Məhkəmə qərarları › İş №2(103)-9926/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9926/2021

01.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9926/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(007)-2777/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 175 manat sabit pul məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli 2(007)-877/2017 saylı qətnaməsinə əsasən, hər ay 136 manat sabit məbləğdə alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda oğlunun 7 yaşı var, qət edilən 136 manat uşağın maddi ehtiyaclarını ödəmir, məsrəfləri artmışdır. Həmçinin cavabdeh övladı ilə maraqlanmır. Hətta məhkəmə tərəfindən qət edilmiş sabit alimentdən cavabdehin ödənilməyən 2467 manat borcu qalmışdır. Bu səbəbdən Sabunçu rayon İcra şöbəsinə müraciət etmişdir. Oğlunun bütün qayğı və ehtiyaclarını o, çəkir, təlim-tərbiyəsi, təhsili ilə daim məşğul olur, ana kimi bütün vəzifələrini icra edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(007)-2777/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin artırılması, tərəflərin birgə nikahından doğulmuş 17 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin artırılmış miqdarının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilə nikahları pozulduqdan sonra, təkrar nikaha daxil olmuş, 14.08.2019-cu il təvəllüdlü X4 doğulmuş, hazırda arvadı ikinci uşağa hamilədir. Alimentin məbləği yüksəkdir, işsizdir və hər hansı qazancı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahat dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahından 17.07.2014-cü il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-877/2017 saylı iş üzrə qəbul etdiyi qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 17.07.2014-cü il tarixdə doğulmuş X3 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh İddiaçı xeyrinə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 26 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay 136 manat aliment tutulması qət olunmuşdur. Birinci instansiya məhkəməsi uşağın və iddiaçının mənafelərini, ölkə üzrə 2021-ci ildə müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat alimentin tutulması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğrudur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artıdığından, uşaqlar üçün yaşayış minimumu 2014-cü ildə 136 manat olduğu halda, 2021-ci ildə 175 manat müəyyən olunmuşdur. Göründüyü kimi, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunu getdikcə artır. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur, belə ki, Nizami Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən 136 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda bir uşağın saxlanması üçün 136 manat vəsait yetərli sayıla bilməz. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşağını saxlamaq üçün kifayət qədər maddi imkana malik olmaması, yeni nikaha daxil olması və uşaqlarının olması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. Onun bu dəlilləri azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Bu baxımdan kollegiya, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 175 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Kollegiya işin hallarına qiymət verərək hesab edir ki, alimentin miqdarının uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı həddə salmaq üçün əsas yoxdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2777/2021 saylı iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar