Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9892/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Nümayəndə1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi” barədə ilk, həmçinin Cavabdeh İddiaçı qarşı “borc məbləğinin, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)-1738/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Nümayəndə1 (bundan sonra cavabdeh) qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında 04.02.2018-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət" mərkəzi notariat ofisində bağlanmış 10000 manat məbləğində kredit müqaviləsinin və 09.04.2018-ci il tarixdə Maraqlı şəxsndə bağlanmış 30000 manat məbləğində kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı “borc məbləğinin, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ilə müraciət edərək, 04.02.2018-ci il tarixdə notariat qaydasında bağlanmış kredit müqaviləsi əsasında vermiş olduğu 10000 manat, 09.04.2018-ci il tarixdə kredit müqaviləsi əsasında 30000 manat, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun faizlərin hesablamaqla əldən çıxmış faydaya görə 5000 manat və mənəvi zərərə görə 2000 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)- 1738/2021 saylı qərardadı ilə (hakim Solmaz Ədilova) qarşılıqlı iddianın “04.02.2018-ci il tarixdə notariat qaydasında bağlanmış kredit müqaviləsi əsasında verilmiş 10000 manat, 09.04.2018-ci il tarixdə kredit müqaviləsi əsasında 30000 manatın cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində mülki işin icraatına xitam verilmiş, həmin tarixli qətnamə ilə isə həm ilk, həm də qarşılıqlı iddia rədd olunmuşdur. İddiaçı və cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, cavabdehin apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. İddia ərizəsindən də göründüyü kimi, Cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edərək, borc məbləğinin, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsini tələb etmişdir. Tələblərdən göründüyü kimi, qarşılıqlı iddianın qiyməti 500 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinin tələblərinə əsasən, iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.4.1-ci maddəsinin tələbinə görə, apellyasiya şikayətlərindən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumu haqqında qəbzdən (səh. 234) isə görünür ki, cavabdeh dövlət rüsumu kimi 15 manat ödəməli olduğu halda, cəmi 10 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 363.1.2ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Eyni zamanda, hər iki apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamışdır. Şikayətlərdə onu verən şəxslərin ünvanları, cavabdehin şikayətində həm də birinci instansiya məhkəməsinin hansı tarixli qətnaməsinin ləğv olunması göstərilməmişdir. Halbuki, MPM-in 361.1, 361.1.2-ci və 361.1.3-cü maddələrinin tələbinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. MPM-in 361.1.4-cü maddəsinin tələbinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Qeyd olunmalıdır ki, apellyasiya şikayətində şikayəti verən şəxsin yaşayış yerinin (yaxud olduğu yerin) göstərilməsi, həmçinin məhkəmə sənədlərinin (bildirişlər və s.) lazımi qaydada çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayətlərin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Nümayəndə1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi” barədə ilk və Cavabdeh İddiaçı qarşı “borc məbləğinin, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)-1738/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9892/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9892/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver