Məhkəmə qərarları › İş №2(103)-99/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-99/2020

10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-99/2020 10.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəbrayılov Orxan Akif oğlunun katibliyi ilə, iddiaçı “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli qətnamədən iddiaçı Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş Bank, onunla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 22L000006916 nömrəli “Kredit müqaviləsinə” və xx.xx.2014-cü il tarixdə bağlanmış 22R000009101 nömrəli “Kredit razılaşmasına” vaxtından əvvəl xitam verilməsi, həmin müqavilələr üzrə yaranmış və ödənilməmiş qalan əsas borcun əvəzi olaraq 93.524,28 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədilə 36.991,8 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə pulunun) ödənilməsi məqsədilə 83.447,16 ABŞ dolları, habelə məhkəmə xərclərinin əvəzi olaraq 60 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onu öhdəliklərinin icrasına zamin durmuş digər Cavabdeh2 müştərək qaydada tutularaq ona (Banka) ödənilməsi, tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 3 “A” saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin evin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, Cavabdeh1 həmin evə olan istifadə hüququna xitam verilməsi və onun evdən çıxarılması, evin boşaldılaraq alıcıya təhvil verilməsi, evin satışından əldə oluna biləcək pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə tələbin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2014cü il tarixdə bağlanmış “Kredit xətti müqaviləsinə” əsasən Cavabdeh1 120 ay müddətinə 2.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca “Kredit razılaşması” ilə müəyyən olunmuşdur. Cavabdeh1 onunla Bank arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Kredit xətti müqaviləsi” əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Bankdan 128.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq Cavabdeh1 özünə məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 3 “A” saylı fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq Cavabdeh1 ilə Bank arasında xx.xx.2014-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Bundan başqa, Cavabdeh1 öhdəliklərinin icrası zaminliklədə təmin edilmişdir. Belə ki, iş üzrə digər Cavabdeh2 borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdükləri öhdəliklərin icrasına zamin durmuş və bununla bağlı olaraq Bank ilə cavabdehlər arasında xx.xx.2014-cü il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq Cavabdeh1 onunla Bank arasında əldə olunmuş razılaşmaların şərtlərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və etməli olduğu ödənişləri xx.xx.2016-cı il tarixdən etibarən dayandırmışdır. Hazırda cavabdehlərin Banka olan müştərək borcları aşağıdakı məbləğdədir: əsas borc 93.524,28 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcu 36.991,8 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) 83.447,16 ABŞ dolları. Bank tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqlar nəticə verməmiş və borc ödənilməmişdir. Bu səbəbdən də, Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman cəmi 60 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinə” və xx.xx.2014-cü il tarixdə bağlanmış “Kredit razılaşmasına” xitam verilməsini; yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 92.424,70 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədilə 18.623,74 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 300 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə tutulmasını; tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsini; evin açıq hərracdan satılmasını; evin satışından əldə oluna biləcək pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsini; ev açıq hərracdan satıldığı halda Cavabdeh1 evə olan istifadə hüququna xitam verilməsini və Cavabdeh1 evdən çıxarılaraq evin boşaldılmasını və evin alıcıya təhvil verilməsini; Bank tərəfindən ödənilmiş dövlət rüsumlarınin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə tutulmasını; ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin borcun tutulması hissəsində dəyişdirilməsi və həmin tələbin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işə baxarkən işin nəticəsi üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, tərəflər arasında bağlanmış müqavilələri, müqavilələr üzrə tərəflərin üzərinə götürdüyü öhdəlikləri və cavabdehlərin müqavilələrin şərtlərini pozmasını qeyd etsə də, iddia ərizəsinə əlavə olunan sənədlər araşdırılarkən həmin sənədlərə düzgün qiymət verilməmişdir. Nəticədə isə tam əsaslı olan iddianı qismən təmin etmişdir. İddiaçı Bankın nümayəndələri X2 və X3 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək apellyasiya şikayətin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. İşdə iştirak edən şəxslər apellyasiya baxışının iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, iddiaçı Bankın nümayəndəsi apellyasiya baxışının sonuncu iclasında, cavabdehlər isə ümumiyyətlə apellyasiya baxışının iclaslarında iclasında iştirak etməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddianın bir hissəsini təmin etsə də, iş üzrə cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı Bank isə cavabdehlərdən onun xeyrinə tutulmalı olan əsas və faiz borcunun, habelə dəbbənin məbləğinin tələb olunan məbləğdən az məbləğdə tutulmasını mübahisələndirir. MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, Məhkəmə, göstərilənləri və qətnamənin mübahisələndirilən hissəsinin mübahisələndirilməyən hissədən asılı olmadığını nəzərə alaraq qətnamənin əsaslılığını tam yoxlamamışdır. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərə əsasən görünür ki, Bank tərəfindən Cavabdeh1, digər Cavabdeh2 zaminliyi ilə xx.xx.2014-cü il tarixli 22L000006919 saylı “Kredit xətti müqaviləsinə” əsasən 120 ay müddətinə 2.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, “Kredit xətti müqaviləsi” üzrə Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2014-cü il tarixli 22R000009101 saylı “Kredit razılaşması” əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti 128.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladığı xx.xx.2015-ci il tarixli 22R000009101S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Lakin Cavabdeh1 kredit razılaşmasının tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtında Banka qaytarmamışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Qeyd edilən qərardad əsasında keçirilmiş ekspertizanın nəticəsi ilə ekspert tərəfindən tərtib edilmiş 451 nömrəli xx.xx.2018-ci il tarixli rəy xx.xx.2018-ci il tarixdə Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin rəylə müəyyən edilmişdir ki, cavabdehlərin qeyd olunan kredit müqaviləsi üzrə 92.424,70 ABŞ dolları əsas borcu, 15.611,53 ABŞ dolları faiz borcu vardır. Bundan sonra, iddiaçı Bank xx.xx.2018-ci il tarixli “iddianın həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi verilərkən iddiaçı Bankın MPM-nin 53-cü maddəsinə əsasən vermiş olduğu “iddianın həcminin artırılması barədə” ərizəsi (iş v. 139-141) nəzərə alınmamışdır və nəzərə alına bilməzdi. Qeyd edilən həmin ərizəyə əsasən, iddia ərizəsindən fərqli olaraq, tutulması tələb olunan faiz borcunun məbləği 15.503,12 ABŞ dolları deyil, 36.991,8 ABŞ dolları təşkil edir. Qeyd edilən hal nəzərə alınmaqla cavabdehlərdən ödənilməsi tələb olunan borcun məbləğinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanıbhesablanmamasının, habelə cavabdehin həyata keçirdiyi ödənişlərin Bank tərəfindən nəzərə alınaraq və təyinatı üzrə əsas və faiz borcun ödənilməsinə düzgün yönəldilibyönəldilməməsinin araşdırılması üçün Məhkəmə tərəfindən iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 19179 nömrəli xx.xx.2019-cu il tarixli rəyi alınmışdır. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, 22R000009101 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2018-ci il tarixə (iddia üzrə tarixə) Banka olan borcu əsas borc üzrə 92.977,91 ABŞ dolları, faiz borcu üzrə 36.259,37 ABŞ dolları, cəmi 129.237,28 ABŞ dolları məbləğində müəyyən edilir. Kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı əsas və faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir. Cavabdehlərdən əsas borcun ödənilməsi məqsədilə 92.977,91 ABŞ dolları, faiz borcunun ödənilməsi məqsədilə 36.259,37 ABŞ dolları məbləğində pul müştərək qaydada tutularaq iddiaçı Banka ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, apellyasiya şikayətinin cərimənin (dəbbənin) məbləğinə aid dəlili əsassız sayıla bilməz. Belə ki, Rayon Məhkəməsi dəbbə pulunun azaldılmalı olması barədə düzgün nəticəyə gəlsə də, 300 ABŞ dolları məbləğində dəbbə pulu cavabdehlərdən tutulacaq əsas və faiz borcunun məbləğinə münasibətdə olduqca aşağıdır və burada Bankın mənafeləri diqqətdən kənarda qalmışdır. Eyni zamanda bu qayda formalaşmış məhkəmə təcrübəsinədə ziddir. Odur ki, qətnamə tərəflər arasında bağlanmış “Kredit müqaviləsi” üzrə tələb olunan cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində də dəyişdirilməli və formalaşmış məhkəmə təcrübəsinə əsasən əsas borcun 10 faizi nisbətində, yəni 9.297 ABŞ dolları məbləğində cərimə borcu cavabdehlərdən tutularaq Banka ödənilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni borcun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği 92.977,91 ABŞ dolları, faiz borcunun məbləği 36.259,37 ABŞ dolları, dəbbə pulunun məbləği 9.297 ABŞ dolları müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni borcun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-309/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnamə ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulmalı olan əsas borcun məbləği 92.977 (doxsan iki min doqquz yüz yetmiş yeddi) ABŞ dolları 91 (doxsan bir) sent, kreditdən istifadəyə görə hesablanmış faizlərin məbləği 36.259 (otuz altı min iki yüz əlli doqquz) ABŞ dolları 37 (otuz yeddi) sent, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləği 9.297 ABŞ dolları müəyyən edilsin və tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı “Accessbank” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Bu məqsədlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 15 (on beş) manat məbləğində pul tutulsun. Müəyyən edilsin ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnamənin qalan hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Xəyal Sarıyev (imza) Həmid Həmidov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar