Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-997/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı X4 nümayəndəsi və vəkili X2 və cavabdeh X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4236/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh X3 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4236/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia tələbinin təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3895/2018 nömrəli, 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş hər uşağa görə 154 manat olmaqla ümumilikdə 308 manat miqdarında alimentin artırılması; xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat miqdarında sabit pul məbləğində alimentin cavabdeh X1 tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Cavabdeh X8 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Konstitusiyanın 60-cı maddəsinin İ və İV hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 125-ci maddəsinin İİ hissəsinə əsasən məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 153.2., 153.2.1-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının: 8.4-2-ci bəndi. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3-cü bəndi. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına 20 dekabr 2024-cü ildə edilmiş dəyişikliyə əsasən 8.4-cü bəndinə 8.4-2 və 8-4.3-cü yarımbəndləri əlavə edilmişdir. Həmin yarımbəndlərin tələbinə görə...qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı iddianın məzmunundan açıq-aşkar bəlli olur ki, o minimum əmək haqqı məbləğinin artımına əsaslanır, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Ona görə də bu məsələnin icra icraatı qaydasında həll edilməli olması nəzərə alınmalı və iddia ərizəsi artıq icraata qəbul edilərək mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edildiyindən qətnamə ləğv edilməli və MPM-in 261.0.1ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-4236/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və məhkəmədə baxılmalı olmadığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5 və 387.2.8ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4236/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və məhkəmədə baxılmalı olmadığına görə hazırkı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-997/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-997/2025
27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver