Məhkəmə qərarları › İş №2(104)-1/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1/2024 12.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 14 mart 2018ci il tarixli 2(021)-1481/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 21 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir;

2. 21 noyabr 2014-cü il tarixli, 115.CL.211114.00002/a nömrəli ipoteka müqaviləsindən görünür ki, 21 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59,6 kv.m yaşayış, 68,7 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1 nömrəli Əlavəsinə əsasən yaşayış evi 20000 manat, torpaq sahəsi 9400 manat olmaqla birlikdə ümumi qiyməti 29400 manat müəyyən edilmişdir;

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 fevral 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59,6 kv.m yaşayış, 68,7 kv.m köməkçi sahədən ibarət 114 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 123 nömrəli vərəqində qeydiyyata alınmışdır;

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 noyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə şəhəri, Heydər Əliyev prospekti 114 nömrəli fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə 24 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsinin təminatı kimi 21 noyabr 2014-cü il tarixdən 21 noyabr 2017-ci il tarixdək İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir;

5. "xxxx" MMC-nin 28 avqust 2018-ci il tarixli 0008/18 nömrəli rəydən görünür ki, Bərdə şəhəri Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 114 nömrəli fərdi yaşayış evinin dazar dəyəri 68000 manat təşkil edir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2018-ci il tarixli, 20080 nömrəli rəyindən görünür ki, Cavabdeh1 03 oktyabr 2017-ci il tarixə 13960,44 manat əsas, 749,26 ABŞ dolları əsas olmaqla cəmi 14709,70 ABŞ dolları borc təşkil edir.

7. "xxxx" MMC-nin 13 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 114 nömrəli fərdi yaşayış evinin 13 dekabr 2022-ci il tarixə bazar qiyməti torpaq sahəsi ilə birilikdə 146000 manat, likvid qiyməti isə 135000 manat müəyyən olunmuşdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 21 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsi üzrə 13855,79 manat əsas, 2201,56 manat faiz, 1728,28 manat cərimə olmaqla, cəmi 17785,63 manat borcun, 30 manat dövlət rüsumunun və bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat xərcin İddiaçı ASC-nin xeyrinə tutulması; Tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 114 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi; İpoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdə və həmin ev hərracda satıldıqdan bir ay sonra istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 21 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 36 ay müddətinə illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59,6 kv.m yaşayış, 68,7 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evini İddiaçı ASC-nin xeyrinə 21 noyabr 2014-cü il tarixli, 115.CL.211114.00002/a nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Borcalan Cavabdeh1 kredit müqaviləsinin şərtlərini dəfələrlə pozmuş və nəticədə ödənilməmiş 13855,79 manat əsas, 2201,56 manat faiz, 1728,28 manat cərimə olmaqla, cəmi 17785,63 manat borc yaranmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən bankın ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququ vardır.

10. Bərdə Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(021)-1481/2018 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 24 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsi üzrə 13855,79 manat əsas, 2201,56 manat faiz, 8,28 manat cərimə olmaqla, cəmi 16065,63 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat məbləğində xərcin tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi; Tutmanın 24 noyabr 2014-cü il tarixli, 115.CL.211114.00002/a nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59,6 kv.m yaşayış, 68,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməklə həmin ev torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması; Fərdi yaşayış evinin ilkin satış qiymətinin 20000 manat, torpaq sahəsinin ilkin satış qiymətinin isə 9400 manat məbləğində qiymətləndirilməklə tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 24 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə olan borcunun ödənilməsi; Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalan hissəsinin ipotekaqoyan Cavabdeh2 qaytarılması; Fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqda ən geci bir ay ərzində ev boşaldılması; İddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 317.2, 385.1, 442, 443.1, 448.1, 467, 739 maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1, 39.3, 59.3 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217, 218.3, 216-220, 227, 233, 358, 360-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, kredit ödənişləri nəzərə alınmamış və bank əsas, eləcədə faiz borcunu düzgün hesablanmamışdır. Ona görədə şişirdilmiş borcu müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. İpoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti daha yüksək olsada, 20000 manat müəyyən olunmuş və buda hazırki dəyərinə uyğun deyil. Həmçinin fədri yaşayış evi satıldıqdan sonra 1 ay müddətində cavabdehlərin çıxarılmaları gələcək mülkiyyətçiyə aid hüquqdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

17. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

18. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

19. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

26. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

29. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

30. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

31. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

32. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər.

33. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

34. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

“İpoteka haqqında” Qanun

35. Maddə 11. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.

36. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

37. Maddə 41. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.Hərrac açıq auksion formasında keçirilir.

38. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.

39. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.

40. Maddə 37.İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

46. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

48. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, qətnamə tamamilə mübahisələndirilmişdir. Ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması, eləcədə cəmi borcun tutulması hissələrdə dəyişdirilməlidir.

52. İşin halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 21 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsi bağlanmış və bunun əsasında sonuncuya 36 ay müddətinə illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh2 ilə bank arasında 21 noyabr 2014-cü il tarixli, 115.CL.211114.00002/a nömrəli ipoteka müqaviləsi bağlanmış və Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59,6 kv.m yaşayış, 68,7 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə kreditor üzərinə düşən öhdəlikləri yerinə yetiesədə, lakin borcalan Cavabdeh1 götürmüş öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görədə kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.

53. Borcun düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya hesab edir ki, şikayətin dəlili həmin hissədə qismən əsaslıdır. Belə ki, apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2018-ci il tarixli, 20080 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, 03 oktyabr 2017-ci il tarixə Cavabdeh1 13960,44 manat əsas, 749,26 manat faiz, cəmi 14709,70 manat (texniki səhv olaraq dollar yazılıb) borcu var.

54. Kreditor isə iddia tələbində borcalandan 21 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsi üzrə 13855,79 manat əsas, 2201,56 manat faiz, 1728,28 manat cərimə olmaqla, cəmi 17785,63 manat tələb etmişdir.

55. Göründüyü kimi faiz borc düzgün hesablanmamışdır. Ona görədə kollegiya hesab edir ki, qətnamə 2201,56 manat faiz borcunun tutulması hissədə dəyişdirilməli, faiz borcu 749,26 manat müəyyən dilməlidir. Qətnamə faiz borcu hissədə dəyişdirildiyindən kollegiya hesab edir ki, qətnamə 16065,63 manat cəmi borcun tutulması hissədə də dəyişdirilməli və cəmi borc 14613,33 manat müəyyən edilməlidir.

56. Ekspert rəyində əsas borc kreditorun tələb etdiyi məbləğdən çox müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də kollegiya hesab edir ki, əsas borca münasibətdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

57. Həmçinin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq cərimə borcunu azaltmaqda haqlı olmuşdur.

58. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin ilkin satış qiymətinin 20000 manat, torpaq sahəsinin ilkin satış qiymətinin isə 9400 manat müəyyən olunması hissədə apellyasiya şikayətinin dəlilini kollegiya əsaslı hesab edir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsində isə ilkin satış qiymətinin anlayışı verilmişdir: ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 59.Tərəflər arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli, 115.CL.211114.00002/a nömrəli ipoteka müqaviləsinin 1 nömrəli Əlavəsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59,6 kv.m yaşayış, 68,7 kv.m köməkçi sahəsindən ibarət 114 nömrəli fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə (torpaq sahəsi 9400 manat+fərdi yaşayış evi 20000 manat) cəmi 29400 manat qiymətləndirilmişdir. "xxxx" MMC-nin 28 avqust 2018-ci il tarixli 0008/18 nömrəli rəynə əsasən ipotaka predmetinin dazar dəyəri 68000 manat, "xxxx" MMCnin 13 dekabr 2022-ci il tarixli rəyi ilə isə Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 114 nömrəli fərdi yaşayış evinin 13 dekabr 2022ci il tarixə bazar qiyməti torpaq sahəsi ilə birilikdə 146000 manat, likvid qiyməti isə 135000 manat müəyyən olunmuşdur. İpoteka müqaviləsində razılaşdırılmış qiymətlə apellyasiya icraatı zamanı alınmış hər iki qiymətləndirmə rəyləri arasında kəskin fərq olduğundan əmlakın likvid dəyərinin qiymətləndirilməsi üzrə yenidən qiymətləndirmə keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/6258- 9/6384 nömrəli rəy ilə Bərdə şəhəri Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 59,3 kv.m yaşayış, 68,7 kv.m köməkçi sahədən ibarət 114 nömrəli fərdi yaşayış evinin likvid dəyəri təqribən 83000 manat müəyyən edilmişdir.

60. Alınmış qiymətləndirmə rəylərinə münasibətdə kollegiya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023cü il tarixli 3-16-16/2-10/6258-9/6384 nömrəli ekspert rəyini daha möhtəbər hesab edir. Bu da onu deməyə əsas verir ki, qətnamə fərdi yaşayış evinin ilkin satış qiymətinin 20000 manat, torpaq sahəsinin ilkin satış qiymətinin isə 9400 manat müəyyən edilməsi hissədə dəyişdirilməli və həmin hissədə ipoteka predmetinin (fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 torpaq sahisi) likvid satış dəyəri 83000 manat müəyyən edilməlidir.

61. Apellyasiya şikayətinin fədri yaşayış evi satıldıqdan sonra 1 ay müddətində cavabdehlərin çıxarılmaları gələcək mülkiyyətçiyə aiddir dəlilini kollegiya əsasız sayır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən həmin hissədə də düzgün nəticəyə gəlmişdir.

62. 04 sentyabr 2018-ci il tarixli 20080 nömrəli (məhkəmə-mühasibatlıq ekspertizası) və 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/6258-9/6384 nömrəli (tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası) ekspertiza xərcinə dair bildirişlərdən müəyyən olunur ki, aparılmış tədqiqatların ümumi dəyəri 245 (145+100=245) manat təşkil edir. Kollegiya hesab edir ki aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 245 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilməlidir.

63. Eləcədə ipoteka predmetinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 227 nömrəli hesab fakturasından müəyyən olunur ki, Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 114 nömrəli evin qiymətlənirilməsi ilə bağlı tədqiqatın dəyəri 350 manat təşkil edir. Ona görə də kollegiya hesab edir ki, aparılmış tədqiqatın dəyəri 350 manat Cavabdeh1 alınaraq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, m/h AZ03NABZ013501**********2944, kodu 805539, SWİFT Bik: İBAZAZ2X, H\h: AZ52İBAZ********************1 nömrəli hesaba ödənilməlidir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(021)-1481/2018 nömrəli qətnaməsi - 2201,56 manat faiz borcun, 16065,63 manat cəmi borcun, eləcədə ipoteka predmetinin - fərdi yaşayış evinin ilkin satış qiymətinin 20000 manat, torpaq sahəsinin ilkin satış qiymətinin isə 9400 manat qiymətləndirilməsi hissədə dəyişdirilsin. Həmin hissədə faiz borcu 749,26 manat, cəmi borc 14613,33 manat, ipoteka predmeti olan Bərdə şəhəri, Heydər Əliyev prospekti 114 nömrəli fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə likvid satış dəyəri 83000 manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 245 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilsin. Qiymətləndirməyə dair aparılmış tədqiqatın dəyəri 350 manat Cavabdeh1 alınaraq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, m/h AZ03NABZ013501**********2944, kodu 805539, SWİFT Bik: İBAZAZ2X, H\h: AZ52İBAZ********************1 nömrəli hesaba ödənilsin. 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc 21496,89 ABŞ dolları, 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli kredit müqaviləsi üzrə isə 49863,61 ABŞ dolları müəyyən edilməlidir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar