülməyəcəyi qeyd edilmişdir.
39. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin əsaslandığı xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/4297/2024 nömrəli Ekspertiza rəyinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023- cü il tarixli ekspert rəyində dəymiş zərərin ümumi məbləği 4560 manat, yəni "xxxx" ASC tərəfindən təyin olunan məbləğdən daha az miqdarda müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi dəymiş zərərin 5000 manat hissəsinin artıq sığortaçı tərəfindən qarşılandığını nəzərə almamış, ekspert rəyi ilə ümumi zərər məbləğinin cəmi 4560 manat məbləğində qiymətləndirilməsinə baxmayaraq həmin məbləği sanki sığortaçının etdiyi 5000 manat ödənişdən əlavə hesablayaraq öz mülahizəsinə əsasən zərərin miqdarını ümumilikdə 9560 manat kimi qiymətləndirmişdir.
40. Halbuki birinci instansiya məhkəməsi ya sözügedən rəyi əsaslı hesab etsə belə ümumi zərərin cəmin 4560 manat olduğunu və sığortaçı tərəfindən 5000 manat pulun nəzərə alaraq artıq hansısa ödənilməmiş zərərin qalmaması qənaətinə gəlməli, ya da həmin rəyin işin faktiki hallarını düzgün əks etdirmədiyini təsbit edərək işdəki digər sübutların qiymətləndirməsini aparmalı idi.
41. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iş üzrə bir-birini təkzib edən bir neçə rəy olduğundan, onlardan "xxxx" ASC tərəfindən verilmiş rəy həm hadisənin baş verdiyi tarixə ən yaxın və real vaxt rejimində tərtib olunduğundan, həm də sığortaçının özü tərəfindən həmin məbləğ mübahisələndirilmədiyindən və müvafiq sığorta ödənişi edildiyindən və işdəki digər ekspert rəylərinin işin həqiqi hallarını tam şəkildə əks etdirməsi ilə bağlı şübhələr yarandığından hazırda iddiaçıya məxsus avtomobilə dəymiş zərərin qiyməti "xxxx" ASC tərəfindən verilmiş rəy nəzərə alınmaqla avtomobilə dəymiş zərərin məbləği 6855 manat həcmində müəyyən edilməli, yuxarıda da qeyd ediliyi kimi sığortaçı tərəfindən həmin məbləğin 5000 manat olan hissəsi ödənildiyindən nəticədə avtomobilə dəymiş real zərərin ödənilməyən hissəsi 1850 (6855- 5000=1855) manat məbləğində təsbit edilməlidir.
42. İddianın avtomobilin əmtəə dəyərinin düşməsi hissəsinə münasibətdə isə qeyd edir ki, hamıya məlum olan haldır ki, qəzaya düşmüş avtomobillə heç vaxt zədəyə məruz qalmamış avtomobilin əmtəə dəyəri arasında fərqin mövcud ola bilməsi gözləniləndir və bu cür avtomobillərin bazardakı satış qiymətləri də müxtəlif ola bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 9/217 nömrəli Ekspert rəyindən görünür ki, avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış ili, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qiymətləndirmə aktına əsasən təmirə məruz qalmış 2011-ci il buraxılışlı mühərrik həcmi 1461 sm3 , “Renault” markalı, “Megane” model, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətində 1250 manat fərq olması istisna edilməmişdir.
43. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları ilə avtomobilin əmtəə dəyərinin 1250 manat məbləğində düşməsi təsbit olunduğundan və qeyd edilən hal iş materiallarındakı digər hansısa mötəbər sübutlarla təkzib edilmədiyindən apellyasiya şikayəti göstərilən hissədə əsassız olmaqla təmin edilməməlidir.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, dəymiş zərər məbləği olan 6855 manat puldan ödənilmiş 5.000 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 1855 manat, o cümlədən dəyər itkisinə görə müəyyən olunmuş 1250 manat, cəmi 3105 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq iddiaçıya ödənilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
45. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
47. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
49. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 69 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 36.72 manat hissəsi, müstəqil ekspertə ödənilən 250 manat pulun 133.03 manat olan hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir.
52. O cümlədən birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində vəsaitin 53.21 manat hissəsi cavabdehdən, qalan 46.79 manat hissəsi isə iddiaçıdan tutulmalıdır.
53. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda cavabdeh tərəfindən apellyasiya şikayətində qətnamənin qismən, yəni qanunsuz hesablanmış faiz və cərimə borcu hissəsində ləğv edilməsi xahiş edildiyindən və mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-502/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qəgtnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh2 avtomobilə dəymiş ziyana görə 1855 (min səkkiz yüz əlli beş) manat, avtomobilin qəzadan sonra itirmiş olduğu dəyər itkisinə görə 1250 (bir min iki yüz əlli) manat cəmi, 3105 (üç min yüz beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 69 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 36.72 manat hissəsi, müstəqil ekspertə ödənilən 250 manat pulun 133.03 manat olan hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində vəsaitin 53.21 (əlli üç manat iyirmi bir qəpik) manat hissəsi Cavabdeh2, qalan 46.79 (qırx altı manat yetmiş doqquz qəpik) manat hissəsi isə İddiaçı tutularaq büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev