Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9950/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(003)-658/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3527.59 manat əsas, 1500 manat faiz, 1933.13 manat cərimə, gecikdirilmiş vaxt üçün 499.31 manat faiz borcu, cəmi 7460.26 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun QSC «Bank Standard» KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 30.07.2015-ci il tarixində kredit verilməsi haqqında 103 17/114192/15 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 23 faiz ödənilməsi şərti ilə 30 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 3527.59 manat məbləğində əsas borc, 1500 manat məbləğində faiz borcu, 1933.13 manat məbləğində cərimə borcu, 499.31 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 7460.26 manat məbləğində borcu qalmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(003)-658/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh əsas borca görə 3496.1 manat, faiz borcuna görə 1009.6 manat, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 499.31 manat, cərimə borcuna görə 50 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 5085,01 manat tutularaq iddiaçı QSC «Bank Standard» KB-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommerdiya Bankı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-658/2021 saylı iş üzrə 22.07.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iş üzrə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Xəzər rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Bu səbəbdən də, belə hesab edirlər ki, aşağıda göstərilmiş əsaslar üzrə hazırkı apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi Bankın iddia tələblərinin təmin edilməməsinə dair hissədə ləğv olunmalıdır və Bankın iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. İş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin olunmuşdur. Hesab edirlər ki, ekspertiza rəyi tədqiqatın obyektiv, hərtərəfli və tam həcmdə aparılmaması səbəbindən, kifayət qədər aydın deyil, onda boşluqlar var, ekspert qarşısında qoyulmuş məsələlər tam həll edilməmişdir, onun əsaslandığı sübutlar qeyri mötəbərdir, bu rəy düzgün nəticəyə gəlməyə imkan vermir və iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyində 3496.10 manat məbləğində əsas borc, 1009.60 manat məbləğində faiz borcu müəyyən edilmişdir. Bankın iddia tələblərinin qismən təmin edilməsinin əsassızlığı barədə qeyd edirlər ki, ekspert rəyi aydın və əsaslı olmadığından, şübhə doğurduğundan, qoyulmuş sualları düzgün həll etmədiyindən, onun əsaslandığı sübutlar qeyri-mötəbər olduğundan, ekspert rəyini obyektiv hesab etmək düzgün deyil. LPO QSC “Bank Standard” KB tərəfindən məhkəməyə cavabdehin borcu haqqında ətraflı maliyyə arayışı və bütün ödənişlərin qeyd olunduğu hesabdan çıxarış təqdim olunmuşdur. Bu halda ekspertin qeyd olunan nəticəyə gəlməsi onlarda əsaslı şübhələr doğurur. Qeyd edirlər ki, rəy tədqiqatın obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanmadan, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatı aparılmadan verilmişdir və qoyulmuş suallar üzrə əsaslandırılmamışdır, qeyri obyektivliyə yol verilmişdir. Göründüyü kimi ekspert rəyi sübutların aid edilməsi və sübutların mümkünlüyü baxımından qəbul edilə bilməzdir. Göstərilənlərə əsasən hesab edirlər ki, məhkəməmühasibatlıq ekspertizasının rəyi aydın və əsaslı deyil, şübhə doğurur, qoyulmuş sualları tam həll edilməmişdir, onun əsaslandığı tədqiqat materialları qeyri mötəbərdir və ekspert rəyi sübut kimi qəbul edilə bilməz. Eyni zamanda bildirlər ki, əsassız ekspert rəyini mütləq sübut kimi qəbul edərək iddianı qismən təmin edən birinci instansiya məhkəməsi digər sübutlara, ümumiyyətlə, qiymət verməmişdir. Bundan başqa Bankın tələbi üzrə cərimə hissəsi 1933.13 manat olduğu halda məhkəmə qətnaməsi ilə yalnız 50 manat təmin edilmişdir. Halbuki, kredit müqaviləsi üzrə borc əsas, faiz və cərimədən ibarətdir. Həmin pul vəsaitlərinin qanunvericiliyin tələbinə uyğun silinməsini, qalıq borcun olub-olmamasını müəyən etməli olduğu halda məhkəmə tərəfindən lazımi araşdırılması aparılmamışdır, bununlada qeyd edilən məsələ üzrə mübahisə həll edilməmişdir. Kredit müqaviləsi üzrə iddiaçının öhdəliklərini lazımınca icra etməməsi nəticəsində yaranan cərimə üzrə borcun olmasını da qeyd etməmiş və nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X5 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 30.06.2015-ci il tarixli 100/17/114192/15 saylı kredit müqaviləsindən görünür ki, QSC «Bank Standard» KB-nin Mərdəkan filialı ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 30 ay müddətinə, illik 23 % hesabı ilə 6500 manat məbləğində kredit vermişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 30.12.2017-ci il tarixə banka 3527.59 manat əsas, 1500 manat faiz, 1933.13 manat cərimə, gecikdirilmiş vaxt üçün 499.31 manat faiz borcu vardır. İş materiallarında olan QSC «Bank Standard» KB tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, bank ona borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.05.2021-ci il tarixli 9/2737 saylı ekspert rəyindən görünür ki, 30.06.2015-ci il tarixli 100/17/114192/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh "xxxx" ASC-yə olan əsas borcu 3496.1 manat, faiz borcu 1009.6 manat, cəmi 4505.7 manat təşkil edir. 30.06.2015-ci il tarixli 100/17/114192/15 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən əsas borca görə 3496.1 manat, faiz borcuna görə 1009.6 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 499.31 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 3527.59 manat məbləğində əsas borca münasibətdə Cavabdeh 1933.13 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X1 iddiaçının xeyrinə 50 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh əsas borca görə 3496.1 manat, faiz borcuna görə 1009.6 manat, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 499.31 manat, cərimə borcuna görə 50 manat və dövlət rüsumuna görə ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçı şikayətində ekspert rəyi ilə razılaşmadığını bildirsə də ekspert rəyini qeyri-obyektiv hesab etmək üçün əsaslar müəyyən edilməmişdir.Həmçinin, cərimə məbləğinin azaldılmasının Mülki Məcəllənin 467-ci maddəsinin məzmununa uyğun olmadığı hallar mövcud deyildir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(003)-658/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-9950/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9950/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver