Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9961/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 Elmir qızı və X2, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(009)-1714/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 453,60 manat məbləğində dəymiş zərərin əvəzinin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 71,50 manat pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 555,10 manat pulun cavabdehdən məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 16.04.2020-ci il tarixində 141295 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana ‘Azəriqaz” İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00038 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 40015624ömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 30.04.2020-cu il tarixli ******* saylı akt əsasında 453.60 manat, cəmi 453.60 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq bildirmək istəyir ki, cavabdeh aktın məbləğindən əlavə olaraq aylıq sərfiyyatına əsasən də 5.50 manat borcu olmuş və “Azəriqaz” İB-yə gələcək aylar üçün heç bir ödəniş etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(009)-1714/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər 453,60 manat, debitor borc 71,50 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və çəkdiyi məhkəmə xərclərinin iddiaçıdan tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, hazırda yaşadığı ünvan üzrə heç bir qaz və digər kommunal borcu yoxdur. İddiaçının iddia etdiyi abunə kodu və sayğac ona aid deyildir, o, həmin ünvanda yaşamır. Birliyin təqdim etdiyi evin fotoşəkilləri ona aid deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, 2019-cu ilin noyabr ayında evi almışdır, həmin vaxt evdə sayğac olmamış, dekabrda evin təmiri yekunlaşmış, yanvar ayının 6-sı atası vəfat etmişdir. Evi aldığı vaxtdan həmin evdə yaşayış olmamışdır. Aprel ayında sayğac quraşdırılmış, mənzilin daxilinə xətt isə iki həftə sonra çəkilmişdir. İddiaçının təqdim etdiyi şəkillər ona məxsus evə aid deyildir. Hazırda borc yoxdur, sonuncu dəfə 74 manat borc olmuş, tərəfindən 80 manat ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Nümayəndə1 qeyd etdi ki, sayğac 23.04.2020-ci il tarixdə quraşdırılmış, həmin vaxt sayğacdan əvvəl qeydiyyatsız qazdan istifadə edildiyi aşkar edilmiş və bu barədə 30.04.2020-ci il tarixdə akt tərtib edilmiş, vətəndaş aktı imzalamaqdan imtina etmişdir. Hazırda cavabdehin 449,10 manat borcu var. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan “Azəriqaz” İB (Paylayıcı) ilə Cavabdeh (İstehlakçı) arasında bağlanmış 16.04.2020-ci tarixli, 14/1295 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30.04.2020ci il tarixli aktda göstərilmişdir ki, əraziyə baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız qazdan istifadə edildiyi aşkar olunmuş və dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. 30.04.2020-ci il tarixli akt əsasında 4536 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən də iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz verməyi, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdələrinə götürmüşlər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi Cavabdeh 16.04.2020-ci tarixli, 14/1295 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin şərtlərini pozaraq təbii qazdan qeyri-qanuni istifadə etdiyi üçün dəymiş zərər olaraq 453,60 manat və debitor borcu üzrə 71,50 manat tutulması qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi qeyd etmişdir ki, sayğac 23.04.2020-ci il tarixdə quraşdırılmış, həmin vaxt sayğacdan əvvəl qeydiyyatsız qazdan istifadə edildiyi aşkar edilmiş və bu barədə 30.04.2020-ci il tarixdə akt tərtib edilmişdir. İş materiallarından da görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt 30 aprel 2020-ci il tarixdə tərtib edilmişdir, həmin akt yalnız iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib olunub imzalanmış, cavabdehin adı qeyd edilsə də, akt cavabdeh tərəfindən imzalanmamışdır. Bundan başqa apelyasiya baxışı zamanı cavabdeh ona məxsus evin fotoşəkillərini təqdim etmiş və fotoşəkillərə baxış keçirən zaman məlum olmuşdur ki, iddiaçının iş materiallarına əlavə etdiyi fotoşəkil cavabdehə məxsus evə aid deyildir. Qeyd olunanlara əsasən həmin aktın mötəbərliyi şübhə doğurur. Ona görə də həmin akt əsasında tələb edilən 453,60 manat məbləğində borcun cavabdehdən tutulması əsassız hesab edilir. İddia tələbinin digər hissəsi isə debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 71,50 manat pulun tutulması olmuşdur. Bu hissədə də iddia tələbi rədd edilməlidir. Belə ki, apelyasiya baxışı zamanı təqdim edilmiş **********00005 nömrəli abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən avqust ayında 80 manat ödəniş edilmişdir, belə olan halda müəyyən olunur, tələb edilən debitor borc ödənilmiş və cavabdehin hazırki halda hər hansı debitor borcu qalmamışdır. Baxmayaraq ki, debitor borc hazırki iddia məhkəməyə daxil olduqdan sonra ödənilmişdir, prosessual qənaət prinsipi baxımından həmin məsələnin qətnamənin icrası qaydasında həll olunmasına ehtiyac duyulmur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1714/2021 saylı iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9961/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9961/2021
25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver