Məhkəmə qərarları › İş №2(103)-998/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-998/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-998/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(002)-2251/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 1103,46 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1133,46 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə görə - Cavabdeh İddiaçı ASC tərəfindən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə nəticədə xx.xx.2020-ci il tarixinə abonentin 1103,46 manat borcu qalmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş və yazılı xəbərdarlıq göndərilmiş, lakin cavabdeh istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. Cavabdehin yaşadığı ünvanda sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır, həmin dövrə qədər abonet sudan sayğac olmadan istifadə etmişdir, həmin sudan istifadəyə görə isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunmuş qaydada hesablanmış aylıq abunə haqqını ödəməmişdir. Belə ki, müvafiq qərara əsasən sayğaç olmayanda ailə tərkibinə əsasən borc hesablanır, cavabdehin ailə tərkibi isə 3 nəfərdən ibarətdir, bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr hesablanır, su təchizatına görə 0,35 qəpik, tullantı sularının axıdılmasına görə 0,15 qəpik olmaqla, ümumi su sərfiyytaına görə 1 nəfər üçün aylıq məbləğ 50 qəpik məbləğində hesablanır, una uyğun olaraq cavabdeh qismində çıxış edən abonent barəsində 2011-ci ildən xx.xx.2019-cu il tarixə kimi, yəni sayğac quraşdırlana kimi, məhz bu qaydada suya görə aylıq abunə haqqı hesablanmışdır, 2019-cu ilin göstəriln tarixindən sonra isə sayğac üzrə hesablanmışdır, 2011-ci ildən xx.xx.2020-ci ilə qədər olan ümumi borcu 1103.46 manat məbləğ təşkil etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(002)- 2251/2020 saylı qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia qismən təmin olunmuş, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 636,8 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində əsassız olması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, yaşadığı evdə əvvəllər sayğac quraşdırılmaması, sayğac olmadığından ödənişlər etməməsi, yalnız 2019-cu ildə sayğac quraşdırılması, ondan sonra ödəniş etməyə başlaması, əvvəlki dövrlərə görə 3 nəfər qeydiyyatda olan şəxslərə görə sərfiyyat hesablanması, lakin əvvəllər evdə yaşayış olmaması, oğlunun xəstəliyi ilə əlaqədar Tovuz rayonunda yaşaması, 2017-ci ildən etibarən ünvanda yaşaması, əvvəlki dövrlər üçün pul ödəməli olmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə, həmçinin birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, əvvəllər qeydiyyatda olduğu ünvanda yaşamasa da, bu barədə rəsmi olaraq İddiaçı ASC-yə məlumat verməmiş, yalnız şifahi olaraq demişdir. Lakin, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir. 2019-cu il tarixədək evində su sayğacı quraşdırılmadığından, su pulu ödəməmişdir. Hesab edir ki, qeydiyyatda olan şəxslərin sayına görə pul hesablanması düz deyildir, onlar faktiki olaraq evdə yaşamamış, sudan istifadə etməmişlər. Bu səbəbdən də əvvəlki dövrlər üzrə hər hansı pul ödəməli deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan abonent kartının surətindən görünür ki, 25991838 abonent kodu olan abonentin borcları 2011-2020-ci illər üzrə hesablanaraq, 1103,46 manat borcu mövcuddur. İşdə olan abonent kartı məlumatlarının məzmunundan aydın olur ki, tərəflər arasında sudan istifadə olunmasına dair müqavilə xx.xx.2011-ci il tarixdə bağlanılmış, ailə tərkibi qismində 3 nəfər qeyd olunmuş, sayğacın quraşdırılma tarixi xx.xx.2019-cu il, sayğacın nömrəsi 19033966, plomp nömrəsi C047487 kimi qeyd olunmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh 7 iş günü müddətində borcun ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin, iş materiallarında olan arayışın məzmunundan aydın olur ki, Bakı şəhəri Qaradağ rayonu, Z.Qasımov küçəsi 58 saylı evin 14 saylı mənzilində Cavabdeh 3 nəfər ailə üzvi ilə birlikdə yaşayır. Göründüyü kimi, tərəflər arasında su təchizatı sistemindən su buraxlması və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi və xidmət haqqının ödənilməməsi ilə bağlı mübahisəli hüquq münasibətləri yaranmışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçı tərəfindən 2011-ci il tarixdən hazıradək cavabdehə su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. İddiaçı onun tərəfindən sudan istifadə olunmasına dair müqavilə üzrə 2011-ci il tarixdən xidmətlər göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin görülmüş xidmətlərə görə müəyyən eidlmiş aylıq bunə haqqını vaxtlı-vaxtında və lazımi qaydada ödəmədiyini, nəticədə qeyd olunan məbləğdə borcunun yarandığını əsas gətirərək, cavabdehə qarşı belə bir tələb irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmə iclasında cavabdehin veridyi izahatından aydın olur ki, onun tərəfindən 2011-ci il tarixdən indiyədək sudan istifadə etsə də, 2019-cu ilə qədər olan dövrdə sayağc quraşdırılmaıdğına görə aylıq abunə haqqını ödəməmiş, sonrakı dövrdə isə müəyyən ödənişlər etmişdir. Göründüyü kimi, cavabdeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə xidmət haqqını vaxtlı-vaxtında, lazimi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı borc öhdəliyi yaranmışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı yaranmış qalıq borcu xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində hər il üzrə **********140:25991838 nömrəli abonent kodu üzrə elektron abonent kartına daxil edilmiş, həmin dövr ərzində xx.xx.2011-xx.xx.2020-ci illər üzrə ümumilikdə qalıq borcu 1103,46 manat olduğu qeyd olunmuşdur. Məhkəmə cavabdehin iddiaçı qarşısında yarana borc öhdəliyinin məbləği ilə bağlı qeyd etmişdir ki, müvafiq abonent üzrə sayğac xx.xx.2019-cu il tarixdə quraşdırıldığndan, xx.xx.2011-ci il tarixdən həmin tarixədək olan müddət ərzində cavabdehin istifadə etdiyi su xidmətlərinə görə ödəməli olduğu aylıq abunə haqqının məbləği iddiaçı qismində çıxış edən su təchizatı müəssisəsinin özünün müəyyən etdiyi qaydada deyil, məhz qanununvericiliklə müəyyən olunmuş qaydada Tarif Şurasının müəyyən etdiyi 1 m3 sudan istifadəyə görə təsdiq edilmiş tarif əsasında hesablanmalıdır. Belə ki, iş materiallarından görünür ki, müvafiq qərar əsasında sayğac quraşdırılmadıqda 1 nəfər üçün aylıq su istehlakının 5 m3, habelə 1 m3 suyu qiymətinin 2011-2016-ci illər üzrə 0,30 manat, tullantı sularının axıdılmasına görə ximət haqqının qiyməti 0,6 manat, 2016-2019-cu illər üçün isə suyu qiymətinin 0,35 manat, tullantı sularının axıdılmasına görə xidmət haqqı məbləğinin 0,15 manat məbləğində olması müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan abonent haqqında məlumatlardan görünür ki, istehlakçı qismində həmin abonent üzrə 3 nəfər olduğu qeyd olunmuşdur. Belə olan halda, xx.xx.2011-ci il - xx.xx.2019-cu il tarix üzrə sudan istifadə edilməsinə görə xidmət haqqının məbləği qeyd olunan hallar əsas götürülməklə müəyyən edilməlidir. Yəni, istehalkçı qismində çıxış edən cavabdehin müvafiq abonent üzrə iddiaçı qarşısında xx.xx.2011-xx.xx.2019-cu il tarixlər üçün ödəməli olduğu sudan istifadəyə görə abunə haqqının məbləği xx.xx.2011-ci ildən xx.xx.2016-ci il tarixədək olan dövrü üçün (3 nəfər üçün sudan istifadə xidmətlərinə görə aylıq abunə haqqı məbləğinin 5,40 manat olmaqla, illik abunə haqqının məbləği 64,8 manat olmaqla) 283,30 manat, xx.xx.2016-cı ildən xx.xx.2019-cu il tarixədək olan dövr üçün (3 nəfər üçün sudan istifadə xidmətlərinə görə aylıq abunə haqqının məbləği 7,50 manat olmaqla, illik abunə haqqının məbləği 90 manat olmaqla) 279,50 manat olmaqla, ümumilikdə 562,80 manat məbləğində təşkil edir. Bundan əlavə, iş materiallarından görünür ki, istehlakçı qismində çıxış cavabdehin abonent üzrə xx.xx.2019-cu il tarixdə sayğac quraşdırılmışdır. Bu halda, cavabdehin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə müvafiq abonent üzrə sudan istifadəyə görə ödəməli olduğu aylıq abunə haqqının məbləği məhz sayğacın müvafiq göstəriciləri əsasında müəyyən edilməlidir. İş materiallarında olan müvafiq abonent məlumatlarından görünür ki, istehlakçı qismində çıxış edən cavabdeh tərəfindən su sərfiyatının 216 m3 olduğu, həmin sudan istifadəyə görə ödənilməli olan abunə haqqının məbləğinin ümumi 108 manat məbləğ olduğunu, cavabdeh tərəfindən 42 manat məbləğində abunə haqqı məbləğinin ödənildiyini, qalıq borcunun 66 manat məbləğ təşkil etdiyi qeyd olunmuşdur. Deməli, cavabdehin 2019-cu il üzrə ödəməli olduğu aylıq abunə haqqının məbləği 66 manat təşkil edir. Həmçinin, iş matetiallarında olan abonent məlumatlarından görünür ki, xx.xx.2020ci il üzrə cavabdehin su sərfiyyatı 113 m3, ödəməli olduğu abunə haqqının məbləği 56,5 manat, cavabdeh tərəfindən ödənilmiş abunə haqqının məbləğinin 48,50 manat təşkil etdiyini, qalıq borcunun 8 manat məbləğ təşkil etdiyi qeyd olunmuşdur. Deməli, cavabdehin xx.xx.2020-ci il üzrə sudan istifadəyə görə abunə haqqı borcunun məbləği 8 manat təşkil edir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən sudan istifadə edilməsinə dair xidmət haqqı məbləği üzrə müvafiq ödənişlər etdiyini bildirsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, cavabdehin müvafiq abonent üzrə sudan istifadəyə görə xidmət haqqı məbləğlərinin ödənilməsini, hansı məbləğdə ödənişlər etməsi halını yalnız abonent məlumatları əsasında müəyyən etmək mümkün olmuşdur. Bu halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş və müvafiq abonent məlumatında qeyd olunmuş, aşkar olan ödənilmiş abunə haqqı məbləğlərinin nəzərə alınması məqəsədmüvafiqdir. Beləliklə, birinci instansiya məhkəməsi iddanı qismən təmin edərkən belə nəticəyə gəlmişdir ki, cavabdehin müvafiq abonent üzrə sudan istifadə olunmasına dair ödəməli olduğu xidmət haqqının məbləği ümumilikdə 636,8 manat məbləğində (xx.xx.2011-xx.xx.2019cu illər üçün 562,80 manat, 2019-cu il üzrə 66 manat, 2020-ci il üzrə (xx.xx.2020-ci ilə qədər) 8 manat olmaqla) təşkil etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, həmçinin yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Su təchizatı və tullantı suları haqqında» Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 59-cu maddəsinin b bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi onun xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın (bundan sonra, Qaydalar) 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində SMPDK-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin Qaydaların 7.4-cü bəndinə əsaəsn əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Qanunvericiliyin təhlilindən aydın olur ki, istehlakçılar su təchizatı obyektlərindən istifadə etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada həmin istifadə edilmiş xidmətlərə görə müvafiq məbləğdə xidmət haqqını ödəmək vəzifəsini daşıyırlar. Həmçinin, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, istehlakçı istifadə etdiyi su təchizatı xidmətlərinə görə xidmət haqqını ödəmədikdə, su təchizatı müəssiəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə görülmüş xidmətin haqqının ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. Eyni zamanda qeyd olunan normaların təhlilindən aydın olur ki, tərəflər arasında su təchizatı obyektlərindən istifadə edilməsi ilə bağlı müvafiq müqavilə olmadıqda belə, istehlakçı su təchizatı obyektlərindən istifadə etdikdə, sudan istifadə edilməsi ilə bağlı ona göstərilmiş xidmətlərin haqqını ödəmək vəzifəsini daşıyır ki, bu vəzifə məhz istehlakçının həmin su təchiztı obyektindən istifadə etmək faktına asaslanır. Hər bir halda istehlakçı su təchizatı obyektlərinin istifadəsi ilə bağlı görülmüş xidmətlərin haqqını su təchizatı müəssisəinə ödəməlidir, əks təqdirdə bu istehlakçının su təchizatı müəssisəninin qarşısında həmin xidmətlərdən istifadə edilməsinə görə müvafiq məbləğdə xidmət haqqının ödənilməsi ilə bağlı mülki hüquqi məsuliyyətinin yaranmasına gətirib çıxarda bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxxxx 2007-ci il tarixli 04 nömrəli İddiaçı Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının və təsnifatının təsdiq edilməsi barədə Qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx xxxxxx 2011-ci il tarixli qərarına əsasən su təchizatına görə əhali istehlakçı qrupu üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə bir nəfər üçün 1m3 üzrə 0,30 qəpik, əhali istehlakçı qrupu üzrə tullantı sularının axıdılması bir nəfər üçün 1m3 üzrə 0,06 qəpik kimi müəyyən edilmişdir. Eyni zamanda Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası xx xxx 2016-cı il tarixli qərarının 4-cü bəndinə əsasən, sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilməsi qərara alınmışdır. Əhali istehlakçı qrupu üzrə Bakı, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə su təchizatına görə bir nəfər üçün 1m3 üzrə 0,35 qəpik, tullantı sularının axıdılması bir nəfər üçün 1m3 üzrə 0,15 qəpik kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlara, işin faktiki hallarına və qanunvericiliyin qeyd edilən normalarına əsasən cavabdeh sayğac quraşdırılmayan dövr üzrə də qanunvericiliyin tələblərinə uyğun qaydada (qeydiyyatda olan şəxslərin sayına görə) su istehlak normasını ödəmək vəzifəsini daşımışdır. Cavabdehin izahatından da (həmçinin, apellyasiya şikayətinin dəlillərindən) görünür ki, o, sayğac quraşdırılmayan dövr üzrə ödəniş etməmişdir. Bununla yanaşı, apellyasiya şikayətinin digər dəlili cavabdehin 2017-ci il tarixədək qeydiyyatda olan şəxslərin ünvanda yaşamaması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası həmin dəlilə də münasibət bildirərək qeyd edir ki, cavabdeh istər ünvanda yaşamaması, istərsə də qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olması ilə bağlı iddiaçı təşkilata vaxtında məlumat verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, Qaydaların 7.4-cü bəndinə əsaəsn mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin oluna bilməz. Şikayətin dəlilləri qətnamənin dəyişdirilməsinə və ya ləğvinə əsas ola bilməz. Qətnamə qanuni və əsaslıdır. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(002)-2251/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(002)- 2251/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar