Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9974/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” 2(008)-9974/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5058,14 manat əsas, 1555,51 manat faiz, 3697,33 manat cərimə, 741,30 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 11052,28 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan “Mersedes bens C220 CDİ” minik markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra - Bank) ilə Cavabdeh arasında bağlanmış 29.01.2014-cü il tarixli, 3120 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 22% ödənilmək şərti ilə 8500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan “Mersedes Bens C220 CDİ” minik markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 29.01.2014-cü il tarixli, 3120 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzəriə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. Kredit müqaviləsinə əsasən cavabdehin banka ödənilməmiş 5058,14 manat əsas, 1555,51 manat faiz, 3697,33 manat cərimə, 741,30 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 11052,28 manat borcu mövcuddur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 5058,14 manat əsas, 1555,51 manat faiz, 300 manat cərimə, 741,30 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 7654,95 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan “Mersedes Bens C220 CDİ” minik markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaiint kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, “Mersedes Bens C220 CDİ” minik markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 7000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin cərimə məbləğinin tutulması hissəsində və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilərək, Bankın iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrakinə uygun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 32% faizi ödəyir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən 3697,33 manat cərimə borcunu tam təmin etməmişdir. Məhkəmə tərəfindən qeyd olunan avtomobilin faktiki vəziyyətini bilmədən qiymət qoyulması məqsədəmüvafiq deyil. Çünki ipoteka predmeti olan avtomobil borclu tərəfindən istifadə edildikcə qiyməti dəyişir. Buna yürüşün artması, digər amortizasiya xərcləri və bir sıra müxtəlif faktorlar təsir edə bilər. Həmçinin həmin avtomobildən istifadə edilməsinə davam edildiyi halda qəzaya uğramaq və ya qeyri-rəsmi (etibarnamə yolu ilə) digər şəxsə avtomobilin satılmaq ehtimalı yaranır. Bu əsasları nəzərə alaraq əmlakın hazırki mərhələdə qiymətləndirilməsi əsassızdır və bu hissədə qətnamə ləğv olunmalıdır. İpoteka saxlayanla ipoteka qoyan arasında razılaşma hər hansı yazılı sənəd əsasında müəyyən olunmalıdır, tərəflərin iradə ifadəsi rəsmi qaydada, onların imzaları ilə fiksə olunmalıdır. Lakin hazırkı iş üzrə məhkəmə qətnamə qəbul edərkən tərəflərin yazılı razılığını almamışdır. Bununla da, əmlaka yüksək qiymət qoyulmuşdur. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatdırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında təmsil edilməmiş, bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı qətnamə tutulan cərimə məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində yoxlanılır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bank ilə Cavabdeh arasında 29.01.2014-cü il tarixli, 3120 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 22%-lə 36 ay müddətində 8500 manat məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib edilmişdir. Öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə bank ilə Cavabdeh arasında 29.01.2014-cü il tarixli, 3120 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan “Mersedes Bens C220 CDİ” minik markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. “Mersedes Bens C220 CDİ” minik markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur (AC seriyalı 080166 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti). İpoteka müqaviləsinə əsasən ipoteka predmeti tərəflərin razılığına əsasən 12000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmeti olan “Mersedes Bens C220 CDİ” minik markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası DİN BDYPİ X1 qeydiyyata alınmışdır (BDYPİ X2 tərəfindən verilmiş 29.01.2014-cü il tarixli, AA 116846 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış). Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında göndərilmiş bildirişin qeydə alınması haqqında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə 25.12.2019-cu il tarixli məktub göndərilmişdir. Bank ilə Cavabdeh arasında bağlanımış 29.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə 24.12.2019-cu il tarixinə 5058,14 manat əsas, 1555,51 manat faiz, 3697,33 manat cərimə, 741,30 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği, cəmi 11052,28 manat borc (Bankın məhkəməyə təqdim etmək üçün tərtib etdiyi 29.12.2019-cu il tarixli arayışı) hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 309.1.-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, iş üzrə iddiaçı öz öhdəliklərini lazımı qaydada icra etsə də, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri icra etmədiyi üçün cərimə məbləği tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi Cavabdeh 300 manat məbləğində cərimə pulunun tutulması barədə düzgün nəticəyə gəlmişdir, bu səbəbdən apellyasiya şikayəti həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmamaqda haqlı olmuşdur. Çünki ipoteka predmeti olan nəqliyyat vasitəsinin real vəziyyəti araşdırılmadan onun ilkin satış qiyməti müəyyən edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(008)- 2512021 saylı qətnaməsi mübahisələndirilən hissədə avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(008)-2512021 saylı qətnaməsi mübahisələndirilən hissədə - avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9974/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9974/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver