Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-990/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (X2) Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək cavabdehin ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 250.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, X7 ilə xx.xx.2014-cü il tarixdə “İcarə müqaviləsi” bağlayaraq sonuncuya məxsus olan və ünvan 1 ünvanda yerləşən, sahəsi 32,3 kv.m olan qeyri-yaşayış sahəsini icarəyə götürmüş və orada xalça satışı mağazası təşkil etmişdir. Cavabdehə məxsus fərdi yaşayış evi, iddiaçının icarə götürdüyü sahənin qonşuluğunda, yəni ünvan 2 ünvanda yerləşir. Cavabdehə məxsus fərdi yaşayış evindən iddiaçının icarə götürdüyü sahəyə xx.xx.2021-ci il tarixdə su sızma baş vermiş və iddiaçıya məxsus və ümumi dəyəri 250.000 manat olan 100 ədəddən çox xalça islanmış və nəticədə yararsız vəziyyətə düşmüşdür. Həmin vaxt dünyada “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası və İran İslam Respublikası tərəfindən görülən tədbirlər səbəbindən, iddiaçı, İran İslam Respublikasından Azərbaycan Respublikasına gələ bilmədiyi üçün hadisədən gec xəbər tutmuş və xəbər tutandan sonra cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçıya vurduğu zərərin əvəzini ödəyəcəyinə əvvəlcə söz versə də, sonradan ziyanı ödəməkdən imtina etmişdir. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
3. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə baxışı iclasında iştirak edərək işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdehə məxsus evdən, həmin evin damından iddiaçının icarəyə götürdüyü sahəyə (mağazaya) su axıdılmamış və ümumiyyətlə bu mümkün deyil, çünki həmin sahələr arasında ümumi təmas nöqtəsi yoxdur, həmin sahələr bir-birindən aralı yerləşir. Bundan başqa iddiaçının istifadəsində olan mağaza cavabdehin evindən 3 mərtəbə aşağı səviyyədə yerləşir və evdən həmin mağazaya suyun axıdılması mümkün deyil. İş üzrə ekspertiza tərəfindən verilmiş rəydən də görünür ki, iddiaçının icarəyə götürdüyü sahəyə su cavabdehə məxsus nə evdən, nə də ki evin damından axmayıb. c) üçüncü şəxsin işin baxılmasına cəlb edilməsi barədə məlumat
4. İddiaçı, icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin X5 məxsus olmasını iddia ərizəsində bildirdiyindən Rayon Məhkəməsi Dadaş Quliyevi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir.
5. Rayon Məhkəməsi işin baxılması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********61 saylı məktubuna əsasən müəyyən etmişdir ki, X7 həmin qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixli “Alğısatqı müqaviləsinə” əsasən X1. Bu səbəbdən də, Rayon Məhkəməsi Tarix Ağayevi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə su axıdılması cavabdehə məxsus sahədən baş verməsi, bununla da cavabdeh tərəfindən iddiaçıya ziyanın vurulması faktı iddiaçı tərəfindən sübuta yetirilməmiş, həmin fakt məhkəmə araşdırılması zamanı da təsdiq edilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə məhkəmə tərəfindən iş üzrə tərəflərə məxsus sahələrə yerində baxış keçirmiş, iddiaçının icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin zirzəmidə yerləşdiyi, zirzəminin dörd divarından yalnız sərinkeşin (vintelyator) ətrafında nəmişlik olduğunu, xalçaların əksəriyyətinin nəmişlikdən çürüdüyü müəyyən edilmişdir. Bundan başqa, ekspertiza tərəfindən verilmiş rəyindən görünür ki, iddiaçının icarəyə götürdüyü sahə ilə cavabdehə məxsus evin arasında olan ara boşluğu faktiki olaraq xüsusi materialla bağlı vəziyyətdədir və atmosfer sularının cavabdehə məxsus evin dam örtüyündən axıdılması üçün quraşdırılmış su təmizləyən boru tutulduğu halda da qonşuluqda yerləşən və iddiaçının istifadəsində olan mağazaya suyun axması mümkün deyil. e) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Ekspert rəy verərkən yalnız vizual müşahidələrinə əsasən iddiaçının icarəyə götürdüyü sahə ilə cavabdehə məxsus evin arasında olan ara boşluğu faktiki olaraq xüsusi materialla bağlı vəziyyətdə olduğunun nəzərə alaraq atmosfer sularının dam örtüyündən axıdılması üçün quraşdırılmış su təmizləyən borunun tutulması halında qonşuluqda yerləşən mağazaya hər hansı bir zərərin vurulmasının mümkün olmadığının müəyyən edilməsini qeyd etmişdir. Halbuki, ekspert rəy verərkən ilk növbədə su tənzimləyən boru tutularsa qeyri-yaşayış sahəsinə borunun nasazlığı əlaqədar damdan axan suların həmin zirzəmiyə axıb-axmayacağını aydınlaşdırmalı, bundan sonra iş üzrə müvafiq rəy verilməli idi. Bundan əlavə, ekspert tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/3098 №-li ekspert rəyində təqdim olunan əşyalar üst-üstə yığıldığından həmin əşyalara ayrılıqda baxış keçirərək tədqiqat aparmaq mümkün olmadığı, baxış keçirmək üçün lazımı şərait yaradılması və həmin əşyaların bəziləri barədə mütəxəssis arayışının tələb olunduğu barədə iddiaçıya məlumat verilsə də, heç bir məlumat təqdim olunmadığından rəy verilməsinin mümkün olmaması göstərilmişdir. Lakin, belə bir hal mövcud olmamış, ekspert əvvəl mağazada olan başqa şəxslərə məxsus əmanət xalçalara baxış keçirmiş və onların vəziyyətini qiymətləndirərək, kənara qoymuş, digər xalçalarla bağlı isə ona onların hər hansı boş bir sahəyə aparılmasını təklif etmiş, o, isə bu hala cavabdehin etiraz edəcəyini, yəni xalçaların dəyişdirilə biləcəyi versiyasını irəli sürəcəyindən ehtiyat edərək, həmin mallara olduqları yerdə və ya mağazanın qarşısında baxış keçirməsini xahiş etmişdir. O, isə razılaşmayaraq, mağazanı tərk etmişdir. Həmin vaxt ekspertin hərəkətləri qanunsuz olmuşdur. Çünki, ən azı ekspert ekspertizaya təqdim olunan əşyalara baxış keçirərək, həmin xalçalara su tökülməsi və ya hansı səbəbdən xarab olması halını müəyyən edə bilərdi. f) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
10. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclaslarında iştirak etməmiş, nümayəndələr vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunların səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) işdə olan sənədlər barədə məlumat
8. İddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “İcarə müqaviləsindən” görünür ki, Dadaş Quliyev mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən 32,3 kv.m ölçülü qeyri-yaşayış sahəsini iddiaçıya icarəyə vermişdir.
9. İddiaçı bildirir ki, o, icarəyə götürdüyü qeyri-yaşayış sahəsində xalça satışı mağazası təşkil etmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********61 saylı məktubundan görünür ki, X7 həmin qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən X1.
11. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş FM seriyalı, 019743 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, Mirzə Mənsur küçəsində yerləşən və ümumi sahəsi 569,9 kv.metr olan 72 saylı fərdi yaşayış evi iş üzrə cavabdehin xüsusi mülkiyyətində olan daşınmaz əmlakdır.
12. Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər ərazisinə xidmət göstərən Mənzil- Kommunal və Təmir Xidmətinin xx.xx.2021-ci il tarixli, V-01/05/13 nömrəli məktubundan görünür ki, iddiaçının istifadəsində olan mağazaya su sızması ilə əlaqədar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ünvanlanan müraciətə Mənzil-kommunal və Təmir Xidmətində baxılmışdır. Mütəxəssislər tərəfindən ünvanda araşdırmalar aparılmış və Mirzə Mənsur küçəsi 72 ünvanında yerləşən evin mülkiyyətçisi olan cavabdehə xəbərdarlıq edilməklə müvafiq qaydada akt tərtib olunmuşdur.
13. Mənzil-Kommunal və Təmir Xidmətinin Texniki Nəzarət Şöbəsinin müdiri Bəxtiyar Quliyev, mühəndisi Fuad Əsgərov və mütəxəssis Elşən Abdullayev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının istifadəsində olan və Hərb küçəsi ev 5 ünvanında yerləşən zirzəmidən xalça malları və digər antikvar məhsulların satışı üçün istifadə olunur. Baxış zamanı zirzəminin divarlarından su sızması hallarının baş verməsi müşahidə olunmuşdur. Su sızmasının haradan baş verməsini müəyyən etmək üçün zirzəmiyə bitişik olan və cavabdehə məxsus evin dam örtüyünə baxış keçirilmiş və evin damına su buraxılaraq su tənzimləyən borudan suyun axması yoxlanmış və nəticədə su tənzimləyən borudan suyun kənarlaşdırılması baş verməmiş, tökülmüş su sözügedən zirzəminin divarından dükana axmağa başlamışdır.
14. Həmin Xidmətin xx.xx.2021-ci il tarixli, V-01/05/10 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə onun evinə məxsus suyu tənzimləyən borudakı nasazlığı aradan qaldırmaq barədə Xidmət tərəfindən xəbərdarlıq edilmişdir.
15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ƏEM/S 77-928/21 nömrəli mütəxəssis rəyindən görünür ki, cavabdehə məxsus olan fərdi yaşayış evində quraşdırılmış navalça sistemindən qonşuluqda yerləşən ünvanlara hər hansı zərər vurulması halının mövcud olmadığı müəyyən edilmişdir.
16. Rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatını həyata keçirmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2688 №-li rəydən görünür ki, cavabdehə məxsus evdə atmosfer sularının dam örtüyündən axıdılması üçün quraşdırılmış navalça sistemi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin dam örtüklərinə dair tələblərlə bağlı 61-ci maddəsinin 61.1 və 61.4 maddəsində nəzərdə tutulmuş qaydalarına uyğun olduğu müəyyən edilir. İddiaçının icarə götürdüyü qeyriyaşayış sahəsi yerləşən bina ilə cavabdehə məxsus ev arasında olan ara boşluğu faktiki olaraq xüsusi materialla bağlı vəziyyətdə olduğunu nəzərə alaraq atmosfer sularının dam örtüyündən axıdılması üçün quraşdırılmış su təmizləyən borunun tutulması halda qonşuluqda yerləşən və iddiaçının istifadəsində olan mağazaya hər hansı bir zərərin vurulmasının mümkün olmadığı müəyyən edilir. İddiaçının istifadəsində olan və zirzəmidə yerləşən mağazanın üstündə əlavə üç mərtəbənin olmasını nəzərə alaraq cavabdehin evindən həmin mağazaya (zirzəmiyə) hər hansı atmosfer axıntıların axması mümkün deyil. Lakin həmin mağazanın cavabdehin evinə tərəf olan divarında sarımtıl su sızma ləkələri var. Həmin mağazaya (zirzəmiyə) hər hansı atmosfer axıntısı zamanı su sızmalarının olub-olmamasını müəyyən etmək mümkün deyildir. Mağazada olan oyuğlar (deşik, dəlik) mağazaya dair xx.xx.2018-ci il tarixdə tərtib olunmuş “Texniki pasportunda” öz əksini tapmır və texniki sənədlərdə nəzərdə tutulmur. Mağazanın divarında olan (deşik və ya dəlik) üzərində sərinkeş (vintelyator) quraşdırıldığını nəzərə alaraq qeyri-yaşayış sahəsinin havalandırması məqsədi ilə istifadə olunduğu müəyyən edilir.
17. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/3098 №-li rəydən görünür ki, iddiaçının istifadəsində olan və zirzəmidə yerləşən mağazada olunan əşyalar (xalçalar) üst-üstə yığıldığından həmin əşyalara ayrılıqda baxış keçirərək tədqiqat aparmaq mümkün olmadı. Baxış keçirmək üçün lazımı şərait yaradılması və həmin əşyaların bəziləri barədə mütəxəssis arayışının tələb olunduğu barədə iddiaçıya məlumat verilsə də, iddiaçı heç bir məlumat təqdim etməmişdir. Bu səbəbdən də rəy verilməsi mümkün olmamışdır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
18. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, iddiaçı bildirir ki, cavabdehin mənzilindən onun sahibliyində olan qeyriyaşayış sahəsinə suyun axması cavabdehin təqsiri üzündən baş vermişdir.
20. İddiaya etiraz edən cavabdeh tərəfi isə bildirir ki, cavabdehə məxsus evdən, həmin evin damından iddiaçının icarəyə götürdüyü sahəyə (mağazaya) su axıdılmamış və ümumiyyətlə bu mümkün deyil, çünki həmin sahələr arasında ümumi təmas nöqtəsi yoxdur, həmin sahələr bir-birindən aralı yerləşir. Bundan başqa iddiaçının istifadəsində olan mağaza cavabdehin evindən 3 mərtəbə aşağı səviyyədə yerləşir və evdən həmin mağazaya suyun axıdılması mümkün deyil.
21. Göründüyü kimi, mövcud mülki mübahisənin həlli iddiaçının sahibliyində olan qeyri-yaşayış sahəsinə suyun axıdılmasının cavabdehin hüquqazidd, təqsirli əməli nəticəsində baş verməsindən əmələ gəlib-gəlməməsinin müəyyən edilməsindən asılıdır.
22. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).
23. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən hazırki mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, vurulmuş zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edən iddiaçı ilk növbədə sübut etməlidir ki, həmin zərər ona cavabdeh tərəfindən yetirilmişdir.
25. İşə baxmış Rayon Məhkəməsi cavabdehə məxsus evdən, həmin evin damından iddiaçının icarəyə götürdüyü və qonşu binanın zirzəmisində yerləşən mağazaya suyun axıdılmasının mümkün olub-olmamasını araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizanın təyin etsə də, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş xx.xx.2022-ci il tarixli rəy ilə bu fakt öz təsdiqini tapmamışdır.
26. İddiaçı qeyd edilən bu ekspert rəyinə etiraz edir və Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər ərazisinə xidmət göstərən Mənzil-Kommunal və Təmir Xidmətinin müdiri Bəxtiyar Quliyev, mühəndisi Fuad Əsgərov və mütəxəssis Elşən Abdullayev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta istinad edir.
27. Məhkəmə qeyd edir ki, iddiaçı ekspert rəyinin əsassız olmasını bildirsə də, buna dair sübutları məhkəmələrə təqdim etməmişdir.
28. Məhkəmə bildirir ki, iddiaçının istinad etdiyi akt zəruri biliyə malik olan mütəxəssislər tərəfindən tərtib edilsə də, ekspertiza tərəfindən verilmiş rəy xüsusi biliyə malik olan və bu sahədə 12 il iş təcrübəsinə malik olan ekspert tərəfindən tərtib edilmişdir. Bu rəyi şübhə altına ala biləcək sübut (məsələn: digər ekspertin rəyi) iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Əksinə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ƏEM/S 77-928/21 nömrəli mütəxəssis rəyində də, qeyd edilir ki, cavabdehə məxsus olan fərdi yaşayış evində quraşdırılmış navalça sistemindən qonşuluqda yerləşən ünvanlara hər hansı zərər vurulması halının mövcud olmadığı müəyyən edilmir.
29. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəy etibarlı, iddiaçının istinad etdiyi və Mənzil- Kommunal və Təmir Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktı isə etibarsız sübut kimi qəbul edir.
30. Bununla da, müəyyən edilir ki, iddiaçı, cavabdeh tərəfindən ona münasibətdə delikt törətməsi iddia etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir.
31. Məhkəmə hesab edir ki, nə qədər ki cavabdehin təqsirini müəyyən edən tutarlı sübutlar mövcud deyil, onun həmin əməldə təqsirləndirilməsi yolverilməzdir. Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin nəticəsinə aid dəlilləri əsassızdır. i) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
32. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı (X2) apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.