Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-999/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-999/2024 (Açar sözlər: aliment miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3206/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2014cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 dünyaya gəlmişlər.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5396/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə övladları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5396/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar və iki övladları vardır: xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1107/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş övladları onun yanında qalmışlar. Cavabdeh 17 fevral 2020-ci il tarixdən başlayaraq uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, 2022ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Uşaqların ehtiyaclarını ödəyə bilmək üçün 2022-ci ildə alimentin artırılmasına dair məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsi 2(103)-5396/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment ödənilməsinə qərar verilmişdir. Maddi vəziyyəti olduqca ağırdır, azyaşlı uşaqlara baxmaq və onların ehtiyaclarını ödəmək çox çətindir. Belə ki, uşaqların tədrisi və əlavə məşğələlərdə iştirakı üçün müvafiq məbləğdə ödənişlər gərəklidir. Cavabdeh isə alimentin miqdarının artırılmasını könüllü etmir. Bu səbəbdən də o, məhkəmədə iddia qaldırır ki, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh onun xeyrinə alimentin miqdarının artırılaraq hər uşağa görə 220 manat məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3206/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddianın qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5396/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78, 100.2, 112, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə,, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək iddianın tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı iddia ərizəsində və məhkəmədə göstərmişdir ki, ,maddi vəziyyəti olduqca ağırdır, azyaşlı uşaqlara baxmaq və onların ehtiyaclarını ödəmək çox çətindir, uşaqların tədrisi və əlavə məşğələlərdə iştirakı üçün müvafiq məbləğdə ödənişlər gərəkdir. Cavabdeh isə alimentin miqdarının artırılmasını könülü etmir. Cavabdehlə bir yerdə yaşayanda cavadeh uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 450 manat və daha çox məbləğdə pul xərcləyirdi. Amma indi isə bunu etmir, bu isə azyaşlı uşaqların hüquqların pozur. O cümlədən də “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Məhkəmə öz qətnaməsində bir daha vurğulayırki, “bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir”. Amma nəticədə hakim cəmi hər uşağa 7 manat olmaqla əvvəlki alimentin məbləğinin artırır. Əslində hakim iddianı tam olaraq təmin etməli idi, çünki bu iddia tələbi azyaşlı uşaqların mənafeyinə uyğun olaraq tərtib edilimiş və məhkəməyə təqdim olunmuşdur. Hesab edir ki, apellyasiya məhkəməsinin mülki kollegiyası apellyasiya şikayətini əsas götürüb iddianı təmin edən qətnamə qəbul etməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
12. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir
13. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
"Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı
21. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qərarda qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. İddiaçı qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək iddianın tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətlərindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşdur.
31. Bakı Apellyasiya Məhkəməsi 2(103)-5396/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 193.0 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
32. “AZEMİS” elektron məhkəmə informasiya sistemində Cavabdeh gəlir məlumatlarından onun satıcı işlədiyi və aylıq əmək haqqının 350 manat olduğu müəyyən olunur.
33. Göründüyü kimi iddiaçı alimentin artırılması ilə bağlı sonuncu məhkəmə qətnaməsinin qəbul olunmasından sonra özünün və ya cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin mövcud olunmasını sübut etməmişdir. Üstəlik məhkəmə araşdırması zamanı cavabdehin özünün əməkhaqqısının da öz həyat və şəraitinin normal qaydada aparılması üçün kifayət qədər aşağı olması da öz əksini tapmışdır. Buna görə də məhkəmə uşaqların mənafelərini nəzərə alarkən paralel olaraq cavabdehin də əmlak mənafelərini nəzərə almalı və iddianı həll edərkən bütün diqqətəlayiq halları məcmu halında qiymətləndirməlidir.
34. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılmaları üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər uşaq üçün 220 manatadək artırmaq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə də uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir.
35. Kollegiya yuxarıda qeyd edilən halları və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hər ay hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir və həmin məbləğin artırılması üçün əsaslar yoxdur.
36. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
38. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3206/2023 saylı, 18 oktyabr 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova