Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-990/2020 08.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO “xxxxxxxxxxxxx” QSC, onunla Cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli 1xx/xx/106455/15 saylı müqavilə üzrə cavabdehdən 1324,54 avro əsas, 74,88 avro faiz, 943,67 avro cərimə, 196,02 avro gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 2539,11 avro pulun və 30 manat dövlət rüsumunun hesablanmaqla, onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/106455/15 saylı kredit müqaviləsi üzrə yaranmış 1324,54 avro əsas, 74,88 avro faiz, 100 avro cərimə borcu olmaqla, ümumilikdə 1499,42 avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq LPO QSC “xxxxxxxxxxxxx” KB-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı LPO “xxxxxxxxxxxxx” QSC, apellyasiya şikayəti verərək qətnaməni cərimə hissəsində ləğv edib, 943,67 avro cərimə borcunun tam təmin olunması və gecikdirilmiş vaxt üçün hesablanan 196,02 avro faiz borcunun təmin olunması, bununla da birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iş materiallarından göründüyü kimi, borclu icranı sübuta yetirməmişdir. Məhkəmə, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qanunvericilik dəbbə pulunun azaldılmasını imperativ norma kimi qeyd etməmişdir. Bu baxımdan, Bankın cərimə hissəsi olan tələbi tam təmin olunmalıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, gecikdirilmiş vaxt üçün hesablanmış faiz yalnız kredit müqaviləsinin müddəti bitdiyi vaxtdan sonrakı dövrə hesablanmışdır. Beləliklə də, rayon məhkəməsi tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Belə olan halda, bankın iddia tələbi tam təmin olunmalıdır. Cavabdehin nümayəndəsi Sərxan Məmmədov da, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət, qətnamənin prosessual hüquq normaları pozulmaqla qəbul edilməsi ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin, cavabdehin şikayətinin isə rədd olunmasını saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə öz şikayətini müdafiə edərək, faiz məbləğlərinin ümumiyyətlə silinməsini xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, cavabdehin şikayəti isə rədd olunmalıdır. İşin faktiki hallarına görə, LPO “xxxxxxxxxxxxx” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 25% illik faiz dərəcəsi ilə 12 ay müddətinə 3.000 avro məbləğində kredit verilmişdir. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, kredit məbləğini Cavabdeh vermiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Buna baxmayaraq, borclu Cavabdeh, ödəmələri qrafik üzrə aparmamış və öhdəliyin icrasını gecikdirmişdir. Bankın xx xxx 2019-cu il tarixli olan maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixinə olan borcu 1.324,54 avro əsas, 74,88 avro faiz, 943,67 avro cərimə borcu və 196,02 avro gecikdirilmiş gün üçün hesablanan faiz məbləği olmaqla, cəmi 2.539,11 avro təşkil edir. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, xx.xx.2015-ci il tarixli 1xx/xx/106455/15 saylı kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli, **********761 nömrəli maliyyə arayışı və işdə olan digər sənədlərlə təsdiqlənir. Kollegiya mübahisənin həlli ilə bağlı bildirir ki, iddiaçı Mülki Məcəllənin 739.1-ci, 741-ci və 462.1-ci maddələrinə əsasən, cavabdehdən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. MM-in 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qeyd olunanlara əsasən Kollegiya, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə 1324,54 avro əsas, 74,88 avro faiz, 100 avro cərimə borcu olmaqla, ümumilikdə 1499,42 avro tutulmasını əsaslı hesab edir və bu hissələrdə tərəflərin apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Bununla belə, Kollegiya, iddiaçının apellyasiya şikayətini gecikdirilmiş vaxt üçün hesablanan 196,02 avro faiz borcunun tutulması hissəsində əsaslı sayır. Çünki, kreditorun bu tələbi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən haqlıdır. Həmin maddəyə görə, borclu, pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Diqqətə alınmalıdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarı). Kollegiya xüsusilə vurğulayır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan, hər hansı obyektiv və ağlabatan əsas olmadan, kredit üzrə qanuna əsasən hesablanmış gecikdirmə faizi (illik 5%) azaldıla və ya silinə bilməz. Odur ki, qətnamə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə illik 5% məbləğinin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilməli,əsas borca illik 5%-lə hesablanmış 196,02 avro faiz borcu Cavabdeh tutularaq iddiaçı LPO “xxxxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1771/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin olunsun. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca illik 5%-lə hesablanmış 196,02 (bir yüz doxsan altı avro, iki sent) avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) faiz borcu tutularaq ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-yə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev
Məhkəmə qərarları › İş №2(103)-990/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-990/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver