Məhkəmə qərarları › İş №2(103)-9905/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9905/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9905/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(007)-1377/2021 saylı qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(007)-1377/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 13800 manat əsas borc,1000 manat əldən çıxmış fayda, vəkilə ödənilmiş 210 manat pul və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 252-ci maddəsinin tələbinə görə, qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. Həmin Məcəllənin 233.1-ci maddəsinə görə, bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. MPM-in 360-cı maddəsinin tələbinə görə isə apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamə, o cümlədən qiyabi qətnaməyə qarşı apelyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. İş materiallarından görünür ki, qiyabi qətnamə cavabdehin ünvanı (rəsmi qeydə alındığı və apelyasiya şikayətində qeyd olunan ünvan) üzrə göndərilmiş və 24.05.2021-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir (i.v. 39). Qətnamə 24.06.2021-ci il tarixdə icraya yönəldilmişdir. Bundan sonra qiyabi qətnamənin surəti 05.08.2021-ci il tarixdə Cavabdeh məhkəmə qəbzinə imza edilməklə yenidən təqdim edilmişdir. Apelyasiya şikayəti isə 30.08.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin məhkəmə yuxarıda qeyd olunan halları araşdırmamış, qətnaməni icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini araşdırmamış, həmçinin qiyabi qətnamənin surətinin reallıqda cavabdehə hansı tarixdə təqdim edilməsini müəyyən etməmiş, həmin məsələlərə əsaslandırılmış qərardadla qiymət verməmişdir. Qeyd olunan halların dəqiq müəyyən olunması prosessual müddətlə bağlı məsələyə hüquqi qiymət verilməsi üçün zəruridir. Çünki, apelyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-nin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Məhkəmə aktlarından apelyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(007)-1377/2021 saylı qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, qiyabi qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsi araşdırılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar