Məhkəmə qərarları › İş №2(103)-9968/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9968/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9968/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızndan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi X6 və Cavabdeh2 MTK-nin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-489/2021 saylı işi üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı LPO "TexnikaBank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Bank Technique” ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 mart 2015-ci il tarixli, 1890/15 saylı kredit müqaviləsinə əsasən, 63802,21 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 18366.96 ABŞ dolları faiz, 16816,29 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 04.03.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6139,98 ABŞ dolları olmaqla, cəmi 105125,44 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86kv.m olan 3 otaqlı 54 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satışından əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan "Texnikabank” ASC- yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və evdə yaşayan digər şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "TexnikaBank” ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı LPO "TexnikaBank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Bank Technique” ASC ilə X7 arasında bağlanmış 31 mart 2015-ci il tarixli, 1890/15 saylı kredit müqaviləsinə əsasən, 63802,21 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 18366.96 ABŞ dolları faiz, 25749,07 ABŞ doları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.20114-cü il tarixli Plenumunun qərarına əsasən hesablanmış 9878,90 ABŞ dolları faiz borcu olmaqla, cəmi 117.79,14 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1 -ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi, əldə olunmuş vəsait borcun tam ödəniilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehərdən tutulması, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və evdə yaşayan digər şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "TexnikaBank” ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Bərgüşad-Ş” MTK (İcraçı) ilə Cavabdeh1 (payçı) arasında bağlanmış 31 mart 2015-ci il tarixli 37 saylı müqavilədən görünür ki, müqaviləyə əsasən, “İcraçı” ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzili “Payçı”ya təhvil verməyi, "Payçı” isə bunun qarşılığında "İcraçı”ya razılaşdırılmış pul məbləğini ödəməyi və müqavilə ilə nəzərdə tutulmiş işləri yerinə yetirməyi öhdəsinə götürmüş, müqavilənin 3.1-ci bəndinə görə, müqavilənin qiyməti cəmi 118860 manat müəyyən edilmiş, qiymətinin 20 faiz hissəsi- 24000 manat “Payçı”nın şəxsi vəsaiti hesabına, qalan 80 faizi 94860 manatı "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında mart 2018 tarixinə kimi ödənilməsi qeyd edilmişdir. Bank Technique” ("xxxx") ASC ilə Cavabdeh1 (“Borc alan”) arasında bağlanmış 31.03.2015-ci il tarixli 1890/15 nömrəli Kredit müqaviləsindən Borcverən ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilin alınması üçün Borcalana 91211 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit 120 ay müddətinə, illik 12 faiz ödənilməsi şərtilə verilmişdir. Müqavilənin 5.4-cü bəndinə görə kreditin müddəti 31 mart 2025-ci il tarixində bitir. Həmin müqaviləyə əlavədən görünür ki, bank tərəfindən borcluya ayrılmış 91211 ABŞ dolları məbləğində pul vəsaiti 36 ay müddətinə, illik 12 faiz olmaqla verilmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-nin 17.11.2020-ci il tarixli Mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilin ilkin satış (likvid) qiyməti 123000 manat, hazırki bazar qiyməti 140000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.05.2021-ci il tarxli 9/2743 nömrəli Ekspert Rəyə əsasən, Cavabdeh1 ləğv prosesində olan”TexnikaBank” ASC-yə olan əsas borcu 31 mart 2018-ci il tarixə 63663.68 ABŞ dolları, faiz borcu üzrə 18462.47 ABŞ dolları, 21 oktyabr 2020-ci il tarixə əsas borc üzrə 63663,68 ABŞ dolları, faiz borcu üzrə 24598.94 ABŞ dolları təşkil edir (iş.səh.13, 19, 63, 93). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-489/2021 saylı işi üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 iddiaçı LPO "TexnikaBank” ASC-nin xeyrinə, 31.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə 63663.68 ABŞ dolları əsas, 18366,96 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla, 9878,90 ABŞ dolları faiz borcunun, cəmi 92909,54 ABŞ dollarının ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ekspert rəyinin alınması ilə bağlı 145 manat ekspertiza xərci Cavabdeh1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına hesabına köçürülməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 119.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 270.1, 307.4, 307.6, 309.1, 385.1, 421.2, 428.4, 442, 445.2, 449.4, 445.7, 470.1, 472.1, 472.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 ilə Bank arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də, Cavabdeh1 tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz borcu) icra etməlidir. Məhkəmə əsas borcun 63663.68 ABŞ dolları, faiz borcunun 18366,96 ABŞ dolları məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 25749,07 ABŞ dolları məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 1000 ABŞ dolları müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə borcun cavabdeh "Bərgüşad-Ş” MTK- dan tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbləri bu hissədə də təmin edilə bilməz. Belə ki, iddiaçı iddia ərizəsində 31 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə "Bərgüşad-Ş” MTK ilə "Texnikabank” ASC arasında bağlanmış 06.02.2015-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən "Bərgüşad-Ş” MTK-nın borclu Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürdüyünü qeyd etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materialları ilə cavabdeh "Bərgüşad-Ş” MTK-nın 31.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi ilə bağlı hər hansı öhdəlik götürməsi müəyyən edilmir. eyni zamanda iddia tələbinin tutmanın ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilinə yönəldilməsi və digər hissələri ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissələrdə də əsassız olduğundan təmin edilə bilməz. iddiaçı tərəfindən təqdim edilən iddia tələbinin həcminin artırılmasına dair ərizədə cavabdehin əsas borcunun 63802,21 ABŞ dolları, faiz borcunun isə 18366,96 ABŞ dolları olduğu göstərilsə də, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 31 mart 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 18.03.2018-ci il tarixə iddiaçıya əsas borcunun 63663.68 ABŞ dolları, faiz borcunun isə 18462.47 ABŞ dolları, 21.10.2020-ci il tarixə isə əsas borcun 63663.68 ABŞ dolları, faiz borcunun 24598.94 ABŞ dolları olduğu müəyyən edilir. Bu səbəbdən ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ekspert rəyi üzrə əsas borcu, faiz borcunu isə iddia tələbi həcmində tutulmasını məqsəduyğun hesab edir.Eyni zamanda 31 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlərin qaytarılmasının təminatı kimi tərəflərin ipoteka müqaviləsinin bağlanması ilə bağlı razılığa gəlməsi, yazılı formada, notarial qaydada təsdiqlənmiş ipoteka müqaviləsi iş materiallarında olmadığından, iddia tələbi tutmanın ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1 -ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və digər hissələrdə təmin edilə bilməz. İddiaçı apellyasiya şikayəti verərək, apellyasıya şikayətini təmin edilməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-489/2021 saylı, 29.06.2021-ci il qətnaməsinin Cavabdeh2 MTK-ya qarşı öhdəliyin icrası tələbinin təmin edilməyən əsas borc və cərimənin qismən təmin edilməsi hissəsində ləğv edilərək, Fondun iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 14.2.1, 460.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 Mənzil Tikinti Koorperativi arasında 06 fevral 2015-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. (Şikayətə əlavə olunur).Bank Technique” ASC ilə Cavabdeh2 Mənzil Tikinti Koorperativi arasında bağlanmış 06 fevral 2015-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilənin 2.1-ci maddəsinə əsasən, Bu müqavilənin predmetini Bakı şəhəri. Bakıxanov qəsəbəsi, N. İsmayılov küçəsi, 15 və ünvan 2 ünvanlarında tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil kompleksində müştərilərə satlmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə dərəcəsilə 5-7 il müddətinədək (istisna hallarda - 10 ilədək) kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, “Satılmış mənzilin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi halında, Kooperativ müştəriyə ayrılmış həmin kredit vəsaitinin Banka tam ödənilməsinə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 5.6-cı bəndində qeyd edilmişdir ki, “Bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 (doxsan) gündən artıq gecikdirildikdə, bu Müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla Kooperativ bütün borcu və hesablanmış faizləri 5 (beş) iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Bu halda həmin məbləğin müştəridən tələb edilməsi hüququ Kooperativə keçir və bunun üçün lazım olan bütün zəruri sənədləri Bank təqdim etməlidir. Həmçinin Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə "xxxx" arasında bağlanmış Əməkdaşlıq müqaviləsinin əsasən MTK 34 nömrəli 31.03.2015-ci il tarixli ərizə ilə "xxxx" ASC-yə müraciət etmişdir. Ərizənin məzmunu ondan ibarətdir ki, Cavabdeh2 MTK-nın sədri "xxxx" ASC-yə müraciət edərək Cavabdeh2 MTK ilə "xxxx" ASC arasında bağlanmış 06.02.2015-ci il tarixli “Əməkdaşlıq müqaviləsi”nə əsasən ünvan 3 ünvanında yerləşən 54 saylı, ümumi sahəsi 118,86 kv.m olan mənzilin alqı-satqısı ilə əlaqədar Cavabdeh1 120 ay müddətinə 12% dərəcəsi ilə 94860 AZN qarşılığında 91211 ABŞ dolları məbləğində kredit vəsaitin ayrılmağına köməklik göstərilməsini xahiş etmişdir. Bundan əlavə, MTK ilə Cavabdeh1 arasında bağlanmış 31.03.2015-ci il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən, MTK-nın “Payçıdan (Əsli) müqavilə öhdəliklərini, o cümlədən "xxxx" ilə bağlanmış kredit müqaviləsinə əsasən yaranmış aylıq annuitet ödəniş daxil bütün vəzifələri vaxtında və tam şəkildə həyata keçirilməsini tələb edəcək'’ hüququ müəyyən edilmişdir. Beləliklə MTK-nın Bank qarşısında heç bir öhdəliyi olmadığı təqdirdə müqavilə ilə yuxarıda qeyd edilən hüquqa sahib olması mənasızdır. MTK kredit müqaviləsi üzrə zamin kimi çıxış etdiyini və gələcəkdə ödənilməyən məbləğin ondan tutulacağını bildiyi üçün həmin bəndi Cavabdeh1 ilə bağlanmış müqavilədə qeyd etmişdir. Kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilərkən kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan, kredit müqaviləsinə əlavə adlanan, ödəniş cədvəlində göstərilmiş qayda əsas götürülür və borclu tərəfindən ödənilmiş məbləğlər ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcundan silinir. Lakin borclu hər ayın müvafiq günündə ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu borc məbləğini gecikdirərsə bu zaman gecikmə günlərinin sayına müvafiq olaraq cərimə tətbiq olunur ki, bu da ödəniş həyata keçirildiyi zaman nəzərə alınır və ödənilmiş məbləğ əvvəlcə hesablanmış cəriməyə, sonra isə faiz və əsas məbləğə yönəlir. Hesabdan çıxarışdan da göründüyü kimi borclu ödəniş cədvəlindən kənara çıxmalar etmiş, aylıq ödəniş məbləğini vaxtında və tam həcmdə ödəmədiyindən gecikmə günlərinə mütənasib cərimə tətbiq olunmuş və borclu tərəfindən ödənişlər həyata keçirildiyi vaxt ilk olaraq hesablanmış cərimə silinmişdir.Ləğv prosesində olan bank kimi “Texnikabank" ASC Mərkəzi Banka aylıq, rüblük və illik hesabatlar verir ki, bu tip silinmələrin ardıcıllığında və məbləğlərin mütənasib miqdarında hər hansı yanlışlıq olmaması dəfələrlə yoxlanılır, silinmələr zamanı nisbət xüsusi diqqətdə saxlanılır. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə ekspert borclu tərəfindən ödənilmiş məbləğləri bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışa əsasən düzgün hesablamamışdır. Belə ki, ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2021-ci il tarixli 9/2743 nömrəli ekspert rəyi reallığı əks etdirmir. Ekspert rəydə qeyd etmişdir ki, 04 mart 2020-ci il tarixədək 33210,89 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 33.210,89 ABŞ dolları məbləğində pulun 27.547,32 ABŞ dolları əsas borcdan, 5.663,57 ABŞ dolları isə faiz borcundan silinir. Halbuki bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışa nəzər yetirsək görərik ki, əsas borc üzrə ümumilikdə 27.408,79 ABŞ dolları (30.04.2015-ci il 2117,89 ABŞ dolları, 29.05.2015-ci il 8228,77 ABŞ dolları, 30.07.2015-ci il 1.330,16 ABŞ dolları, 17.09.2015-ci il 7674,77 ABŞ dolları, 2718,61 ABŞ dolları, 30.10.2015-ci il 5338,59 ABŞ dolları) ödəniş edilmişdir. 31 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş məbləğdən hesabdan çıxarış üzrə ödənilmiş əsas borc məbləğini çıxsaq bankın tələb etdiyi əsas borc məbləği (91.211,00- 27.674,77=63.802,21) ortaya çıxır. Qeyd olunanlara əsasən hesab edirik ki, məhkəmə əsas borcu müəyyən edərkən Bankın iddia tələbində qeyd etdiyi əsas borcu təmin etməlidir. Məhkəmə qanunun bu nornıasına istinad etsə də, onun ikinci hissəsini - “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, cərimənin 1000 ABŞ dolları müəyyən edilməsi 25749,07 ABŞ dolları cərimə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Cərimənin həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır.Bundan əlavə, məhkəmə cərimə borcunun həcmini əhəmiyyətli azaldarkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 465.2-ci maddəsini nəzərə almamışdır. Maddəyə əsasən, “Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Bu şərt isə cavabdehlə bağlanmış kredit müqavilələrində öz əksini tapmışdır.Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Qeyd etmək vacibdir ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq kredit təşkilatı kredit üzrə hesablanan faizləri (gəliri) alıb-almamasından asılı olmayaraq bu faizlərə görə gəlir vergisi və ƏDV, əmanətçilərə isə faiz ödəyir. Borclu, faizləri və digər borc öhdəliklərini ona verilmiş cədvəl üzrə vaxtında ödəmədikdə, kreditor ziyana düçar olur. Bu ziyanın qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqavilələrində dəbbə pulunun ödənilməsi sanksiyası nəzərdə tutulmuşdur.Cavabdehdən tutulmalı dəbbə pulunun həcmini formal məbləğədək azaldarkən məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, əməkdaşlıq haqqında müqavilənin mövcud olduğunu, cavabdehlərdən borc və cərimə məbləğinin tutulmasını tələb etdiklərini, cavabdehin borc məbləğinin dollar məzənnəsi ilə olduğundan ödəyə bilmədiyini bildirdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MTK-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, əməkdaşlıq haqqında müqavilənin zaminlik müqaviləsi olmadığından zaminlik öhdəliklərini daşımadıqlarını, hal-hazırda bank fəaliyyətini dayandırdığından mənzilin ipoteka predmeti olaraq müəyyən edilərək borcunun ödənilməsinin də mümükün olmadığını, Cavabdeh1 Cavabdeh2 MTK-ya heç bir öhdəliyinin olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı təqdim edilmiş "xxxx" ASC ilə Cavabdeh2 Mənzil Tikinti Koorperativi arasında 06 fevral 2015-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə ilə müəyyən edilmişdir ki, ünvan 1 və ünvan 4 ünvanlarında tikintisi aparılan çöxmərtəbəli yaşayış və avtomobil dayancağı kompleksində müştərilərə satılmış mənzilərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faiz dərəcəsi ilə 5-7 il müddətinədək kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Satılmış mənzilin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi halında, Kooperativ müştəriyə ayrılmış həmin kredit vəsaitinin Banka tam ödənilməsinə görə məsuliyyət daşıyır.Mənzil dövlət qeydiyyatından keçdikdən (çıxarış alındıqda) və ipoteka qismində Bankın xeyrinə yüklü edildikdən sonra Kooperativ bu öhdəliklərdən azad olunur.Kooperativin və ya bu müqavilə çərçivəsində kredit ayrılmış borclunun (mənzil alıcısının) öz üzərinə götürdüyü öhdəliklərin tam həcdə və ya qismən yerinə yetirilməsi barədə Bankdan sənəd tələb etmək hüququ var.Kooperativ bu Müqavilənin tələbələrini vaxtında və lazimi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər rüb ərzində gecikdirildikdə, koopertaiv gecikdirilmiş məbləğin cari rübün sonuncu həftəsindən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür.Bu halda həmin lazım olan bütün zəruri sənədləri Bank təqdim etməlidir. Bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, bu müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, koopertaiv bütün borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsində götürür. 6.1-ci bəndindəbank müqavilənin 2.1-ci maddəsində qeyd olunmuş yaşayış və avtomobil dayanacağı kompleksində mənzil almaq istəyən şəxslərə müvafiq qaydada və şərtlərlə kredit ayrılmasını təmin edəcək.6.2-ci bəndində bank kooperativin bank hesablarından bu müqavilə ilə yaranmış borcun və bu müqavilənin 4-cü bəndinə müvafiq olaraq hesablanan dəbbə pulunun akseptsiz qaydada silmək hüququna malikdir. "Bank Technique” ASC ilə X7 arasında bağlanmış 31 mart 2015-ci il tarixli, 1890/15 saylı kredit müqaviləsinin 4.1-ci bəndində müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirənə qədər qüvvədədir.4.2-ci müqavilə ilə işlərin görülmə müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqavilə müddətinin istənilən dövründə qarşılıqlı razılıq əsasında artırıla və ya azaldıla bilə.8.1-ci bəndində tərəflər qəbul edir ki, müqavilənin şərtlərini və müqavilənin icası zamanı əldə etdikləri kommersiya sirri təşkil edən məlumatlar tam məxfi məlumat xarakteri daşıyır və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və beynəlxalq iş ənənələri ilə müəyyən olunan hallar istisna olmaqla heç bir şəkildə və qaydada heçbir fiziki və ya hüquqi şəxsə açıqlanmamalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 11.1-11.4, 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 460-467, 470, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfindən ilkin olaraq prosessual əsaslarla əsaslandığı sübutun nüsxəsini ("xxxx" ASC ilə Cavabdeh2 Mənzil Tikinti Koorperativi arasında 06 fevral 2015-ci il tarixdə birgə fəaliyyət haqqında müqaviləni) yalnız apellyasiya instansiya məhkəməsində təqdim edilməsinin hansı səbəblərdən olduğunu izah etməmiş (nüsxənin lazımi qaydada təsdiq edilməmiş fotosurətini təqdim etmiş) və bunun mümkünsüzlüyünə dair əsaslı dəlillər belə müzakirəyə təqdim etməmişdir. Apellyasiya baxışının hədləri baxımından bu sübutun qəbulu və müzakirəsi belə prosessual cəhətdən yolverilməzdir. Bundan əlavə iddiaçı apellyasiya şikayətində tələbini ziddiyyətli formada əks etdirərək və Fondun iddia tələbinin tam təmin olunmasın qeyd etsədə əsaslandırılması üzrə yalnız hissəvi müdafiə etmiş və bunlara yazılı formada (əsaslandırılmış) aydınlıq gətirməmişdir. Bütövlükdə isə qeyd edilməlidir ki, Cavabdeh2 MTK-ya münasibətdə işə baxılması zamanı zaminlik və ipoteka müqaviləsi aşkar edilməmişdir. Qeyd edilməlidir ki, "xxxx" ASC ilə Cavabdeh2 Mənzil Tikinti Koorperativi arasında 06 fevral 2015-ci il tarixdə bağlanmış birgə fəaliyyət haqqında müqavilənin biləvasitə "xxxx" ("xxxx") ASC ilə Cavabdeh1 (“Borc alan”) arasında bağlanmış 31.03.2015-ci il tarixli 1890/15 nömrəli Kredit Müqaviləsinin təminatı olması və ümumi səciyyə daşıyaraq müqavilə iştirakçıları arasında 31.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, iddiaçı kredit münasibətlərinə daxil olan zaman kredit vəsaitinin təminatı üzrə ipotekanın qanuna müvafiq qeydiyyatını aparması, qanunla müəyyən edilmiş qaydaya riayyət etməklə kredit vəsaitinin təminatı üzrə digər təminat tədbirlərini və borcun vaxtında tələb edilməsi (nəzarətdə saxlanılması) üzrə vəzifələrin həyata keçirməsi, borcun yaranması və pozuntuların hansı tarixdənn baş veridyinə dair sübutlar təqdim edilməmişdir. Belə ki, "Bank Technique” ASC ilə X7 arasında bağlanmış 31 mart 2015-ci il tarixli, 1890/15 saylı kredit müqaviləsinin 4 və 8.1-d) bəndlərinə görə iddiaçı kredit müqaviləsi üzrə ipoteka qeydiyyatın həyata keçirməli və bu mümkün olmadığı təqdirdə kredit müqaviləsi üzrə borcları vaxtından əvvəl tələb etməli idi. İş üzrə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh X7 tərəfindən sonuncu ödəniş 30.10.2015-ci il tarixdə həyata keçirilmişdir. Yəni Bankın hər bir cavabdehə münasibətdə ayrı-ayrı müqavilələr üzrə vəzifələrin həyata keçirməməsi ödənişlərin vaxtında təmin edilməməsinə və dəbbənin əsassız artmasına səbəb olmuşdur. Kredit müqaviləsinin müddəti baxımından qüvvədə olması, lakin kredit müqaviləsi üzrə əlavəyə görə isə öhdəliyin müddətinin 31.03.2018-ci il tarixədək olması, bu növ tələbin mövcud olmaması və Cavabdeh1 bu halı mübahisələndirməməsi müstəvisində müzakirə predmeti olmasada, borcun tam olaraq tələb edilməsi iddiaçı tərəfindən kredit müqaviləsi üzrə münasibətlərə xitam verilməsi (iradə ifadəsi) qənaətini formalaşdırır. Qətnamə ilə müəyyən edilən məbləğlərə dair iddiaçı tərəfindən təkzibedici və subutedici dəlillərin müzakirəyə təqdim edilməməsi və ümumi mülahizələrlə bu məblləğlərin dəyişdirilməsinə əsaslar müəyyən etmir. Cərimənin mütənasibliyi baxımından qeyd edilməlidir ki, iddiaçın cavabdehin vaxtında xəbərdar edilməsi və onun hesablanan məbləğin müddət baxımından vaxtında tələb edilməsi vəzifəsinə rəğmən artmasının tənasübü üzrə məhz iddiaçının özünün vəzifələrinə aid mülki məsuliyyəti ilə əhatə edilir. Bunun əksinin sübuta yetirilməsi isə iddiaçıya aid olsada bunu sübut edən xüsusatlar (kreditorun mənafeləri üzrə əsaslı dəlil və sübutlar) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. İpoteka haqqında Qanunun 10.1 və 10.2 -ci maddələrinə əsasən İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 420.1.2 və 420.2-ci maddələrinə əsasən, təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar, Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində etibarsız sayılır.Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Mülki qanunvericiliyin qeyd edilə və digər (zaminlik, qarantiya və s.) təminatları baxımından "xxxx" ASC ilə Cavabdeh2 Mənzil Tikinti Koorperativi arasında 06 fevral 2015ci il tarixdə bağlanmış birgə fəaliyyət haqqında müqavilənin "Bank Technique” ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 mart 2015-ci il tarixli, 1890/15 saylı əsas kredit müqaviləsinin əlavə əqdi kimi nəzərdə keçirilə bilməz və bunlar müstəqil müqavilələrdir. Beləliklə kollegiya belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdehlər arasında olan münasibətlər mülki qanunvericiliyin tələbi (müqavilələrin mahiyyəti və tərəfləri, ipotekanın dövlət qeydiyyatı, zaminlik və digər təminatlar) müzakirə edilən müqavilələr əlaqəli olsada 31.03. 2015-ci il tarixli (1890/15 saylı) kredit müqaviləsinə münasibətdə digər 06.02.2015-ci il tarixli (birgə fəaliyyət haqqında) müqavilənin təminat bağlılığı və onların iddiaçıdan götürüdüyü kredit üzrə birgə borclu olması müəyyən edilmir, və əsas müqaviləyə təminat əqdi olaraq əhəmiyyətsizdir. Əlavə olaraq qeyd edilməlidir ki, mülki prosessual qanunvericilik baxımından "xxxx" ASC ilə Cavabdeh2 Mənzil Tikinti Koorperativi arasında 06 fevral 2015-ci il tarixdə bağlanmış birgə fəaliyyət haqqında müqavilə üzrə müstəqil tələb olmadığından və bu məsələ birinci instansiya məhkəməsində icraat zamanı müzakirə predmeti olmadığından bu əqd üzrə müddəaların və cavabdehlərə münasibətdə müzakirəsinin aparılması yalnız kredit müqaviləsinin təminatı (olub-olmaması) müstəvisində mümkündür. Diqqətə çatdırılmalır ki, qeyd edilən 06.02.2015-ci il tarixli müqavilə müstəqil mülki iddianın baxış predmeti kimi mahiyyətcə iştirakçılar (iki hüquqi şəxs) arasında, adından da göründüyü kimi, birgə sahibkarlıq fəaliyyətindən irəli gələn ayrıca səciyyə daşıyır. Kredit münasibətlərinə dair isə qeyd edilməlidir ki, iddiaçı borcun gecikdiridiyi təqdirdə Cavabdeh2 MTK-dan müqavilədə müəyyən edilmiş müddətdə və qaydada yaranmış borcu və zərəri tələb etmək, habelə onun təmin edilməsi üçün müvafiq tədbirlər görülməsi imkanına malik olsada müqavilə şərtlərinə əməl etməmiş və vaxtında bu tədbirlərin görülməsini təmin etməmişdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız olduğundan apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-489/2021 saylı işi üzrə 29 iyun 2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar