Məhkəmə qərarları › İş №2(103)-9912/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9912/2021

07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9912/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2051/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdan 13.000 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehdan 11.050 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdehdan 11000 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 ilə yaxındır ki, cavabdehlə tanışdır. Belə ki, cavabdehin anası oğlunun müəlliməsi olmuş, sonradan bu səbəbdən münasibətləri yaranmış, onun işlədiyi gözəllik salonuna daimi müştəri kimi gəlib-getmişdir. 14 dekabr 2019-cu il tarixdə cavabdeh ondan 13.000 manat əl borcu alaraq 2-3 ay ərzində qaytaracağını bildirsə də, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq bugünə qədər borcu qaytramamışdır. O, Xəzər rayon Polis İdarəsinin 1-ci PB-nə müraciət etmiş, oradan ona işin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2051/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 11.000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 11.030,0 (on bir min otuz) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2051/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Borcun tam şəkildə ödənilməsini təsdiq edən sübut kimi tərəflər arasındakı danışıqları əks etdirən disk və “Whalsapp” yazışmaları məhkəməyə təqdim edilmişdir. Diskdəki danışıqlar təhqiqatçı tərəfindən dinlənilmiş və həmin danışıqlarda İddiaçı ona verdiyi 13.000 manat borcun onun tərəfindən qaytarıldığını iddiaçının deməsi öz əksini tapmışdır. Lakin işə baxan hakim diski Azərbaycan Respublikasının MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübut kimi qiymətləndirmiş, bu səbəbdən işə baxarkən həmin sübuta hüquqi qiymət verməmiş, diskdə olan məlumatların hazırkı iş üçün əhəmiyyətli olub-olmamasını öyrənməmişdir. Hesab edir ki, tərəflər arasındakı danışıqları əks etdirən diskə sübut kimi qiymət verməməklə məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işi birtərəfli qaydada, qeyri-obyektiv araşdıraraq ziddiyyətli məqamlara aydınlıq gətirməmiş, tərəflərin eyni tarixli məhkəmə iclasında dinlənilərək həqiqətin müəyyən edilməsində maraqlı olmamış, qətnamədə iddianın təmin edilməsi qənaətinə gələrkən prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutduğunu qeyd etmiş, həqiqətdə isə qətnaməni Azərbaycan Respublikasının MMC-nin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2051/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmim şəxsin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2051/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2051/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Cavabdeh tərəfindən iddiaçıdan ümumilikdə alınmış pul məbləğindən hazırki idia tələbi üzrə tələb olunan 13.000 manatın qaytarılması bildirilsə də, həmin məbləğin iddiaçıya qaytarılmasına dair hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin hazırki mübahisə üzrə gəldiyi nəticə hüquqi cəhətdən qanuni və əsaslıdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhər Xəzər RPİ-nin 1-ci Polis HK-1-940 saylı material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 iyul 2021-ci il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında bildirmişdir ki, o, 2019-cu ilin dekabr ayında Cavabdeh ikisinin iştirakı ilə işlədiyi Mərdəkan qəsəbəsində yerləşən gözəllik salonunun qarşısında 13.000 manat borc pul vermişdir. O, 13.000 manat pulu Cavabdeh tam şəkildə vermiş və Səkinə pulu ondan aldıqdan sonra bildirmişdir ki, aldığı 13.000 manat pulu 2-3 ay müddətinə qaytaracaq. O, 13.000 manat pulu Səkinəyə heç bir yazılı müqavilə bağlamadan vermişdir. Pulu qaytarması barədə Səkinə 14.12.2019-cu il tarixdə əlyazma yazmışdır. O, Səkinəyə əvvəllər də bir dəfə 6000 manat, bir dəfə 9000 manat pul vermişdir. Səkinə dediyi vaxta onun pullarını qaytardığı üçün o, pulu ona vermişdir. Səkinə xeyli sayda şagird hazırlaşdırdığı üçün o, güman edirdi ki, Səkinə ona verdiyi 13.000 manat pulu tezliklə qaytarmaq iqtidarına malikdir. Səkinə ondan borca aldığı 13.000 manat pulu hissə-hissə qaytarmağına söz vermişdir və hissəhissə də 13.000 manat pul qaytaracaqdı. Səkinə pulu ondan aldıqdan sonra hər ay 4000- 5000 manat qaytaracağını bildirmişdir. Səkinə 13.000 manat pulu ondan aldıqdan təxminən 3 ay sonra ölkə ərazisində “COVİD 19” xəstəliyi yayıldığı üçün işləri getmədiyindən ondan gözləməsini xahiş etmişdir. O da humanistlik edərək onu gözləmiş və sonradan anlamışdır ki, Səkinənin borcu qaytarmaq fikri yoxdur. Sonra o, məcbur olub Xəzər Rayon Məhkəməsində borcla bağlı iddia qaldırmışdır. 13.000 manat pulun müəyyən hissəsini 1950 manatını qaytarmış, məhz buna görə də o, məhkəmə iclasında 13.000 manatdan 1950 manatını qaytardığını etiraf etmişdir. Müəyyən aylarda faizlərin verilməsini o bildirməmişdir. O, pulu başqasından alaraq Səkinəyə vermişdir. Səkinə kimlərisə işə düzəltdiyini, qazancının çox olduğunu, həmin pulu qısa müddətə qaytara biləcəyini, həmçinin, əvvəllər götürdüyü borc pulu qaytardığından onda inam yaranmış, məhz ona görə o, 13.000 manatı Səkinəyə vermişdir. Səs yazısında qeyd edilən hissə ona məxsus deyil. Səkinə ondan aldığı 13.000 manat puldan 2000 manatını 2020-ci ilin sentyabr ayında qaytarmışdır. 2000 manatın ona qaytarılması ilə bağlı heç bir qeyd aparılmayıb. Bunu özü etiraf edir. O, əvvəllər də Səkinəyə borc vermiş və pulu alanda heç bir qeyd aparmamışdır. Səkinə ona 2-3 ay müddətində aldığı 13.000 manat pulu faizsiz, yəni aldığı 13.000 manatı qaytarmalı idi. Onun səs yazısındakı faiz məsələsi ilə bağlı bildirir ki, həmin səs yazısı xüsusi proqram vasitəsi ilə düzəldilmiş, Səkinəyə sərf edən hissəsi saxlanılmışdır. Onunla “Watsapp” yazışmalarının da özünə sərf edən hissəsini saxlamışdır. Diskdə olan səs yazısının müəyyən hissəsi, “Watsapp” yazışmalarının isə hamısı ona məxsusdur. Səs yazılarının bir çox hissəsi xüsusi proqramla hazırlanmış, ona məxsus deyildir. “Watsapp” proqramındakı yazışmalarda Səkinə bir çox yerləri silmiş, yalnız özünə sərf edən yerləri saxlamışdır. Əgər o, pulu faizlə versə idi, bunu əlyazmada qeyd etdirərdi. O, Səkinənin anası tərəfindən evə dəvət edilərkən, orada Səkinənin qardaşı, atası da olmuş, onlar tərəfindən hədə-qorxu gəlinmiş, o da bundan qorxaraq pulu faizə verdiyini bildirsə də, bu əslində belə olmamışdır. Bu səs yazısı ona məxsus deyil. Həmin vaxt Səkinənin əvvəlki borc məsələləri ilə bağlı mübahisə olmuş, 13.000 manat pulu qaytarmamışlar. Səkinə əvvəllər 6000 manat və 9000 manat borc pul götürmüş, daha sonra qaytardığından bununla bağlı mübahisə olmamışdır. Onun 14.000 manat borcun qalması ilə bağlı dediyi sözlər yadına gəlmir, orada ona təzyiqlər olduğundan ola bilər ki, 13.000 manat borc yerinə 14.000 manat borc qaldığını demişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd edilən sübutlara və maddi hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh şifahi borc müqaviləsi üzrə borc məbləğini almaq hüququna malik olduğu kimi yaranmış borcu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, borc öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi Cavabdeh apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, nümayəndəsi və vəkili Vəkil1 apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətdə göstərilən hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh apelyasiya şikayətində İddiaçı 13.000 manat borc götürməsini, daha sonra bu məbləği hissə-hissə İddiaçı ödəməsini bildirsə də, göstərilən hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2051/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2051/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar