Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-999/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit üzrə borc” tələbinə dair ilk, "xxxx" MMC-nin cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “müqavilənin ləğvi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1936/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit üzrə pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 30823,13 manat əsas borc, 6049,58 manat faiz borcu olmaqla, ümumilikdə 36872,71 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 10 faizlə 180 ay müddətinə 36,210 manat məbləğində kredit götürmüşdür. "xxxx" MMC 15 aprel 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyəti öz üzərinə götürmüşdür. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsaslanaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Eyni zamanda "xxxx" MMC cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “müqavilənin ləğvi və s.” barədə qarşılıqlı iddia tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi, xx.xx.2015-ci il tarixli Təminatlı kredit Müqaviləsi üzrə ödənilməmiş 36872,71 manat məbləğində borcun müqabilində xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsi üztə təminat predmeti olan Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, ümumi sahəsi 61,9 kv.m. ibarət olan 1 otaqlı 112 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi, mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürüldükdən sonra "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının iddia tələbinin Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, ümumi sahəsi 61,9 kv.m. ibarət olan 1 otaqlı 112 nömrəli mənzilə dair bütün hüquqları "xxxx" ASC-yə ötürülməsi ilə əvəzləşdirilməsi daha ədalətli olardı. Çünki xx.xx.2015-ci il tarixli Təminatlı kredit müqaviləsinin təyinatı adından göründüyü kimi daxili ipoteka krediti olaraq mənzilin alınmasına yönəlmiş vəsaitdir. Ayrılmış kredit vəsaitinin geri qaytarılması mümkün olmadıqda həmin kredit vəsaitinə alınmış daşınmaz əmlak hesabına realizə olunması daha məqsədəmüvafiqdir. Bu səbəbdən sözügedən mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməsi daha düzgündür. Sonradan ilkin iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 30.823,13 manat əsas borc, 6.957,15 manat faiz borcu olmaqla, ümumilikdə 37.780,28 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1936/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən yaranmış 30.823,13 manat əsas borc, 6.050,92 manat faiz borcu olmaqla, ümumilikdə 37.780,28 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsinin Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 40 manat hissəsinin "xxxx" ASC-dən, 60 manat hissəsinin isə Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1936/2021 saylı qətnaməsinin ləğv edilərək, iddiaçı "xxxx"ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspert rəyini əsas götürərək Bankın tələbinin artırılması ərizəsini təmin etməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, ekspert rəyində rəy verilən əsas və faiz iddia ərizəsindəki qeyd olunan məbləğdə müəyyən olunmuşdur. Daha sonra bank tələb artırma ərizəsi verərək xx.xx.2021-ci il tarixdən sonrakı əsas borca hesablanmış əlavə faizlərlə birgə borc məbləğini dəqiqləşdirmişdir. İddia ərizəsi məhkəməyə verilərkən qüvvədə olan MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənədək iddianın əsasını və predmetini dəyişməyə, iddia tələbinin həcmini artırıb azaltmağa haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin artırılması ərizəsini nəzərə almaqla iddia tələbini tam təmin etməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmənin 10 fevral 2022-ci il tarixli iclasında ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın yeri və vaxtı qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız ilkin iddia tələbinin təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni yalnız ilkin iddia üzrə iddiaçı qeyd edilən hissədə mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməli, ilkin iddia tələbi tam təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən yaranmış 30823,13 manat əsas borc, 6957,15 manat faiz borcu olmaqla ümumilikdə 37780,28 manat borc və 30,40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab: AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 2-xxxx-2015-YS-AAAF-RO saylı xx.xx.2015-ci il tarixli «Kredit Müqaviləsi»ndən görünür ki, Bank Borc alana 36,210 AZN məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 10 faiz ödəməyi öhdəsinə götürür. Kredit 180 ay müddətinə verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli «Zaminlik Müqaviləsi»ndən görünür ki, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021- ci il tarixli 9/5680 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla əsas borc 30829,14 manat, faiz borcu 6050,92 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində düzgün nəticəyə gəlmiş olsa da, iddia tələbinin faiz borcu üzrə tam təmin edilməməsi hissəsində səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). İş materiallarında olan iddia tələbinin həcminin artırılması ilə bağlı ərizədən görünür ki, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 30.823,13 manat əsas borc, 6.957,15 manat faiz borcu olmaqla, ümumilikdə 37.780,28 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, məhkəmə tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmamış, cavabdehlərin banka olan əsas və faiz borcu iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd olunan məbləğdə təşkil etsə də, birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq iddia qismən təmin edilmişdir. İlkin iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1373 №-li rəyinə əsasən xx.xx.2021-ci il tarixə 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla əsas borcun 30829,14 manat, faiz borcunun 6.992,92 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin mühasibatlıq sahəsində xüsusi biliyinin olduğunu və rəydə müəyyən edilmiş məbləğin işin digər halları ilə uyğunluq təşkil etməsini nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdehlərin 2015-ci il tarixli kredit müqaviləsi üzrə 30829,14 manat əsas borc, 6.992,92 manat məbləğində faiz borcunun qalmasını işin hallarına uyğun sayır. Bununla yanaşı, kollegiya qeyd edir ki, ekspert rəyində faiz borcunun məbləği (6992,92 manat) iddiaçının tələb etdiyi faiz məbləğindən (6.957,15 manat) artıq müəyyən edilsə də, borcun məbləği ilə bağlı məhkəmənin qərarı iddia tələbi ilə bağlı olduğundan, borc məbləği iddia ərizəsində göstərilən həcmdə əsaslı hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı iddia üzrə bülə müstəsna hal müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı yə onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməli, ilkin iddia tələbi tam təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən yaranmış 30.823,13 manat əsas borc, 6.957,15 manat faiz borcu olmaqla, ümumilikdə 37.780,28 manat borc və 30,40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab: AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı apellyasiya baxışının predmetini iddianın təmin edilməyən hissəsi - 907,57 manat təşkil etdiyindən, bu iş üzrə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Belə ki, 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İlk iddia üzrə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1936/2021 saylı qətnaməsi qismən, ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilsin və ilkin iddia tələbi tam təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən yaranmış 30.823,13 manat əsas borc, 6.957,15 manat faiz borcu olmaqla, ümumilikdə 37.780,28 manat borc və 30,40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-nə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab: AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-999/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-999/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver