Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9979/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “faiz borcunun, əldən çıxmış faydanın və penyanın ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 13.09.2011-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə cavabdehdən (borcalandan) iddiaçının (borcverənin) xeyrinə göstərilən məbləğlərin tutulması barədə tələb irəli sürülüb: 1) kreditin qaytarılma müddəti başa çatdığı 13.09.2014-cü il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 25 faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 4.298,14 manat məbləğində adi faizlər üzrə borc; 2) 13.09.2014-cü il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 26.12.2014-cü il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 170,74 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi; 3) 26.12.2014-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 2.714,77 manat məbləğində penya. Cəmi 7.183,65 manat. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında bağlanmış 13.09.2011-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 14.000 manat kredit verib. Kredit 36 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 25 faiz müəyyən olunub. Kredit öhdəliyinin icrası ipoteka ilə təmin olunub. Kredit öhdəliyi pozulduğuna görə ipoteka predmetinə - Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus № 46-da yerləşən 3 №-li mənzilə tutma yönəldilib və 16.10.2014-cü il tarixdə mənzil 19.125 manat qiymətlə iddiaçının mülkiyyətinə keçib, iddiaçı tələbin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunub. Kredit müqaviləsi üzrə əsas borc tam ödənilib. İddia ərizəsində 3 tələb irəli sürülüb. 1-ci tələblə bağlı məhkəmə qeyd edir ki, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamənin qəbul edilməsi ilə kredit müqaviləsi ləğv edilib. İddiaçı kredit müqaviləsində göstərilmiş faizi kredit müqaviləsinin ləğv edildiyi tarixdən sonrakı dövr üçün “adi faiz” adı ilə tələb edə bilməz, çünki həmin faizin ödənilməsini müəyyən edən müqavilə şərti kredit müqaviləsi ilə birlikdə ləğv edilib. İddiaçı qətnamənin surətini məhkəməyə təqdim etmədiyinə görə kredit müqaviləsinin hansı tarixdə ləğv edildiyini müəyyən etmək mümkün deyil. Ona görə də qeyri-müəyyənlik iddiaçının əleyhinə qiymətləndirilməlidir, yəni tələb təmin oluna bilməz. 2-ci tələblə bağlı məhkəmə qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edərək 5 faizin ödənilməsini tələb edir. Bu maddədə göstərilmiş “5 faiz” dəbbə puludur. Belə ki, maddə “borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə” ifadəsi ilə başlayır, gecikməyə görə ödənilən pul isə dəbbə puludur. Müvafiq olaraq Mülki Məcəllənin 462.1-ci maddəsində dəbbə puluna verilmiş anlayışdan görünür ki, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği dəbbə puludur. Dəbbə pulunun ödənilməsi yalnız müqavilə ilə deyil, həm də qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Lakin iddiaçı dəbbə pulu tələb etməklə hüququndan sui-istifadə edir. Belə ki, Mülki Məcəllənin 560.3.3-cü maddəsinə görə müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifdə sayılır. İddiaçı krediti yüksək faizlə (25 faizlə) cavabdehə verib, ipoteka predmetini isə aşağı qiymətlə (ilkin satış qiymətindən 15 faiz aşağı qiymət + təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymət) əldə edib. İddiaçının ipoteka predmetinə tutma yönəltməsinə cavabdehin mane olduğu (onun qərəzi və ya kobud ehtiyatsızlığı) müəyyən olunmur. Mülki Məcəllənin 560.2ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir. Ona gördə tələb təmin oluna bilməz. 3-cü tələblə bağlı məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsinin 2.3-cü bəndinə istinad edərək 15 faiz tələb edir. Həmin 15 faiz müqavilə ilə müəyyən olunmuş dəbbə puludur (cərimədir). İddiaçı müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etməklə hüququndan sui-istifdə edir. Ona görə də 2-ci tələbin rədd edilməsi üçün yuxarıda qeyd olunan hüquqi əsaslandırma 3-cü tələbə də aiddir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9979/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9979/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver