Məhkəmə qərarları › İş №2(103)-998/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-998/2023

31.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-998/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin həcminin artırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2459/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1467/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 135 nömrəli nikah akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər bir uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, hər ay 240 (iki yüz qırx) manat sabit məbləğində alimentin tutularaq ödənilməsi müəyyən olunmuşdur.

2. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh qarşı Bakı şəhəri İmişli Rayon Məhkəməsinin 2(036)-1467/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa 193 manat, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 193 manat, ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X6 və xx.xx.2011-ci il tarixdə X5 dünyaya gəlmişdir. Nikahları xx.xx.2021-ci il tarixdə İmişli Rayon Məhkəməsinin 2(036)-1467/2021 saylı qətnaməsi ilə pozulmuşdur və birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2011ci il təvəllüdlü X5 onun himayəsinə verilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 120 (yüz iyirmi), ümümi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi müəyyən olunmuşdur. Hal-hazırda İmişli Rayon Məhkəməsi tərəfindən müəyyən olunmuş 240 manat aliment uşaqların heç bir tələbatının ödənilməsinə kifayət etmir. Bundan başqa qeyd etmək lazımdır ki, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu 193 manat müəyyən olunmuşdur.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-2459/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova), İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişikliklərin olması müəyyən edilmir və qeyd olunan hallar iddiaçı tərəfindən sübuta yetirilmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermədiyindən iddia tələbi əsassızdır və buna görə də iddia rədd edilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəllənin (bundan sonra - MM) 55.1, 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci, “Uşaq hüquqları haqqında” Qanunun 13 və 19cu, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119, 124, 216 və 220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

9. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

10. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işin halların tam araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə hec bir faktı əsaslandırmadan və onun subutlarını araşdırmadan qərar çıxarıb. Mülki işdə tələb qanunvericiliyə və işin faktiki hallarına uyğun olmamasına baxmayaraq, tələbin mövcud qanunvericiliyə uyğun olmaması qətnamədə öz əksini tapmamışdır. Maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmişdir. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

12. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

19. Maddə 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

20. Maddə 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

21. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

22. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

23. Maddə 75.1. Valideyinlər uşaqlarını saxlamağa borcludurlar.

24. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

25. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

26. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

27. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

28. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

29. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

30. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

31. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Birinci instansiya məhkəməsi cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişikliklərin olmasının müəyyən edilmədiyini, qeyd olunan halların iddiaçı tərəfindən sübuta yetirilmədiyini, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermədiyini qeyd edərək iddia tələbini əsassız hesab etmişdirir.

43. İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 2(036)-1467/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulmalı olan alimentin miqdarının artırılmasına dair iddiasının rədd edilməsi hissəsində qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilərək cavabdehdən tutulmalı olan alimentin artırılaraq hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən olunmasını xahiş etmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, işin müəyyən edilmiş hallarına tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün hüquqi qiymət verməmişdir. Ona görə də apelyasiya şikayətinin göstərilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

45. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 153-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun müəyyənləşdirilir. Əgər uşaqlarla ataananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər münasibətlərə, iddiaçının tələbi ilə, ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyi tətbiq oluna bilər.

46. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində, 2023-ci il üçün isə məbləğ 220 manat müəyyən edilmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikasında 2022-ci il üçün bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2459/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması tələbinə dair” iddiası təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İmişli Rayon Məhkəməsinin 2(036)-1467/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər bir uşaq üçün tutulan 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər bir uşaq üçün 193 (yüz doxsan üç) manat müəyyən edilməlidir.

48. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

49. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

50. Azərbaycan Rеspublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda İddiaçı mübahisələndirdiyi aliment məbləğinin bir illik qiyməti beş min manatdan az (120+120=240; 193+193=386; 386-240=146x12=1.752 manat), yəni 1.752 (min yeddi yüz əlli iki) manat təşkil edir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 112.1.3, 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2459/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması tələbinə dair” iddiası təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İmişli Rayon Məhkəməsinin 2(036)-1467/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər bir uşaq üçün tutulan 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər bir uşaq üçün 193 (yüz doxsan üç) manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar