Məhkəmə qərarları › İş №2(103)-9916/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9916/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9916/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Xəqani Hüseynovun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair 2(003)- 2840/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə 02.11.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı borcun tutulması barədə kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASCnin xeyrinə 05 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1583,95 manat əsas, 9,98 manat faiz, 1,29 manat cərimə olmaqla, cəmi 1595,22 manat, həmçinin 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 05 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 48 ay müddətinə illik 20,7 faizlə 1900 manat məbləğində kredit götürmüşdür. 27 may 2021-ci il tarixədək Cavabdeh banka 05 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1583,95 manat əsas, 9,98 manat faiz, 1,29 manat cərimə olmaqla, cəmi 1595,22 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 05 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1583,95 manat əsas, 9,98 manat faiz, 1,29 manat cərimə olmaqla, cəmi 1595,22 manat, həmçinin 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnamə ilə ondan 1583,95 manat əsas, 9,98 manat faiz, 1,29 manat cərimə borcu olmaqla, cəmi 1595,22 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. O, məhkəmə baxışında etiraf etmədiyi halda onun üzərinə əsassız borc yazılmışdır. Hesab edir ki, həmin qətnamə əsassızdır. Onun məhkəmə baxışından xəbəri olmamışdır. Məhkəmə qətnaməsi heç bir araşdırma aparılmadan və ekspertiza keçirilmədən qəbul edilmişdir. Onun iddiaçı banka qeyd edilən məbləğdə borcu yoxdur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2020-ci il tarixli, 3-Y-2- 0-357-20 saylı kredit müqaviləsi və ona ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən kredit verən istehlak məqsədi ilə kredit alana 48 ay müddətinə, illik 20.7 % ödəmək şərtilə 1900 manat verməyi öhdəsinə götürmüş, borc alan isə həmin borcu faizi ilə birlikdə hər ay 58,53 manat olmaqla, 48 ay ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. 27.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1583.95 manat, faiz borcu 9.98 manat, cərimə borcu 1.29 manat olmaqla, ümumilikdə 1595.22 manat manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 428.4, 442, 443.1, 448.2, 449.4, 739,2, 739.2, 741 və 742.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh apellyasiya şikayətində kredit borcunun əsassız olduğunu bildirsə də, bunu əsaslandırmamış, məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, borcalan kredit müqaviləsinə uyğun olaraq üzərinə götürdüyü kredit öhdəliyini lazımınca və vaxtında yerinə yetirmədiyinə görə kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimənin tutulmasına dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Ona görə apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)-2840/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar