Məhkəmə qərarları › İş №2(103)-9904/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9904/2021

06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9904/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdehin nümayəndəsi və vəkili Hacıyeva Səbirə Sabir qızının, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Əliyev Vahid Əli oğlunun, İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Həsənov Şahmar Bakir oğlunun və onun nümayəndəsi və vəkili Bayramov Ceyhun Qəhrəman oğlunun iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2499/2021 saylı 19 avqust 2021-ci il tarixli qərardadından ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 82.000 manat pul vəsaitinin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənov Şahmar Bakir oğlu cavabdeh İddiaçı qarşı “pul” tələbiıə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 60000 ( altmış min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənov Şahmar Bakir oğlu iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı adına olan daşınar və daşınmaz əmlakların və bank hesablarının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2499/2021 saylı 19 avqust 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin olunması, Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-2499/2021 saylı müllki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənov Şahmar Bakir oğlunun İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, İddiaçı məxsus əmlakların (aşkar ediləcəyi təqdirdə), yaxud ona aid pul vəsaitinin (aşkar ediləcəyi təqdirdə) üzərinə ümumilikdə 60 000 (altmış min) manat həcmində həbs qoyulması, qərardadın dərhal icra olunması və onun icrası Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və İddiaçı bank hesablarının olduğu banklara həvalə edilməsi, bu qərardadın, İddiaçı bank hesablarından əmək haqqı, vergi və sığorta ödənişləri üçün pul vəsaitlərinin məxaric edilməsinə maneə yaratmadığı nəzərə alınması qərara alınmışdır. Həmin qərardaddan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi tədbirinin ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ona məxsusdur və rəsmi 49.2 kv-m olmaqla ümumi 110 kv.m sahədən ibarətdir. Bu barədə adına rəsmi sənəd də vardır. Həmin obyekti o Fizüli adında şəxsdən 120.000 manata almışdır. Sonralar həmin qeyri-yaşayış sahəsini cavabdeh Babayev Şəfayət Məmməd oğlunun adına rəsmiləşdirərək, ondan 38000 (otuz səkkiz min) manat faizlə pul götürmüşdür. Şəfayətdən faizlə pul götürməyinə dair səs yazısı, həmçinin şahidlər vardır. Həsənov Şahmar Bakir oglu 3-cü şəxs qismində ərizə ilə məhkəməyə müraciət edərək, guya ona İddiaçı 60.000 (altmış min) manat pul borcunun olduğunu bildirmişdir. Şahmar Həsənovla 2019-cu ilin iyul ayında tanış olmuş, ilkin iddiaçının “DAF” markalı qum daşıyan maşını olmuş və onu satmaq üçün elan saytına qoymuşdur. Şahmar Həsənov ona zəng edərək, maşını icarəyə götürmək istədiyini bildirmişdi. Daha sonra, onunla icarə müqaviləsi bağlamışdır. O zamanlar, ilkin iddiaçı Bakı şəhəri, Azadlıq prospekti 14/166 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsini, yani kafeni işlədirdi. Şahmar Həsənov “DAF” maşının birinci icarə haqqını ödəmək üçün ona zəng etmiş və onlar həmin kafedə görüşmüşlər. Söhbət əsnasında o kafeni satmaq istədiyini bildirmişdir. Şahmar kafeni almaq istədiyi üçün o, onunla 27.08.2019-cu il tarixli akt (razılaşma) bağlamışdır. Kafenin qiymətinin 150.000 (yüz əlli min) manat olduğunu bildirmişdir. Razılaşmaya görə, Şahmar hər ay 10.000 (on min) manat olmaqla 70.000 (yetmiş min) manat ödəməli, qalan 80.000 (səksən min) manatın əvəzinə isə, ona Mehdiabad qəsəbəsində olan evini verməli idi. O, Şahmarı Şəfayətlə tanış etmiş və ondan hər ay 10.000 (on min) manat olmaqla, 5 ay müddətində Şəfayətə 50.000 (əlli min) manat ödəməsini xahiş etmişdir. Çünki kafe Şəfayətin xeyrinə 38.000 (otuz səkkiz min) manat pul məbləğində faizlə girov qoyulmuşdu. Şahmar mənim aralarında bağlanmış 150.000 (yüz əlli min) manatlıq razılaşmanın 50.000 (əlli min) manatını Şəfayətə ödəməli idi. Şahmar ona 10.000 (on min) manat ödəmişdir. O, həmin pulu 24.08.2020-ci il tarixdə DİN-in İstintaq və Təhqiqat İdarəsinin Ağir Cinayətlərin İsltintaqı Şöbəsinin baş müstəntiqi, cənab Məmmədov Osman Məhəmməd oğluna Şahmar Həsənova çatdırılması üçün vermiş və bu barədə 24.08.2020-ci il tarixli Protokol tərtib olunmuşdur. Şahmar Həsənov ona qarşı olan iddia ərizəsində Cavabdeh 57.000 (əlli yeddi min) manat pul verdiyini, Binəqədi RPİ-nin 03 mart 2021- ci il tarixli qərarında Şahmar Həsənov ona 32 000 manat pul verdiyini, Binəqədi RPİ-nin 03 noyabr 2020-ci il tarixli qərarında isə Şahmar Həsənov ona 42.000 (qırx iki min) manat pul verdiyini izahatında bildirmiş, Binəqədi RPİ-nin 08 fevral 2021-ci il tarixli qərarında isə, Şahmar Həsənov mənə 53.000 (əlli üç min) manat verdiyini qeyd etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Nizami rayon məhkəməsinə ünvanladığı hal-hazirki iddiasında isə mənə 60.000 (altmış min) manat verdiyini vurğulamışdır. Hesab edir ki, RPİdə verilən izahatlarla, məhkəməyə verilmiş iddiada kobud şəkildə ziddiyytələr vardır. Buna əsas, əldə olunmuş istintaq materiallarında olan Şahmar Həsənovun izahatlardır. Sual yaranır: Əgər Şahmar ona 60.000 (altmış min) manat pul vermişdirsə, onda Şəfayətə 57.000 (əlli yeddi min) manatı niyə vermişdir? Şahmar niyə ondan yazdığı şikayətlərdə 60 000 manatı qeyd etməmişdir. Deməli, Cavabdeh Şahmar Həsənovdan 57 000 manat pul almışdır. Lakin mübahisəli əmlakı girovdan çıxararaq ona qaytarmaq əvəzinə Tacəddin İmanova satmışdır. Şahmar öz ərizəsində ona qum, çınqıl verdiyini və dəyərinin 3.000 (üç min) manat olduğunu, bu barədə qəbzlərinin olduğunu qeyd edir, lakin, onda 60.000 (altmış min) manat ona verməsinə dair qəbzləri, əsaslı sübutları, şahidləri yoxdur. Digər tərəfdən Şahmar Həsənov yazdığı iddia ərizəsi ilə Cavabdeh mübahisəli əmlaka görə pulu ödənildikdən sonra əmlakımı ona qaytarmaq əvəzinə, onu qanunsuz olaraq başqasına satdığını öz ərizəsində təsdiq edir. O, Şahmara “DAF” markalı avtomobili icarəyə vermiş, o isə öz növbəsində 1 (bir) aylıq icarə haqqını ödəmişdir. Qeyd olunan avtomobili, aylarla işlətmiş, sonra isə korlanmış, dağılmış vəziyyətdə ona qaytarmışdır. 27.08,2019-cu il tarixli Akta əsasən, o ilkin iddiaçıya 80.000 (səksən min) manat pulun əvəzinə Mehdiabad qəsəbəsində yerləşən 5 sot torpaq sahəsini və orada yerləşən evini verməli idi. Lakin Həsənov Şahmar verdiyi vəddən boyun qaçırdı, onun etibarından sui-istifadə etdi. Nəticədə ona külli miqdarda zərər dəydi. Yuxarıda qeyd etdiyim 70.000 (yetmiş min) manatda ilkin iddiaçıya 10.000 (on min) manat vermiş, iddia ərizəsində özünün təsdiq etdiyi kimi 70.000 manatın 57.000 manatını Cavabdeh vermişdir. 10.000 (on min) manat pulu ona qaytarmış, bu barədə qeyd etdiyi kimi, 03.11.2020-ci il tarixli Binəqədi RPİnin Qərarında və 24.08.2020-ci il tarixli protokolda öz əksini tapmışdır. Eyni zamanda. Şahmar Həsənov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun bütün əmlakımın üzərinə həbs qoymağı tələb etmişdir. Hakim isə iddiaçının ərizəsini təmin etmiş və 19.08.2021-ci il tarixli 2(007)-2499/2021-sayli qərardad cıxarmışdır.Həmin qərardad qanunsuz və əsassızdır və ləğv edilməlidir: Hakim ona qarşı qərəzli mövqeydə dayanmışdır. Çünki, o əvvəlki məhkəmə iclaslarında vəsatət qaldıraraq mübahisəli Binəqədi rayonu 14/166 ünvanında yerləşən və Cavabdeh tərəfindən ona 82.000 (səksən iki min) manat borcun yaranmasına səbəb olan mübahisəli əmlakin və iddia tələbi ilə əlaqədar Cavabdeh digər bütün əmlaklarının üzərinə həbs qoymaği barədə ərizə versə də hakim ərizəni rədd etmişdir. Nəticədə, şikayəti əsasında Apellyasiya məhkəməsi şikayətini qismən təmin etmişdir. Ş.Həsənova istinad edilən iddia ərizəsini onun özünün yazdığı bəlli deyildir. Cavabdeh vəkili və nümayəndəsinin Şahmar Həsənovun iddia ərizəsinin məhkəməyə təqdim etməyə və onun adından danişmağa səlahiyyəti vardırmı? Mübahisə yalnız Binəqədi rayonu, Azadlıq pr, 14/166 ünvanında yerləşən kafedə barədə getdiyi halda, hakim tərəfindən həmin əmlakın üzərinə həbs qoyulmamışdır, əksinə, onun işə aidiyyatı olmayan bütün əmlakımın üzərinə həbs qoyulmuşdur. Şahmar Həsənov müstəqil tələb irəli sürən üçüncü şəxs olmadığı halda, onun iddia ərizəsini icraata götürülmüşdür. Eyni zamanda Şahmar Həsənovun həmin əmlaka aidiyyəti olub-olmadığı araşdırılmadan, onun bütün əmlakımın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2499/2021 saylı 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikаyət mülki işlə birlikdə bаxılmаsı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdehin nümayəndəsi və vəkili Hacıyeva Səbirə Sabir qızı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Həsənov Şahmar Bakir oğlunun və onun nümayəndəsi və vəkili Bayramov Ceyhun Qəhrəman oğlu şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Əliyev Vahid Əli oğlu şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2499/2021 saylı 03 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilərək, İddiaçı məxsus daşınar və daşınmaz əmlakların (aşkar ediləcəyi təqdirdə) üzərinə ümumilikdə 60 000 (altmış min) manat həcmində həbs qoyulmalı, qərardadın icrası Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Kollegiya qeyd edir ki, hazırki halda İddiaçı məxsus əmlaklarla yanaşı, ona aid pul vəsaitinin üzərinə həbs qoyulması qeyri-müəyyən yanaşma olmaqla icranın həyata keçirilməsinə çətinlik yaradır, həmçinin şəxsin qanunvericilikdə nəzərdə tutulmuş funksiyalarını həyata keçirmək üçün zəruri olan maliyyə vəsaitindən istifadə etməkdən məhrum edilməklə onların fəaliyyətinə ciddi maneə yarana bilər. Digər tərəfdən, kollegiya qeyd edir ki, iddianı təmin tədbirinin seçilməsi məsələsinin əsaslılığına iddianın özünün əsaslılığı nəzərə alınmaqla qiymət verilmir. Bu mənada, iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar, bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Təsadüfi deyildir ki, qanunvericilik bunu nəzərə almaqla iddianın təmin edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin tələb edilməsinin mümkünlüyünü (MPM-in 164-cü maddəsi) nəzərdə tutmuşdur. Ona görə də, iddianı təmin tədbirlərindən verilmiş şikayətlərdə yalnız hər hansı hüququn həyata keçirilməsinin məhdudlaşdırıldığı dəlilinə istinad da özlüyündə kifayət deyildir. Belə dəlil məhkəmə tərəfindən mütənasiblik prinsipi baxımından ciddi şəkildə qiymətləndirilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı məxsus yalnız daşınar və daşınmaz əmlakların (aşkar ediləcəyi təqdirdə) üzərinə ümumilikdə 60 000 (altmış min) manat həcmində həbs qoyulması qanuna uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2499/2021 saylı 03 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilərək, İddiaçı məxsus yalnız daşınar və daşınmaz əmlakların (aşkar ediləcəyi təqdirdə) üzərinə ümumilikdə 60 000 (altmış min) manat həcmində həbs qoyulmalı, qərardadın icrası Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2499/2021 saylı 03 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilərək, İddiaçı məxsus yalnız daşınar və daşınmaz əmlakların (aşkar ediləcəyi təqdirdə) üzərinə ümumilikdə 60 000 (altmış min) manat həcmində həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar