Məhkəmə qərarları › İş №2(103)-9936/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9936/2021

05.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9936/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və su-kanalizasiya xəttindəki nasazlığın aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev № 8B-2-də yerləşən 4 №-li mənzilə cavabdehə aid olan, həmin evdəki 7 №-li mənzildən su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 2.500 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, habelə su və kanalizasiya xətlərində yaranmış nasazlığı öz vəsaiti hesabına aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 600 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, gələcəkdə suyun axıdılmaması üçün su və kanalizasiya xəttindəki nasazlığı öz hesabına aradan qaldırmaq vəzifəsi cavabdehin üzərinə qoyulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə ekspertiza xərcinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsində icraat zamanı 2 dəfə ekspertiza keçirilib. Ekspert rəyi ilə müəyyən edilib ki, iddiaçının mənzilinə su cavabdehə aid olan mənzildən axıb. Suyun axmasına səbəbi ekspert rəyində belə qeyd olunub ki, cavabdehə aid mənzilin hamam-ayaqyolusundan mətbəx istiqamətinə keçən kanalizasiya xəttinin (mətbəx otağında yaşayış otağı yaradıldığından) birləşmə yerlərinin kip bərkidilməməsi nəticəsində iddiaçıya aid olan mənzilə su sızıb. O cümlədən ekspert rəyi ilə müəyyən edilib ki, su axması nəticəsində vurulan maddi zərərin məbləği 600 manat təşkil edir. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, təkrar ekspertizanın təyin edilməsi üçün əsas yoxdur. Ona görə də məhkəmə Mülki Məcəllənin 1096, 1097 və 1111.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi zərərin əvəzi kimi 600 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib O cümlədən gələcəkdə zərər vurulmasının, yəni bir daha su axıdılmasının qarşısının alınması üçün su və kanalizasiya xəttində yaranmış nasazlığın aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması Mülki Məcəllənin 1098-ci maddəsinin göstərişinə uyğundur. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar