Məhkəmə qərarları › İş №2(103)-9983/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9983/2021

03.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9983/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6069/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 19 sentyabr 2013-cu il tarixdə rəsmi nikaha daxil olmuş, hal hazırda məhkəmə tərəfindən nikahları pozulmşdur. Bu evlilikdən iki oğlan övladları dünyaya gəlmişdir. 20.11.2019-cı il tarixdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8292/2019 saylı qərarına əsasən cavabdeh Abbasov Cəlil Rasim oğlunun hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və hər ay hər bir uşaq ücün 50 manat sabit pul məbləğində cəmi 220 manat alimentin alınıb iddiaçıya verilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Hal hazırda iddiaçı uşaqları ilə birlikdə atasının evində yaşayır. Uşaqlar böyüdükcə problemləri də böyüyür. İddiaçı özü hal hazırda işləmir, ayaq ağrılarından əziyyət çəkir. Ailənin bütün ağırlğı iddiaçının üzərinə düşür. Başqa hec bir yerdən gəliri yoxdur. Ona görə də, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6069/2021 saylı 24 avqust 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli, 2(001)-8292/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh 08.02.2015-ci il təvəllüdlü Abbasov Həsən Cəmil oğlu və 08.02.2015-ci il təvəllüdlü Abbasov Hüseyn Cəmil oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və İddiaçı qızının iddiasının təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən ona xəbər verilmədən mülki-prosessual qanunvericiliyə ziddi olaraq məhkəmə iclasları keçirilmiş və qərar qəbul edilmişdir. Ona 24.08.2021-ci il tarixdə keçirilməli olan iclaslar barədə məhkəmə bildirişləri sentyabr ayının 6-sında poçt vasitəsilə çatırılmışdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən poçt xidmətinin işini nəzərə almadan və onu telefon vasitəsilə mlumatlandırmadan qərarlar qəbul edilib. Belə olan halda, bütün məhkəmə işləri iddiaçıların xeyrinə həll oluna bilər. Çəkişmə prinsipi nəzərə alınmadan. Qətnamə ilə üzərinə hər uşağa görə 175 manat məbləğində aliment müəyyən edilib. Qətnamə ilə ona hər iki uşağa faktiki 225 manat sabit pul məbləğində aliment ödənilməsi öhdəliyi qoyulmuşdur. Hakimin qətnamə onun sağlamlıq imkanlarının məhdud olması ilə bağlıdır. Hal-hazırda o məhz həmin məbləği həmin məbləği ödəmək üçün çalışır. Sağlam insanlardan fərqli olaraq aliment ödəmək mədiyyətini öz şəxsi dərmanlarından imtina edərək icra edir. Lakin, məhdud fiziki qabiliyyəti ona tam sağlam insan kimi işləməyə imkan vermir. Bu məbləğdən daha çox məbləğ qətnamənin icra olunmamasına gətirib çıxardacaqdır. O, ikinci qrup əlildir. Əsas xəstəliyi də bəynində olan problemlər ilə bağlıdır. Bütün bunların nəticəsi olaraq, sağ ayaq, sağ qol, görmə ilə bağlı problemlər ilə üz-üzədir. Bütün bunlara baxmayaraq, o övladlarına vaxtında çalışır məhkəmənin təyin etdiyi alimenti ödəyir. Aliment ödənişini etdiyinə görə bütün müalicəni dayandırmağa məcbur olmuşdur. Məlum olduğu kimi, aliment ona təyin edilən əlillik pensiyasından da tutulur. Əlavə olaraq hər uşağa o, 50 manat miqdarında da aliment ödəyir. Hal-hazırda tək yaşayır. Heç bir köməyi yoxdur. Keçmiş həyat yoldaşın onun bu xəstəliyi ilə başarmadı. Hətta bilə-bilə ki, o əlilldir alimentin artırılması ilə bağlı iddia da qaldırmışdır. Alimentin daha artıq məbləğdə ödənilməsi öhdəliyi onu çətin vəziyyətə salmaq ilə yanaşı, nevroloji vəziyyətinin pisləşməsinə səbəb olacaqdır və onun əmək qabiliyyətsiz olmağı bu məbləği ödəməyi mümkünsüz edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İİ qrup əlildir və 259 manat pensiya alır. Həmçinin yarım aklat işləməklə 175 manat da əmək haqqı alır. İİ qrup əlil olduğu üçün əlavə işdə işləyə bilmir və hazırkı aliment məbləğinin azaldılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6069/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 08.02.2015-ci il təvəllüdlü Abbasov Həsən Cəmil oğlu və 08.02.2015-ci il təvəllüdlü Abbasov Hüseyn Cəmil oğlunun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli, 2(001)-8292/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh 08.02.2015-ci il təvəllüdlü Abbasov Həsən Cəmil oğlu və 08.02.2015-ci il təvəllüdlü Abbasov Hüseyn Cəmil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş “Əlillik vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh 04.06.2014-cü il tarixdən müddətsiz İİ qrup əlildir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri 9 saylı Şəhər Poliklinikası Ambulator Kartadan Çıxarışdan görünür ki, Cavabdeh uşaqlıqdan xəstədur. 2001-ci ildən İİ qrup əlillik təyin olunub. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" şirkətinin 20.09.2021-ci il tarixli 395 nömrəli arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-də 16.06.2016-cı il tarixdən Xırdalan mebel fabrikinin Panel mebel istehsalı sexinin qablaşdırma sahəsində qablaşdırıcı (yarımştat) vəzifəsində işləyir və aylıq əmək haqqı 175 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə Sistemindən” Cavabdeh əlilliyə görə 259,7 manat pensiya "xxxx" MMC-də qablaşdırıcı (yarımştat) vəzifəsində işləyir və aylıq əmək haqqı 175 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İş materiallarından müəyyən olunur ki, Cavabdeh 04.06.2014-cü il tarixdən müddətsiz İİ qrup əlildir və "xxxx" MMC-də yarımştat qablaşdırıcı vəzifəsində işləyir. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh əlil olmaqla yalnız "xxxx" MMC-də yarımştat qablaşdırıcı vəzifəsində işləyir və başqa yerdə işləmək imkanında deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilərək 08.02.2015-ci il təvəllüdlü Abbasov Həsən Cəmil oğlu və 08.02.2015-ci il təvəllüdlü Abbasov Hüseyn Cəmil oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində müəyyənləşdirilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6069/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək həmin məbləğ hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6069/2021 saylı 24 avqust 2021ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək həmin məbləğ hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilisin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar