Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9971/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(008)-28/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), cavabdehlərdən onun xeyrinə 723,07 ABŞ dolları əsas, 273,35 ABŞ dolları faiz, 585,17 ABŞ dolları cərimə və 122.5 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, cəmi 1704.09 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 15.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 24 faiz dərəcəsi ilə 15.10.2016-cı il tarixədək 3000 ABŞ dolları məbləğində kredit verilmiş, aralarında ödəniş qrafiki razılaşdırılmıç və Cavabdeh1 tərəfindən həmin tarixli zaminlik müqaviləsi ilə borcun ödənilməsinə təminat verilmişdir. Buna baxmayaraq, borclu öhdəliyini lazımi qaydada icra etməmiş və tələbdə qeyd olunan məbləğlərdə borcu qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(008)- 28/2021 saylı qətnaməsi ilə (hakim Zaur Hacıyev) cavabdehlərdən müştərək qaydada 723.07 ABŞ dolları əsas, 273.35 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, 122.50 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla, cəmi 1168,92 ABŞ dollarının (ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçının hesabına ödənilməsi, iddianın qalan hissədə rədd olunması, cavabdehlərdən müştərək qaydada ekspertizası tədqiqatının dəyəri kimi 140 manat alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh1, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, onun razılığı alınmadan 19.02.2016-cı il tarixdə kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklik edilməsi, zamin kimi ona qarşı tələb müddətinin bitməsi, kredit müqaviləsinin xarici valyuta ilə (ABŞ dolları) bağlanmasına baxmayaraq kredit məbləğinin manatla verilməsi və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən Cavabdeh1, apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmiş və suallara cavab olaraq bildirmişdir ki, borc alan onun işçisi olmuş və o, direktoru olduğu hüquqi şəxsin adından zamin durmuşdur. Kredit müqaviləsinin müddətinin uzadılmsından xəbəri olmamışdır. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmiş, suala cavab olaraq bildirmişdir ki, kredit müqaviləsinin müddəti uzadılarkən zaminin razılığının alınıbalınmadığı barədə məlumatı yoxdur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi hər iki cavabdehə münasibətdə qismən təmin olunmuş, iddiaçı və Cavabdeh2 qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə ləğv olunmalı, iddia ona aid hissədə rədd olunmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15.04.2015-ci il tarixli, 705 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 24 faiz dərəcəsi ilə 18 ay müddətinə - 15.10.2016-cı il tarixədək 3000 ABŞ dolları məbləğində kredit verilmiş, eyni tarixdə İddiaçı, Cavabdeh2 və "xxxx" Şirkətinin direktoru Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə görə, bu müqavilənin məzmunu zamninin bank qarşısında borclunun 15.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə daşıdığı məsuliyyət təşkil edir. Zamin bank qarşısında borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər zaiyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə borc alan kimi tam məsuliyyət daşıyır. Həmin müqavilənin 3.2-ci bəndinə görə, zaminlik müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya ona əlavələr tərəflərin yazılığı razılığı əsasında həyata keçirilir. 19.02.201-cı il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15.04.2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, müqavilənin müddəti 15.10.2017-ci il tarixədək uzadılmış, kreditdən istifadəyə görə faizlərin hesablanması hər ayın 30 günü hesabı ilə götürülməklə hər ayın 15-dən gec olmayaraq, alınmış ssuda üzrə hesablanmış faizlərin və əsas borcun isə 15.10.2017-ci il tarədək tam şəkildə ödənilməsi razılşadırılmışdır. Həmin əlavə saziş və yeni ödəniş cədvəli zaminlə razılaşdırılmamışdır. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, İddiaçı, Cavabdeh1 kredit borcunun tutulmamasını tələb etməkdə haqlı deyildir. İlk növbədə qeyd olunmalıdır ki, iddia, zamin kimi ona cavab verməli olan şəxsə qarşı irəli sürülməmişdir. Çünki, MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırkı işdə iddiaçının zamindən də kredit borcunun tutulmasını tələb etdiyi zaminlik müqaviləsi onunla Cavabdeh1 arasında fiziki şəxs kimi deyil, "xxxx" Şirkətinin direktoru kimi bağlanmış və Şirkətin direktoru tərəfindən imzlanmaqla, eyni zamanda hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur. Başqa sözlə, müqavilə üzrə tərəf kimi "xxxx" Şirkəti çıxış etmişdir. İddiaçı isə əsassız olaraq zamin kimi hüquqi şəxsin direktoruna qarşı tələb irəli sürmüşdür. Bu hal isə, iddianın cavabdeh kimi Cavabdeh1 qarşı rədd edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində bu halı mübahisələndirməsə də, hər bir halda şikayətin dəlillərindən asılı olmayaraq müqavilə üzrə zaminin kim olması müəyyən edilməli, iddiaçının zamin kimi göstərdiyi şəxsə qarşı tələb hüququnun olub-olmaması yoxlanılmalıdır. Bununla yanaşı, hətta şərti olaraq Cavabdeh1 zamin kimi qəbul edilsə belə, yəni zaminlik müqaviləsinin məhz Cavabdeh1 ilə bağlanması ehtimal olunsa belə iddia aşağıdakılara əsasən yenə də ona qarşı təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsinin keçərli olması üçün onun yazılı şəkildə bağlanması (MM, maddə 471), tərtib edilən müqavilədə kreditorun və əsas borclunun adları, əsas öhdəliyin məzmunu, həcmi və hüquqi səbəbinin aydın şəkildə göstərilməsi (yaxud müəyyən edilə bilən olması) vacibdir. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarı). Mülki Məcəllənin 472.2-ci maddəsi, zaminin borclu ilə birgə daşıdığı məsuliyyətin həcmi üçün faiz dərəcəsini xüsusi olaraq nəzərdə tutmuşdur. Həmin maddəyə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, bəzi müqavilələrin (o cümlədən zaminlik müqaviləsinin) yazılı bağlanması və orada mühüm şərtlərin əks olunması əqdin forma şərtidir və bu şərtə əməl edilməməsi onun hüquqi müstəvidə keçərsiz olması nəticəsini yaradır (MM, maddə 329, 337.1, 405). Kredit müqaviləsi üzrə faiz dərəcəsinin müqavilənin mühüm şərti olmasını, eləcə də kredit öhdəliyinə şəxsi təminat verən zaminin məsuliyyətinin həcminin müəyyən edilə bilməsi üçün mühüm şərtlərin müqavilədə göstərilməsi zərurətini Konstitusiya Məhkəməsinin Plenumu da «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 31 may 2018-ci il tarixli qərarında vurğulamışdır. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, “...zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. ...kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır”. Zaminliyə xitam verilməsi əsasları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu, «Banklar haqqında» Qanunun 1.0.9-cu, «İpoteka haqqında» Qanunun 10.5, 14 və 48-ci maddələrinin və Mülki Məcəllənin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, MM-in 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 zamin kimi mülki məsuliyyəti mövcud deyildir. O, kredit müqaviləsinin müddətinin uzadılması və faizlərin hesablanması qaydasının dəyişdirilməsi barədə əlavənin şərtləri ilə ümumiyyətlə tanış edilməmiş, bu istiqamətdə onun razılığı alınmamışdır. Bu hal isə, istər mülki qanunvericilikdə nəzərdə tutulmuş normaların tələbləri, istərsə də Konstitusiya Məhkəməsinin yuxarıda öz əksini tapmış şərhlərindəki hüquqi mövqeyi baxımından Cavabdeh1 zamin kimi mülki məsuliyyətinin olmaması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış, iddianı qeyd olunan cavabdehə münasibətdə təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı (apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən), birinci instansiya məhkəməsinin qətnaməsi qismən yəni, Cavabdeh1 aid hissədə ləğv edilməli və iddia ona aid hissədə rədd olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(008)-28/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(008)- 28/2021 saylı qətnaməsi qismən, yəni – iddianın və məhkəmə xərclərinin Cavabdeh1 aid hissələrində (Cavabdeh1 723.07 ABŞ dolları əsas, 273.35 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 122.50 ABŞ dolları, cəmi 1168,92 ABŞ dollarının (ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə) və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı-nin hesabına və ekspertizası tədqiqatının dəyəri kimi 140 manat alınaraq dövlət büdcəsinə ödənilməsi) ləğv edilsin, iddia qeyd edilən hissələrdə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9971/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9971/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver