Məhkəmə qərarları › İş №2(103)-9978/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9978/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9978/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulmasına dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-278/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Ləğv prosesində olan "xxxx" ASC məhkəməyə Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə müraciət edərək 03.02.2014-cü il tarixli 66861002 ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-dən illik 28 %-lə 36 ay müddətinə 70000 manat məbləğində kredit götürdüyünü və borcu vaxtında ödəmədiyinə görə 4697,81 manat əsas, müqavilə müddəti üçün hesablanmış 4103,11 manat faiz, 6089,36 manat cərimə, 13.01.2020-ci nil tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 698,10 manat borc, ümumilikdə 15588,38 manat məbləğində pul ödəməli olduğunu bildirmiş, həmin pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-278/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 4697,36 manat əsas, 1781,56 manat faiz borcu, 100 manat cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 698,10 manat, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6608,92 (altı min altı yüz səkkiz manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq, ləğv prosesində olan "xxxx" ASC-nin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. "xxxx" ASC Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-278/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin əsas borc, faiz borcu, və cərimənin təmin edilməyən hissəsində ləğv edilərək Bankın iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. "xxxx" ASC-nin apellyasiya şikayəti qətnamənin əsas borc, faiz borcu, və cərimənin təmin edilməyən hissəsində ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun mübahisələndirilən hissəsində yoxlanılmalıdır. "xxxx" ASC-nin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinin əsası kimi iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinin qabaqcadan heç bir qüvvəsinin olmamasına, məhkəmənin həmin rəyi mötəbər sübut kimi qiymətləndirməsinin səhv olmasına, həmçinin məhkəmənin dəbbə pulunu azaldarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə riayət etməməsinə əsaslanmışdııır. Apellyasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində ekspert rəyinin mötəbər olmamasına istinad edilsə də məhkəməyə bu barədə heç bie sübut təqdim olunmamışdır. Mülki işdə ekspert rəyinin mötəbərliyinə şübhə sala biləcək heç bir sübut mövcud deyildir. Bundan əlavə birinci instansiya məhkəməsi "xxxx" ASC tərəfindən tələb olunan 4697,81 manat əsas borca münasibətdə 6089,36 manat cəriməni yüksək məbləğ kimi dəyərləndirməkdə haqlı olsa da, cəriməni 1000 manata endirməklə tənasüblülüyü pozmuşdur. Azərbaycan Respublikası mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin maddənin tələblərinə riayət etməmişdir. Qeyd olunanlara əsasən apelllyasiya şikayəti qismən təmin edilməli birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi cəriməyə görə tutulan məbləğ hissəsində dəyişdirilərək cərimənin məbləği 500 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “Ləğv prosesində olan "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-278/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsi cəriməyə görə tutulan məbləğ hissəsində dəyişdirilərək cərimənin məbləği 500 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar