Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-993/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3824/2021 saylı, 24 sentaybr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Kreditor İddiaçı (bundan sonra iddiaçı) borclu Cavabdeh (bundan sonra cavabdeh) qarşı nisyə satış müqaviləsi üzrə pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh ilə bağlanmış nisyə satış müqaviləsi üzrə 1500 manat əsas borc və 450 manat cərimə borcu olmaqla, cəmi 1950 manat məbləğində borcun və iddia verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3824/2021 saylı, 21.06.2021-ci il tarixli məhkəmə əmrinə əsasən ərizə təmin edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə etiraz vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3824/2021 saylı, 02.07.2021-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-yə ödədiyi 249 manat məbləğin İddiaçı MMC-dən tutulraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3824/2021 saylı, 24 sentaybr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddiaçı təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi göstərmişdir ki, tərəflər arasında bağlanmış 11.01.2018-ci il tarixli XQDK01013 saylı nisyə satış müqaviləsinə əsasən cavabdehə 1749 manat məbləğinə məişət məhsulu kreditlənisyə satılmışdır. Televizor həmin tarixli təhvil-təslim aktına əsasən, cavabdehə verilmiş, cavabdeh isə televizoru 14.02.2018-ci il tarixdə servisə təqdim edərək malda qüsur olduğunu bildirmişdir. Ona dəfələrlə xəbərdar edilsə də, nə televizoru servisdən götürmüş, nə də borcu ödəmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi, ilkin iddianın tam təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh televizoru aldıqdan bir ay sonra televizoru ekranı mexaniki zədələnmiş şəkildə qaytarıb, o televizoru qoyub çıxıb gedib, hesab edir ki, televizoru cavabdeh alanda bir iradı olmayıb. Sonrdan ekranı zədəli halda televizoru qaytarıb. Bu səbəbdən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, televizoru alıb gətiriblər evə, səhəri gün axşam televizoru qoşanda ekranda balaca qırmızı xətt olduğunu görüblər, fikirləşiblər ki, söndürsələr keçər, ertəsi gün televizoru açanda ekranın ortasında böyük enli qirmizi xətt olduğunu görəndə zəng edib məlumat veriblər, daha sonra televizoru mağazaya aparıblar, orada belə razılaşıblar ki, televizoru daha bahalı olan televizorla dəyişsinlər, həm də ilkin ödənişlə əlaqədar qiymət fərqi nə qədər olsa ödəmək barədə razılığa gəliblər, lakin üç gün sonra onlara zəng ediblər ki, burada problem var, heç bilinməyib nə məsələdir. Onlar əvvəlcə elə fikirləşiblər ki, televizoru dəyişəcəklər ona görə ilkin ödənişi istəməyiblər, sonra istəyəndə hər dəfə problem olduğunu deyirdilər. Bununla bağlı da üç il ərzində hər dəfə onlar arasında mütəmadi danışıqlar gedib. Qeyd olunanlara əsasən, şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.01.2018-ci il tarixli, XQDK01013 nömrəli nisyə satış müqaviləsi və ona 1 saylı əlavəyə əsasən ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə alğı-satqı qiyməti 1749 manat olan “Vestel” markalı televizor satılmış, cavabdeh həmin məbləği 249 manat ilkin ödəniş etməklə qalıq məbləği 12 ay müddətinə aylıq 125 manat olmaqla geri qaytarmağı öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1 ədəd “Vestel 55UD9650T” markalı televizoru imza etməklə təhvil almışdır. Borca dair 02.06.2021-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh 1500 manat əsas borc, 450 manat cərimə pulu olmaqla, ümumilikdə 1950 manat ödənilməmiş borcu vardır. Cavabdeh borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş texniki rəydən görünür ki, 1 ədəd “Vestel 55UD9650T” markalı televizor 14.02.2018-ci il tarixdə İddiaçı MMC servis mərkəzinə qaytarılıb. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Görünüdüyü kimi tərəflər arasında bağlanmış nisyə satış müqaviləsinin tələblərinə əsasən iddiaçı cavabdehə ilkin ödənişi 249 manat olmaqla, 12 ay müddətinə ödənilməsi şərti ilə televizor satmış, cavabdeh isə ilkin ödənişi etməklə qalıq məbləği 12 ay ərzində hissə-hissə ödəməyi öz öhdəsinə götürmüş, lakin cavabdeh həmin əşyanı qüsuru olması səbəbindən 3 gün sonra iddiaçı təşkilata aid olan servis mərkəzinə təqdim etmişdir. Televizor qaytarılarkən hər hansı təhvil-təslim aktı imzalanmamış, lakin apellyasiya şikayətinə əlavə edilmiş texniki rəydən görünür ki, 1 ədəd “Vestel 55UD9650T” markalı televizor 14.02.2018-ci il tarixdə İddiaçı MMC servis mərkəzinə qaytarılıb. Məhkəmə hesab edir ki, nə qədər ki, alqı-satqı predmeti olan əşya qüsuru olması səbəbindən alındıqdan 3 gün sonra satıcıya qaytarılmış, iddiaçının satıcı olaraq nisyə alqısatqı müqaviləsi üzrə əşyanın dəyərini və ona hesablanmış dəbbə pulunu tələb etmək hüququ yoxdur. Beləliklə, iddiaçının şikayətində qeyd edilən dəlilləri əsassız olduğundan təmin edilə bilməz. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd, qarşılıqlı iddia tələbini təmin etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddia tələbini rədd, qarşılıqlı iddia tələbini təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3824/2021 saylı, 24 sentaybr 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elmira Nağıyeva Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-993/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-993/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver