Məhkəmə qərarları › İş №2(103)-9957/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9957/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9957/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-252/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1dan 23.01.2015-ci il tarixli, 058 saylı kredit müqaviləsi üzrə 1.069,46 ABŞ dolları əsas, 818,44 ABŞ dolları faiz, 1.147,72 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 514,05 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 3.549,67 ABŞ dolları məbləğində kredit borcunun, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 23.01.2015-ci il tarixli, 059 saylı kredit müqaviləsi üzrə 2.166,18 ABŞ dolları əsas, 1.655,38 ABŞ dolları faiz, 2.324,84 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 319,50 ABŞ dollar məbləğində faiz borcu, cəmi 6.465,90 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan “Mersedes bens 200” minik markalı gümüşü metal rəngli, buraxılış ili 2000-ci il olan, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2015-ci il tarixli, 058 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% ödənilmək şərti ilə 2.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə 23.01.2015-ci il tarixli, 058 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “Mersedes bens 200” minik markalı gümüşü metal rəngli, buraxılış ili 2000-ci il olan, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil bankda ipoteka ilə yüklü edilmişdir. Bundan başqa Cavabdeh1 ilə Bankın “Uğur” filialı arasında bağlanmış 23.01.2015-ci il tarixli, 059 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% ödənilmək şərti ilə 4.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclu Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu hər iki müqavilənin şərtlərini pozmuş, üzəriə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən şifahi və yazılı xəbərdarlıqlar edilsə də, heç bir nəticəsi olmamışdır. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə görə borclunun 23.01.2015-ci il tarixli, 058 saylı kredit müqaviləsi üzrə 1.069,46 ABŞ dolları əsas, 818,44 ABŞ dolları faiz, 1.147,72 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 514,05 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 3.549,67 ABŞ dolları, 23.01.2015-ci il tarixli, 059 saylı kredit müqaviləsi üzrə 2.166,18 ABŞ dolları əsas, 1.655,38 ABŞ dolları faiz, 2.324,84 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 319,50 ABŞ dollar məbləğində faiz borcu, cəmi 6.465,90 ABŞ dolları borcu yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-252/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 23.01.2015-ci il tarixli, 058 saylı kredit müqaviləsi üzrə 1.069,46 ABŞ dolları əsas, 817,44 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 159,75 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 2.146,65 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan “Mersedes bens 200” minik markalı gümüşü metal rəngli, buraxılış ili 2000-ci il olan, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, “Mersedes bens 200” minik markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 7.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 23.01.2015-ci il tarixli, 059 saylı kredit müqaviləsi üzrə 2.166,18 ABŞ dolları əsas, 1.655,38 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcunun, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 319,50 ABŞ dollar məbləğində faiz borcu, cəmi 4.241,06 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı və qalan hissədə rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatın Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-252/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsinin avtomobilin ilkin satış qiymətinin 7000 manat müəyyən edilməsi hissəsi rədd edilməlidir. Hesab edir ki, bu hissədə məhkəmə əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə 058 saylı kredit müqaviləsi üzrə 1.147,72 ABŞ dolları və 59 saylı kredit müqaviləsi 2.324.84 ABŞ dolları cərimə borcunu tam təmin etməmişdir. Məhkəmə qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarlarının tələblərini nəzərə almamışdır. Əsas və faiz borcundan başqa kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan 058 saylı kredit müqaviləsi üzrə 514.05 ABŞ dolları borcun tutulmasını məhkəmədən xahiş edilmiş, lakin məhkəmə Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcunu tam təmin etməmişdir. Məhkəmə avtomobilin ilkin satış qiymətini müəyyən edən zaman avtomobilin real vəziyyətini nəzərə almamışdır. Belə ki, avtomobilin ilkin satış qiymətini 7000 manat müəyyən edilməsi gələcəkdə avtomobilin real qiyməti ilə fərqli ola bilər və avtomobilin hazırki vəziyyəti bizə bəlli olmadığı halda avtomobillə 7000 manat ilkin satış qiymətini təyin edilməsi ilə razılaşa bilmirikBu səbəbdən ipoteka predmetinin indiki vəziyyətinin qiyməti qətnamədə göstərilən məbləğdən aşağı olduğunu hesab edir. İddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-252/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsinin cərimə borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən və avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin cərimənin ödənilməsi və faiz hissəsində ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 058 saylı, 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Uğur” filialı Cavabdeh1 illik 22 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2.200 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İ.vər. 19 - 21) İş materiallarında оlan, İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 058 saylı, 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh1 2.200 ABŞ dolları məbləğində əsas bоrc və 539,16 ABŞ dolları faiz məbləği оlmaqla hər ay 114,13 ABŞ dolları оlmaqla banka 2.739,12 ABŞ dolları məbləğini 23 fevral 2015-ci il tarixdən 23 yanvar 2017-ci il tarixə kimi ödəməli idi.(İ.vər. 22) İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BDYPİ X2 tərəfindən verilmiş AC seriyalı № 355407 saylı, 23.01.2015-ci il tarixli Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes bens 200” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir.(İ.vər. 42) İş materiallarında оlan, İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 058 saylı, 23 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 058 saylı, 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mülkiyyətindəki “Mersedes bens 200” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil 058 saylı, 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.3-cü bəndində göstərilir ki, ipoteka ilə yüklü edilmiş əmlak 11.000 ABŞ dolları məbləğində qiymətləndirilir.(İ.vər. 23 - 25) İş materiallarında olan, Azərbaycan Respublikası DİN BDYPİ X1 qeydiyyata alınmış “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı № 129427 saylı çıxarışın surətindən görünür ki, “Mersedes bens 200” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 058 saylı, 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.(İ.vər. 42) İş matеriallarında olan, İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 059 saylı, 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Uğur” filialı Cavabdeh1 illik 22 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4.700 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İ.vər. 11 - 13) İş materiallarında оlan, İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 059 saylı, 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh1 4.700,6 ABŞ dolları məbləğində əsas bоrc və 1.151,86 ABŞ dolları faiz məbləği оlmaqla hər ay 243,83 ABŞ dolları оlmaqla banka 5.851,92 ABŞ dolları məbləğini 23 fevral 2015-ci il tarixdən 23 yanvar 2017-ci il tarixə kimi ödəməli idi.(İ.vər. 14) İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BDYPİ X2 tərəfindən verilmiş AC seriyalı № 355407 saylı, 23.01.2015-ci il tarixli Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes bens 200” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir.(İ.vər. 42) İş materiallarında olan, İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh2 arasında bağlanmış 059 saylı, 23 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 iddiaçı təşkilatla bağladığı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 059 saylı, 23 yanvar 2015-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür.(İ.vər. 15 - 16) İş materiallarında olan, İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh3 arasında bağlanmış 059/1 saylı, 23 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 iddiaçı təşkilatla bağladığı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 059 saylı, 23 yanvar 2015-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür.(İ.vər. 17 - 18) İş materiallarında olan, ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 058 saylı, 23 yanvar 2015-ci il tarixinə kredit müqaviləsi üzrə 1.069,46 ABŞ dolları əsas, 817,14 ABŞ dolları faiz, 1,147,72 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 159,75 ABŞ dolları olmaqla, cəmi 3.194,07 ABŞ dolları borcu vardır.(İ.vər. 10) İş materiallarında olan, ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 059 saylı, 23 yanvar 2015-ci il tarixinə kredit müqaviləsi üzrə 2.166,18 ABŞ dolları əsas, 1.655,38 ABŞ dolları faiz, 2,324,84 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 319,50 ABŞ dolları olmaqla, cəmi 6.465,90 ABŞ dolları borcu vardır.(İ.vər. 9) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin cərimə borcunun az hesablanması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış 23 yanvar 2015-ci il tarixli, 058 və 059 saylı kredit müqavilələrinin 2.5-ci bəndində göstətilir ki, hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% dərəcəsi ilə cərimə hesablanması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, 23 yanvar 2015-ci il tarixli, 058 saylı saylı kredit müqaviləsi üzrə əsas kredit məbləği üzrə tələb olunan 1.147,72 ABŞ dolları dəbbə pulunun 100 ABŞ dolları həddində, 23 yanvar 2015-ci il tarixli, 059 saylı kredit müqaviləsi üzrə tələb olunan 2.324,84 ABŞ dolları dəbbə pulunun 100 ABŞ dolları həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və cavabdehin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən də iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apelyasiya şikayətində göstərdiyi cərimə borcunun artıq hesablanması ilə bağlı dəlilləri əsasızdır. Bundan başqa, məhkəmə kollegiyası iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmalı illik 5% borcun az hesablanması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bundan başqa, məhkəmə kollegiyası həmşinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 23 yanvar 2015-ci il tarixli, 058 saylı kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 23.01.2017-ci il tarixdən 24.12.2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmaqla cavabdehdən 159,75 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı gəldiyi nəticəni də, əsaslı hesab edir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2016 saylı, 04.10.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun bankın ləğvedicisi təyin edilməsi qərara alındığından, həmin tarixdən sonra İddiaçı ASC-nin faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmiş, yəni həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Odur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti isə 23.01.2017-ci il tarixdə, yəni bank məcburi ləğv edildikdən sonra bitdiyindən, Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% dərəcəsinin tutulması hissəsində gəldiyi nəticə əsaslı və qanuni olduğundan həmin tələblə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa məhkəmə kollegiyası iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə ipoteka predmeti olan “Mersedes bens 200” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin yenidən qiymətləndirilməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə təyin edilərək qiymətləndirmə barədə hesabat alındığından, avtomobilin yenidən qiymətləndirilməsi üçün qiymətləndirmə keçirilməsi üçün əsas yoxdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20.07.2020-ci il tarixli 01 №-li qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan, "xxxx" MMC-nin “Daşınar əmlakın (Nəqliyyat vasitəsi avtomobil) qiymətləndirilməsi barədə” Hesabatına əsasən “Mersedes bens 200” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilinlikvid qiyməti 7.000 manat müəyyən olunmuşdur.(İ.vər. 102) Bundan başqa iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndəapelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-252/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-252/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar